Dünya tarixində ən dəhşətli qatar qəzaları
21 oktyabr 2012 05:00 (UTC +04:00)

Dünya tarixində ən dəhşətli qatar qəzaları

2004-cü Şri-Lanka, 1700 ölü

2004-cü il, dekabrın 24-də Hind okeanında baş vermiş zəlzələ sunami yaradır. Şri-Lankada sahilə yaxın dəmir yolu xətti də su altında qalır. “Dəniz kraliçası” adlanan qatar suyun içində dayanmağa məcbur olur. Yaxınlıqda yaşayan yüzlərlə sakin də təhlükəsiz yer bilib, qatarın vaqonlarına, banına dırmaşmağa başlayırlar. Amma sunaminin ikinci dalğası qatarı çevirib aparır. 1700 nəfər ölür. Ölənlərin əksəriyyəti qapıları aça bilməyib vaqonda boğulanlardı.

1981 Hindistan, Bihar ştatı 800-1000 ölü

1981-ci il iyunun 6-da sərnişin qatarı körpünün üstündə relsdən çıxır və Baqmati çayına düşür. Sudan yalnız 200 meyiti çıxarmaq mümkün olur.

1917-ci il Fransa 600-1000 ölü

Birinci Dünya Müharibəsi zamanı - 1917-ci il dekabrın 12-də normadan artıq yüklənmiş və 800-1000 arası fransız əsgərini daşıyan qatar Fransanın cənubunda – Modane yaxınlığında qəzaya uğrayır.

Əyləc sistemi sıradan çıxmış qatar dərəyə düşür. Qəza zamanı yanğın da baş verdiyindən ölənlər arasında yalnız 425-nin şəxsiyyətini müəyyən etmək mümkün olur.

1917 –ci il Rumıniya 600-1000 ölü

1-ci Dünya Müharibəsi zamanı yaralı rus əsgərləri ilə dolu qatarın əyləc sistemi Rumıniyada – Ciurea dəmir yol stansiyasına enərkən sıradan çıxır. Maşinistlərin sürəti azaltmaq cəhdləri nəticə vermir və üzü aşağı hərəkət edən qatarın sürəti getdikcə artmağa başlayır, stansiyada eyni xətdə dayanmış qatarla toqquşmaq təhlükəsi yaranır. Maşinist qatarı digər xəttə keçirmək istəyəndə isə qatar aşır, yanğın baş verir...


1915-ci il Meksika 600-dən çox ölü

Meksika inqilabı zamanı - 1915-ci il yanvarın 22-də inqilab lideri Venustiano Carranza-ya sadiq əsgərlərin ailələri qatarla Colimadan Guadalajaraya yola düşürlər. 20 vaqonun hamısı ağzınacan dolu idi. Əyləcin sıradan çıxması nəticəsində qatar relsdən çıxıb dərəyə düşür. 900 nəfərdən yalnız 300-ü sağ qalır. Qəzada ailəsini itirmiş əsgərlərdən bəziləri bəd xəbəri alandan sonra intihar edir...

1989-xı il Rusiya, Ufa 575-645 arası ölü

Bu, SSRİ tarixində ən dəhşətli qatar qəzasıdır. Maye qaz kəməri sızdığı üçün dəmir yolu ətrafında oda həssas duman yaranır. Bir-birinin yanından keçən iki qatarın təkərlərindən çıxan qığılcım partlayışa səbəb olur. Qatarlardan biri məktəbliləri Qara dənizə istirahətə aparırmış, digəri isə oradan gətirirmiş. Baş verən partlayış 300 ton TNT ekvivalentində idi...


1944-cü il İtaliya 426 ölü

2-ci Dünya Müharibəsi zamanı – 1944-cü il martın 2-də Balvano yaxınlığında tuneldə ilişib qalan qatarın sərnişinləri mühərrikdən çıxan tüstüdəki karbon-monoksiddən zəhərlənib ölürlər.

Buna aşağı keyfiyyətli daş kömür səbəb olur. Müharibə zamanı yüksək keyfiyyətli daş kömür qıtlığı vardı.


1944-cü il Ispaniya 500-dən çöx ölü

1944-cü il yanvarın 3-də Torro del Bierzo yaxınlığında tuneldə 3 qatar toqquşur. Siyasi səbəblərə görə o zaman hökumət ölü sayını xeyli az göstərmişdi: 78 nəfər...

1985-ci il Efiopiya 428 ölü

Qatar çox yüksək sürətlə hərəkət etdiyi üçün relsdən çıxır, 5 vaqondan 4-ü dərəyə yuvarlanır. Sərnişinlərin təxminən yarısı ölür, daha 500 nəfər yaralanır.

Bu, Afrika tarixində ən ağır qatar qəzasıdır.


2002-ci il Misir, Azı 383 ölü

Yemək bişirmək üçün qaz balonunun partlaması nəticəsində qatarda yanğın başlayır. Ağzınacan dolu olan qatarın 7 vaqonu yanır.

Bir çoxu biletsiz olduğu üçün sərnişinlərin ümumi sayı sonacan bilinmədi. Ona görə ölü sayının 383-dən çox olduğunu deyənlər də var.

«Azadlıq» radiosu
# 1002

Oxşar yazılar