Bərk yığılmış saç düzümləri, xüsusilə yüksək at quyruğu və toppuzlar, ciddi narahatlıq yarada bilər – daimi baş ağrısından tutmuş boyunda əzələ gərginliyinə qədər.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, saç dərisinə uzunmüddətli təzyiqin ümumi sağlamlığa necə təsir etdiyini bilmək vacibdir.
Saç düzümü boyuna və onurğaya necə zərər verir?
Orta statistik insanın başı təxminən 4,5–5 kiloqram çəkir və başın mövqeyindəki kiçik dəyişikliklər belə boyun əzələləri və onurğa üçün yükü əhəmiyyətli dərəcədə artıra bilər.
Yüksək və bərk yığılmış at quyruqları saç dərisini və saçları yuxarı və arxaya dartaraq baş dərisinin fassiyasında (birləşdirici toxumada) gərginlik yaradır. Bu fassiya boyun və belin yuxarı hissəsinin əzələləri ilə birbaşa əlaqəlidir və bu gərginlik nəticəsində sərtləşib ağrıya səbəb ola bilər.
Qamətə və onurğaya təsiri
Yüksək və bərk at quyruğu boyun onurğasının düzülüşünə və qamətə təsir edə bilər. İnsanlar saç dərisindəki gərginliyi azaltmaq üçün başlarını qeyri-ixtiyari irəli çəkməyə başlayırlar. Bu da başın çiyinlərə paralel vəziyyətdən irəliyə əyilmiş pozaya keçməsinə səbəb olur.
Bu "irəliyə yönəlmiş baş" vəziyyəti boyun onurğasına təzyiq yaradır və zamanla boyun sərtliyi, kürəyin yuxarı və orta hissəsində ağrılar, gərginlikdən qaynaqlanan baş ağrıları və qozbel görünüş yarada bilər. Bərk yığılmış saç düzümü həmçinin başın arxa əzələlərində və boynun yuxarı hissəsində əzələ gərginliyinə və sinir sıxılmasına səbəb ola bilər.
Üzə olan təsirləri
Yüksək və bərk at quyruğu yalnız qamətə deyil, həm də çənə nahiyəsinə təsir edə bilər. Baş dərisinin fassiyası çənə əzələləri ilə əlaqəlidir, buna görə də bu cür saç düzümü çənədə gərginlik və temporomandibulyar oynaqlarda problemlərə səbəb ola bilər.
Çox bərk daraqla yığılmış saçlar gicgah nahiyəsində yerləşən çeynəmə əzələlərinə təzyiq yaradır və bu da çeynəmə funksiyalarında pozulma və ağrı ilə nəticələnə bilər.
At quyruğunun səbəb olub-olmadığını necə müəyyənləşdirmək olar?
Əgər saçınızı açdıqdan və ya daradıqdan sonra narahatlığınız azalırsa, bu, ağrının saç düzümündən qaynaqlandığının göstəricisidir.
Baş dərisində xüsusilə kəllə dibində və ya qulaqların arxasında həssaslıq, dartılma və ya yanma hissi varsa, bu da əlamətdir.
Nə etməli?
Parça saç rezinlərindən istifadə edin – bu, saçlara daha az dartılma təsiri edir. Saçlar bağlı halda yatmaqdan çəkinin – bu, saç folikullarında və saç dərisində gərginliyi azaldır.
Çənəni arxaya çəkərək düzgün qaməti bərpa etmək mümkündür: kürəyi düz saxlayın, çənəni azca arxaya çəkin, 5 saniyə saxlayın və bu hərəkəti 10 dəfə təkrarlayın.