2025-ci ilin yazında gözəllik sənayesində yeni bir trend yaranıb – "raffia bronde" adlanan saç rəngi. Bu rəng isti qızılı və bal tonlarının harmonik birləşməsidir və təbii, günəş işığı saçan bir görünüş yaradır. Rəngin adı raffiti adlanan təbii lifdən götürülüb – bu material açıq, saman rəngi ilə tanınır.
Lent.az xarici mediaya istinadla bu barədə əlumat verir:
Britaniyalı məşhur stilist Tom Smit bu çaları "bej rəngli raffia lifinə" bənzədir və qeyd edir ki, rəng nə çox parlaq, nə də çox solğun olduğu üçün il ərzində asanlıqla tənzimlənə bilər – yaz və yay üçün açıq, payız və qış üçün isə daha dərin və zəngin tonlara keçmək mümkündür.
Niyə məhz "raffia bronde?"
Bu rəngi təsəvvür edin: günəşli bir blondun istiliyi ilə qəhvəyə çalan rahat bir tonun birləşməsi, üzərinə isə karamelvari yüngül bir parlaqlıq əlavə olunub. Sanki təbii raffia lifindən hörülmüş zərif saman şlyapaların rəngi saçlara köçürülüb – bu da rəngin adının ilham mənbəyidir.
“Raffia bronde” boyama stili təbii və zərif keçidlər ilə seçilir. Bu saçlar parlaq və canlı görünür, gün işığında isə küləklə dalğalanan dəniz kimi müxtəlif bucaqlardan fərqli tonlar əks etdirir. Stilistlər qeyd edirlər ki, bu rəngi fərdi zövqə və mövsümə uyğun şəkildə tənzimləmək çox asandır.
Kimlərə yaraşır?
Bu çaların ən üstün cəhətlərindən biri demək olar ki, hər kəsə yaraşmasıdır. Saçınız düz, dalğalı və ya buruq olsa belə, "raffia bronde" saçın təbii quruluşunu ön plana çıxararaq həcm və yüngüllük verir. Məşhurlar arasında bu zərif boyamanın artıq bir çox pərəstişkarı var – Şakira, Mayli Sayrus və Holli Berri kimi stil ikonaları bu rəngi seçənlərdəndir. Bu da bir daha onun aktual və zövqlü olduğunu sübut edir.
Əgər yaz aylarında imicinizi təzələmək istəyirsinizsə, lakin kəskin dəyişikliklərə hazır deyilsəniz, “raffia bronde” ideal seçim ola bilər. Bu rəng təbiiliyi, dəbli görünüşü və rahat qulluq imkanları ilə seçilir. Digər tələbkar texnikalardan fərqli olaraq, tez-tez rəng yenilənməsi tələb etmir, bu da onu gündəlik həyatda olduqca praktik edir.