Ramilə Qurbanlının “Bizim filmlər” layihəsində “Ac həriflər”
Adları teatr və kino tariximizə həkk olunmuş bir çox rejissorlarımızı tamaşaçı kütləsi üzdən tanımır. Bəlkə də çoxlarının adları da artıq yaddaşlardan silinib. Tamaşaçı çox zaman kadr arxasında qalanların əməyi ilə deyil, görünən, üzdə olan aktyorla və onun işi ilə maraqlanır. Fərqinə çox az varırıq ki, aktyoru da, o işi də ərsəyə gətirən, yetişdirən rejissordur.
Bu baxımdan bütün rejissorları bir araya gətirib, onları yalnız işləri ilə deyil, simaları ilə də tarixə salan bir rejissor var. Söhbət Ramiz Həsənoğlu və onun televiziya tarixinə yazdığı “Ac həriflər” teletamaşasından gedir.
Artıq 26 ildir ki, o tamaşa ekranlarda sevilərək baxılır və hər baxılanda yeniymiş kimi qarşılanır.
Rejissorların elmi işi
Əbdürrəhim bəy Haqverdiyevin “Ac həriflər” əsəri istər oxucunun, istərsə də tamaşaçının yaddaşına onun dövlət televiziyasındakı tamaşa həlli ilə qalıb. Teletamaşanı bu janrda əvəzolunmaz rejissor Ramiz Həsənoğlu ərsəyə gətirib. Rejissor orta məktəbdə dram dərnəyində o tamaşada oynayandan əsərə vurulub. Sonralar, 90-cı illərin əvvəllərində İncəsənət Universitetində rejissorluqdan dərs deyirmiş. Rejissorluq kafedrası ildə bir dəfə elmi iş təhvil verməli imiş. Bu minvalla Ramiz Həsənoğlu təklif edir ki, birimiz rejissorluq etməklə “Ac həriflər”i tamaşaya qoyaq və qalanlarımız rolları bölüşək. Beləcə “Ac həriflər” tamaşası ilk dəfə radio tamaşa kimi Tofiq Tağızadənin rejissorluğu ilə ərsəyə gəlir. 2 il sonra “Sabah” yaradıcılıq studiyasında çalışan Ramiz Həsənoğlu həmin heyəti yığıb teletamaşa hazırlayır. “Sabah” yaradıcılıq ocağının bünövrəsi həmin tamaşa ilə qoyulur.
Tofiq Tağızadənin yaddaşsızlığı Yaşar Nurinın kaprizi
Rollar rejissorlar arasında bölüşdürülüb. Yalnız Yaşar Nuridən başqa. Ramiz Həsənoğlu deyir ki, əslində Yaşar Nurini gənc rejissor kimi həmin tamaşaya dəvət edib: “Çünki Yaşar Nuri o vaxt Musiqili Komediya Teatrında rejissor kimi tamaşa hazırlamışdı. Məni ən çox incidən də Yaşar oldu, çünki o aktyordur, kaprizləri, şıltaqlıqları var. Rejissorlarda belə şeylər yoxdur. Yaşar istedadına arxalanıb məşqlərə hazırlıqlı gəlmirdi və nəticədə çox vaxt itirirdik. Tofiq Tağızadə təcrübəsindən çıxış edib mənə məsləhətlər verirdi. Bəzilərini götürürdüm, bəzilərini isə mən belə görmürəm deyib vəziyyətdən çıxırdım. İstədiklərimi aldım. Televiziyada dubllarla istədiyin nəticəni ala bilirsən. Tofiq Tağızadənin yaddaşında problem vardı, sözlər yadında qalmırdı. Dublları montaj etməklə düzəltdik. Cahangir Novruzovu isə ağlatdım. O qədər müdaxilə edirdi, məsləhət verirdi ki, axırda dedim Cahangir sən burda aktyorsan rejissor nə deyir onu elə, bir də gördüm gözləri doldu. Bir də Cahangir toyuq yemək səhnəsində əziyyət çəkirdi. Uzun saqqal-bığ ona mane olurdu. “Toyuğun bir dərisi, bir gerisi” - deyib toyuğu parçalayıb ağzına aparırdı, dublu çəkirdik qoyurdu yerə.”
Toyuğu kim yedi...
Bu toyuğun məsələsi çəkiliş prosesi barədə danışanda ən çox müzakirə olunan məsələ oldu.
Yaşar Nuri: “Toyuğu Cahangir necə yedisə gözümüz qaldı arxasınca .”
