Rusiya da Avropadakı tədbirlərdə iştirak etməkdən imtina edib.
Lent.az-ın məlumatına görə, dünya ölkələrinin ard-arda Rusiyaya, bu ölkənin rəsmilərinə sanksiya tətbiq etməsi davam edir. Artıq dünyanın böyük şirkətlərinin bir neçəsi Rusiyada fəaliyyətini dayandırdığını açıqlayıb.
Eyni zamanda Rusiya bankları, oliqarxlar, hava yolları sanksiyalara məruz qalıb. Rusiya bu il keçirilməsi gözlənilən əksər beynəlxalq tədbirlərdən uzaqlaşdırılıb.
Bu gün isə Rusiya əks həmlə ilə çıxış etməyə başlayıb. Rusiya NATO-nun Norveçdə keçiriləcək təlimlərinə müşahidəçi göndərməkdən imtina edib.
Bu barədə Norveçin Müdafiə Nazirliyi məlumat yayıb. Nazirliyin sözçüsü bildirib ki, Rusiya tərəfi müraciəti nəzakətli şəkildə rədd edib. İmtinanın səbəbi izah edilməyib.
Qeyd edək ki, NATO-nun “Cold Response 2022” təlimləri martın ortalarından başlayaraq aprelədək davam edəcək. Norveçdə keçiriləcək təlimlərdə 27 ölkədən 30 000 hərbçinin iştirakı nəzərdə tutulub. Manevrləri hər il NATO-ya üzv olmayan ölkələrdən və ATƏT-dən yüzlərlə müşahidəçi izləyir. Rusiya indiyədək bu təlimlərə müşahidəçi göndərməkdən imtina etməyib.
Qeyd: Xəbərdə APA-nın hazırladığı mətndən istifadə olunub.