[b]“Mardəm boto, Yesenya” – Aydın Canıyevdən hekayə[/b]
23 fevral 2015 17:29 (UTC +04:00)

[b]“Mardəm boto, Yesenya” – Aydın Canıyevdən hekayə[/b]

Özüm də anlamadım, o sözlər necə dilimə gəldi. Özü də talışca dedim, məktəblərdə keçdiyim, qrammatikasını öyrəndiyim, ədəbiyyatlar oxuduğum lisanlarda yox, anamla danışdığım dildə.

 

- Mardəm boto!

 

Qadının yorğun üzündə həmişəki möcüzəvi təbəssüm oyandı. Mənasını bilmədiyi o sözləri xoş qarşıladı, şəfqətlə gülümsədi. Ürəklənib bir daha təkrarladım:

 

- Mardəm boto!

 

- Talışcadı?

 

- Hə, can.

 

- İşıqlaşırsan bu sözləri deyəndə.

 

- Doğrudan? Hiss eləmirəm.

 

- Nə deməkdi ki?

 

- Heeç, adicə təsdiq bildirən sözdü.

 

Onu öz adıyla yox, uşaqlıqdan özümdən uydurduğum, nə vaxtsa sevəcəyim qadını əzizləmək üçün saxladığım adla çağırırdım: “Yesenya!” Həyatıma sevib gəlmiş, xəyanət edib getmiş heç bir qadına bu adı verməyə qıymamışdım (sevib gələcək, atıb gedəcək heç birinə də qıymayacaqdım bundan sonra). Bilirdim ki, o adın yiyəsi nəsə başqa olmalıdı. Yesenya həmin o “nəsə başqa” olan qadındı.

 

Onu gec tapmışdım, çox gec tapmışdım, uzun illərdən, uzun axtarışlardan sonra. Elə bir vaxt ki, o artıq sevgidən də, “sevirəm” sözündən də ucada idi. Ona görə də tez-tez mənasını bilmədiyi, mənimsə bütün anlamı ilə ifadə etdiyim o sözləri təkrarlayırdım:

 

- Mardəm boto! Yesenya ən müxtəlif dillərdə ən müxtəlif millətlərdən olanların dilindən söylənən “sevirəm” sözünü “anlamadığı” kimi, mənim də sözlərimin əsl mənasını - “ölürəm sənin üçün”-ü anlamırdı. Hər görəndə içimin içindən, ta şah damarımdan keçirib dediyim o sözlərə sadəcə təbəssümlə cavab verirdi. Anlamını bilmədiyi sözlərə ən yaxşı halda təbəssümünü peşkəş edirdi! Hər dəfə imkan düşəndə, rastlaşdığımız hər yerdə o qədər ürəklə və ürəkdən deyirdim ki, doğrudan da, bu iki kəlmənin nə Azərbaycan dilində, nə rus dilində, nə ingilis dilində həqiqi izahını verə bilməyəcək haldaydım. Mən, doğrudan da, öz Yesenyam üçün ölürdüm – tərcümədəki kimi “sinov gedirəm, hayıl-mayıl oluram”, lap belə, “ölürəm” anlamında yox, sözün müstəqim mənasında - həqiqətən ölürdüm!

 

Hamının xoşbəxtlik ünvanı kimi baxdığı Yesenya əslində heç kimi sevməməklə onları xilas edirdi. O cür gözəllikdə xanımların içində bəlkə də tək və yeganəsiydi ki, ona dünyanın ən vicdanlı qadını demək olardı. Çünki nə gözəlliyilə alver edirdi, nə də ümid verirdi! Allah ona üzün də, gözün də, sözün də, “öz”ün də ən gözəlini vermişdi, hətta zülmün də pakizəsini ayırmışdı. Və o sakitcə öz nuruna bürünüb Tanrının ona verdiyi o pakizə zülmlü ömrü yaşamaqla məşğuldu. Öz nurunu xilas etmək fikri yox idi, barışmışdı hər şeylə.

