Rusiya «Rosatom» dövlət şirkətinin baş direktoru Sergey Kirienko İranın Buşəhr Atom Elektrik Stansiyası (AES) ilə bağlı açıqlama verib.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, baş direktor əminliklə bildirib ki, zəlzələdən sonra stansiya normal rejimlə işləyir və «ratahsızlığa əsas yoxdur».
Xatırladaq ki, Səudiyyə Ərəbistanı, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn və Qətərin daxil olduğu Körfəz Əməkdaşlıq Şurası İranda baş vermiş zəlzələnin Buşehr Atom Elektrik Stansiyasına təsirindən, bölgəyə radioaktiv sızması ehtimalından narahatlıqlarını bildirib.
Şuranın baş direktoru Əbdüllətif bin-Raşid əl-Ziyani Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən iclasda bu haqda bəyanat verib.
Şuranın İrandakı zəlzələyə həsr olunmuş növbədənkənar iclasında çıxış edən əl-Ziyani bildirib: «Biz Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdən Buşehr Atom Elektrik Stansiyasına mütəxəssislərdən ibarət bir heyət göndərməsini, zəlzələ nəticəsində stansiyanın zədələnməsinin yoxlamasını tələb edirik. Biz həmçinin İrandan beynəlxalq nüvə təhlükəsizliyi müqaviləsinə qoşulmasını, Buşehr Atom Elektrik Stansiyasının təhlükəsizliyi ilə bağlı dünya ictimaiyyətinə zəmanət verməsini tələb edirik».
Qeyd edək ki, aprelin 9-da İranın Buşehr əyəalətində Rixter şkalası üzrə 6,3 bal gücündə zəlzələ baş verib. Zəlzələ stansiyasının 90 kilometrliyində olub, əyalətin Şonbə və Təsuc bölgələrində onlarla güclü yeraltı təkan qeydə alınıb. Təbii fəlakətdə azı 37 nəfər həlak olduğu, 850 nəfər yaralandığı, 700 evin isə dağıldığı haqda rəsmi məlumat yayılıb.
Yeraltı təkanlar ölkənin Kiş adasında, Birləşmiş Ərəb Əmirliklərində (Dubay və Əbu-Dabi şəhərlərində) hiss edilib.