Haitinin paytaxtı Port-o-Prinsdə yerli dəstələr prezident sarayına hücum ediblər. Bu barədə ABC News məlumat yayıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, bundan əlavə, əməllərini əvvəlcədən razılaşdıran cinayətkarlar Daxili İşlər Nazirliyinin və polis idarəsinin binasına da soxulublar. Şəhər atəşə tutulub, partlayış səsləri eşidilib.
Port-au-Prinsdəki prezident sarayı 2021-ci ilin iyulunda prezident Jovenel Moisenin güllələnməsindən sonra boş qalıb. 2010-cu ildə baş verən güclü zəlzələ kompleksin çox hissəsini dağıdıb, əksər hissələrini yararsız hala salıb. Bununla belə, o, Haiti federal administrasiyasının simvolu olaraq qalır və 24 saat mühafizə olunur.
Qeyd edək ki, martın 3-də silahlı dəstələrin Haitinin əsas həbsxanasına hücum etdiyi və yüzlərlə məhbusu azad etdiyi bildirilir. Obyektə hücum zamanı itkilər barədə daha əvvəl məlumat verilməyib.