 

Bu şəhər “diri alıb, ölü qaytaran” şəhər idi! Heç kim fərqinə varmırdı ki, Yesenyanı öldürüblər! O sanki artıq canlı deyildi, qadın görkəmində ruha çevrildiyindən belə sevimliydi, əlçatmaz, ünyetməz ruh olduğu üçün. Mən qərib düşdüyüm bu şəhərdə Yesenyanın ruh olduğunu bilirdim. Mənim ilahəmin toxunulmaz dünyasının yeganə sarı simi vardı, ona ancaq bu cür yaxınlaşmaq olardı, onu sevməkdənsə, gərək onun üçün öləydin!

 

...Bu qərib şəhərdən qayıdış ərəfəsiydi. Uçacağım gündən bir gün əvvəl görüşdük. Bir də qayıtmayacağım haqda, son görüşümüz barədə danışmadım. Yesenya yanımda olanda hər şeyi unudurdum, elə ayrılığı da. Onunla söhbət edəndə bütün ətraf yadımdan çıxırdı, heç nə hiss eləmirdim, zamanla, məkanla əlaqəni itirirdim, şəhərlər, ölkələr, qalaktikalar harasa yoxa çıxırdı, səslər susur, fəsillər qarışır, hava dəyişirdi. Məni ancaq onun haləsi əhatə edirdi, baxışları, səsi, təbəssümü, jestləri, mimikaları, ağlı, məntiqi, nəvazişi, hadisələrə baxışı, bir sözlə, bütün ömrüm boyu arzusunda olduğum hər şey. Mənə bağışladığı son təbəssümlərə batmaqda olan günəşin son şüalarına bürünürmüş kimi sığınıb, ömrümün son hədiyyəsini də yaddaşıma həkk elədim. Bircə bu sözləri deyə bildim:

 

- Göylərdə olanda sənə mesaj yazacam.

 

...İllüminatordan doğma şəhəri son dəfə seyr elədim. Qəribə bir hüzn vardı içimdə. Səhərin alatoranında həmişəlik qoyub getdiyim bu şəhər həm də mənim axrıncı dəfə ayrıldığım, həmişəlik itirdiyim Yesenyam idi. Uçaq iri qanadlarını şəhərin üstünə sərib havaya qalxdığı, stüardessa son dəfə“telefonları söndürün” dediyi an ona yazdım:

 

- Mardəm boto - ölürəm sənin üçün. Eto bolşe çem lyubov!

 

Bu mənim - bütün ömrünü,varlığını sevgiyə həsr edəcəyini düşünən, uzun illər öz Yesenyasını axtaran, tapanda da onu itirmək məcburiyyətində qalan birinin ilk gecikmiş sevgi etirafıydı. Heç bir cavab gözləmədiyim, ümid etmədiyim bir ruha yeganə etirafım. Yesenya şeir misralarıyla, hekayə cümlələriylə, roman parçalarıyla seviləcək biri deyildi! Hətta indiyə qədər yazılan, bəstələnən mahnılar, serenadalar, romanslar, ariyalar da onluq deyildi. O həyatın özü idi, bütün mahnılara, filmlərə, romanlardakı obrazlara meydan oxuyan həqiqət. Bu, film kimi həyat deyildi, həyat kimi film idi, adı da “Mardəm boto”.

 

Mən Yesenyadan sonra bu dünyadakı dünyamda öldüm. Tamam ayrı bir ömür, tamam ayrı bir həyat yaşadım. Özümün də, özgələrin də, Allahın da razı qaldığı həyat. Heç bir sevgi dalıyca qaçmadığım, heç bir macəra axtarmadığım yaşam. Artıq mən də Yesenya kimi ruh idim, yaşamdan doymuş, xilası mümkün olmayan ruh. Amma hərdən barmaqları gözümü qapamaq üçün yaranmış o qadının xəyalına pıçıldayırdım:

 

- Sən təbəssümün son sığınacağısan, mardəm boto, Yesenya, mardəm, mardəm...

 

# 420
avatar

Aydın Canıyev

Oxşar yazılar