Təhsil Nazirliyinə 2083 müraciət daxil olub
07 oktyabr 2010 16:10 (UTC +04:00)

Təhsil Nazirliyinə 2083 müraciət daxil olub

Bu ilin sentyabr ayı ərzində Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə 2083 müraciət daxil olub.

Təhsil Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, müraciətlərdən 1887-si telefonla, 196-sı isə elektron poçt vasitəsilə qəbul edilib. Müraciətlər əsasən yeni dərs ilinin başlanması ilə əlaqədar sorğu xarakterlidir. Sorğuların əksəriyyəti məktəbəqədər, ümumtəhsil, texniki peşə, orta ixtisas və ali məktəblərə qəbul, tələbələrin köçürülməsi, bərpası, təhsil haqqının ödənilməsi, bakalavr və magistr pillələrində ixtisaslaşma, təhsil sənədlərinin tanınması, ümumtəhsil məktəblərinə müəllimlərin müsabiqə yolu ilə işə qəbulu, dərs bölgüsü, şagirdlərin pulsuz dərsliklərlə təminatı, məktəbli forması və digər məsələlərlə bağlı olub.

Yeni dərs ili ərəfəsində 2 özəl ali təhsil müəssisəsi tələbələrinin köçürülməsi ilə əlaqədar daha çox (600-dən artıq) müraciət qəbul olunub. Belə ki, Moskva Dövlət Açıq Universitetinin Bakı filialının ləğvi və Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyətinə verilmiş xüsusi razılığın (lisenziya) qüvvədə olma müddətinin uzadılmaması barədə Təhsil Nazirliyinin əmrlərinin icrası ilə əlaqədar daxil olan bütün sorğular müvafiq sənədlərə uyğun cavablandırılıb. Digər sorğularda isə gənc müəllimlərin təyinatla işə qəbulu, Beynəlxalq olimpiada qaliblərinə verilən güzəştlər, xaricdə təhsil, Dövlət Proqramı üzrə xaricdə təhsil alan tələbələrin təhsil haqqının ödənilməsi qaydaları ilə bağlı məsələlərə toxunulub.

Daxil olan müraciətlərin hamısı qeydə alındıqdan sonra araşdırılıb, “Qaynar xətt” xidmətinin əməkdaşları və nazirliyin müvafiq struktur bölmələri tərəfindən cavablandırılıb.
Elxan SALAHOV
# 493

Oxşar yazılar