Cahangir Novruzov: “Mən bu məsələdə çox məsumam. Fakt göz qabağındadır. Çəkilişdə onu parçalamışam və görünən dişləklər toyuqdan aldığım yeganə dişləklər olub. Qalanı kadr arxasına keçən kimi Yaşarın qurbanı olub.”
Ramiz Həsənoğlu: “ Toyuğun əsas hissələrini Cavanşir Quliyev yedi, qalanlarından hamıya pay düşüb, məndən başqa, çünki çəkiliş vaxtı mənim boğazımdan sudan qeyri heç nə keçmir”.
Cahangir Novruzov: “Rejissor deyirsə Cavanşir yeyib, yəqin elədir. Mən elə Cavanşirin çoxdanın toyuq aparanı olduğundan şübhələnmişdim. Halal xoşu olsun. Biz də ac qalmırdıq, hansısa restoran çəkilişə sponsorluq edirdi, fasilədə isti yeməklərimiz var idi“.
Tamaşada oynayanların hamısı rejissor olduğundan təbii ki, öz müdaxilə, yaxud improvizələrini də etməmiş deyildilər. Rəhmətlik Hüseynağa Atakişiyevlə Cahangir Novruzovun səhnəsində onların Otellodan “Çıx yerin dibindən, qara intiqam ”- deyə sitat gətirmələri sırf improvizədir və rejissor da çox bəyənib. Bu iki rejissor zaman-zaman aktyor kimi də tanınıblar. Elələri də var ki, ekranda yeganə bu tamaşa ilə qalıb.
Zərbəlinin qarşılıqlı şərti
Bəstəkar Cavanşir Quliyev: “Rejissorları qrimdə görmək mənə çox gülməli gəlirdi. Dəfələrlə bu səbəbdən çəkiliş pozulurdu. Mən baxıb gülürdüm, rejissorları da gülmək tuturdu. Ümumən çox gözəl, yaradıcı-səmimi mühit vardı. Ramizə daha bir-neçə elə iş arzu edirəm ki, bizi də başına yığsın”.
Bəhram Osmanov- Zərbəli: “ Ramiz mənə o obrazı təklif edəndə dedi ki, heç kim bu rolu bəyənib oynamaq istəmir. Mən də həmin vaxt Çexovun “6-cı palata”sını əlimdə işləyib hazırlamışdım. Dedim bu şərtlə razı olaram ki, “Sabah” studiyasında o tamaşanı hazırlayım. Zərbəlini oynadım qurtarandan 10 gün sonra Ramiz dəvət elədi “6-cı palata”nın çəklişlərinə başladım. Gənc rejissor idim, boynumu büküb korifeylərin oyunlarına və çıxartdıqları oyunlara baxırdım, öyrənirdim.”
Oyun çıxaranlar
Çıxartdıqları oyunlar isə bəlkə də efirdə görünənlərdən də maraqlı olub.
Film-tamaşada hadisələr Həsən dayının (Yaşar Nuri) yeməkxanasında cərəyan edir. Həmin gün Həsən dayının heç bəxti gətirmir. Özünü ac-yalavac yeməkxanaya salan həriflər yeməyi yedikdən sonra pul ödəməmək üçün ona kələk gəlirlər. Özü demişkən: Çörəyi yeyən qaçır...
Cahangir Novruzov-Dərviş, Nazim Abbas-İbrahim bəy, Tofiq Tağızadə-Mirzə Mahmud, Bəhram Osmanov-Zərbəli, Hüseynağa Atakişiyev-Aktyor
Kərim Kərimov-Süleyman, Məmmədkamal Kazımov-Səlman, Arif Mədətov-Türk, Ədalət Ziyadxanov-Mirzə, Vaqif Əsədov-Əhməd, Yusif Əkbərov-Rza, Anaxanım Abdullayeva-"Əcnəbi", Şamil Nəcəfzadə-İngiliscə danışan azəri, Arif Qasımov-Meyxana deyən, Ramiz Həsənoğlu özü (Ramiz Drazi kimi)-Ağıldankəm uşaq. Hər biri orda rolda olan rejissorlardır.
Əsərin Müəllifi : Əbdürrəhim bəy Haqverdiyev
Ssenari Müəllifi : Ramiz Həsənoğlu, Şərif Qurbanəliyev
Quruluşçu Rejissor : Ramiz Həsənoğlu
Rejissor : Şərif Qurbanəliyev
Quruluşçu Operator : Eldar Məmmədov
Quruluşçu Rəssam : Rəfael Əsədov
Bəstəkar : Cavanşir Quliyev
Şerlərin Müəllifi : Ramiz Rövşəndir.