Sənə gəldim, qapını aç... – MİLLƏT VƏKİLİ YAZIR
10 dekabr 2013 16:20 (UTC +04:00)

Sənə gəldim, qapını aç... – MİLLƏT VƏKİLİ YAZIR

Millət vəkili Qənirə Paşayeva “Türk dünyasını tanıyaq və tanıdaq” silsiləsindən Konyanı yazır

 

Hər şey öyləcə səssiz,

Möhtəşəm, gözəl -

Keçmiş əsrlərdən bəri...

Bir əl toxunarsa sandıqlarında

Oyanar Xorasan ərləri...

...Sənə gəldim, Mövlana!

 

Dost-doğma ruh, düşüncə yaşantılarımın şəkilləndirməsidi ustad Yavuz Bülənt Bakilərin bu unudulmaz misraları. Eynən onun kimi deyir, düşünürəm: "Dərgahında kölgəmi görməyimin bəxtiyarlığını yaşamaq üçün gəldim..." "Pərvanələr kimi bir axşam üstü məni işığında yaxıb-yandırmağının səadətini dadmağım üçün gəldim!"

    Yüzilliklərin o biri başından Özü də "gəl!" deyə səslənmişdi könül aşiqlərinə:

 

Yenə gəl,  yenə gəl,

Nə olursan ol,

İstər kafər ol,

İstər atəşə tapın,

İstər bütə...

İstər yüz kərə

Tövbə etmiş ol,

İstər yüz kərə

Pozmuş ol tövbəni;

Ümidsizlik qapısı deyil  bu qapı,

Necəsənsə öylə gəl!..

 

   Öyləcə də gəldim. Keçdiyim yollar boyu Şeyx Seyfəddin-i Bharzının oğlu Müzhirüddinin unudulmaz bir gündə zikr etdiyi etiraf tıpır-tıpır yaddaşımı oyadıb keçdi: "Babam mənə vəsiyyət etmişdi ki, dəmirdən çarıq gey və əlinə dəmirdən əsa al,  Mövlananı aramağa get!.."

Mən aramaq üçün getmədim...

Ruhumda, düşüncəmdə, fəaliyyətimdə ömür edib yaşayanı yenədə aramayacaqdım ki!

   Mən yenidən, yenidən, bir də yenidən dərk etmək, cismani sükutunun, səssizliyinin mənəvi fikrini, şərhini dönüb-dönüb yenidən  anlamaq üçün getdim. Anadolunun ən önəmli tarix və mədəniyyət mərkəzlərindən biri olan Konyanın mənəvi dünyamızdakı yerini, ərdəmli məqamını "göz bəbək" deyə anladılan Merama, Hz. Mevlana, Hz. Şəms və Sadreddin-i Konevi üçlüyü çevrəsində anlatmaq istəyində bulunan insanların isminə, ünvanına dərin sayğılarla səmtimi tutub getdim. Deyilənləri yüzdə-yüz haqlamaqdan özgə nə sözüm, əlavəm olacaq ki: "Təqdir ediləcəyi məqamda məkanların qiyməti daha çox o məqamlarda yaşayıb fəaliyyət göstərən şəxsiyyətlərə bağlıdır. Gözəl məkanlar gözəl, tarixi insanları ilə ayrı bir anlam və tərəf qazanır".

Eyni fikir ucalığının kutsal, şərəfli qaynağıdı Konya!

Konyaya atılan hər addım Hz. Mevlanaya, Şəms Təbriziyə, Sadreddin-i Koneviyə, Meram məqamına doyulmaz sevgi və ehtiramdan keçər. Konyaya aparan yol ümidsizlik yolçuluğu deyil. Daha çox ruhla, düşüncəylə, sevgi qanadlarıyla keçilib gedilər. Eyni zamanda da Ona, böyük Rəbbimizə açılar, Onunla həsbi-hal məqamına dönər-dönər... Konyanı "gül kibi kokmak için dikene katlanmak gerek!"

Konyanın yolları hər kəsi Yaradanın qulları olaraq eyni ruh doğmalığı, Mevlana səmimiyyəti ilə səsləyər, "gəl!" deyər:

 

Gel, gel,

Daha yakına gel!

Beni, benliyi,

Sizi, bizliyi bırak!

Çabuk gel;

Vakit keçirmeden gel!

Gel, daha yakına gel!

"Biz"den de, "ben"den de vazgeç;

Gel!

"Sen"lik ve "biz"lik yok oluncaya kader gel!

Öyle bir gel ki -

Ne "sen"kalsın, ne de "biz"...

 

Varmağın, varıb da Konyaya, Merama yetməyin ilk ipucunu belə verir Mevlana. Bundan sonrakı keçilən sınırlarla, kilometrlərlə, məsafələrlə ölçülür.  Gərək quru yolu ilə Ankara-Çölbaşı-Konya-Adana yolunu tutub gedəsən. Çölbaşı ətraflarının doğma Azərbaycanın Füzuli-Cəbrayıl bölgələrini yüzdə-yüz xatırladan mənzərələri önündə salama dura biləsən. Vilayətlər evinə, Paşa qapısına baş endirib keçəsən. Burdan Konyaya 220 km-lik məsafədi. Damlakuyunu, Cihanbəylini keçmək, onlardan da bir az öncə Yenicəobanı adlamaq gərəkdi. Kayı, Kuşca Konyanın 120 kilometrliyindədi. Buranı keçdinmi, Yunus Əmrənin adını daşıyan istirahət mərkəzi qucaq açacaq sənə, Mevlana otelinin bəklədiyini görəcəksən. Yunak şəhər mərkəzinə yol burdan keçir. Mevlana daş emalı müəssisələri yol boyu cərgələnmiş, Cihanbeli səmtdən görünən dağ ustad Səməd Vurğunun misralarını titrədər könül tellərində: "Göründü gözümə Göyəzən dağı!"

    Eyni şəkillənmədi - bir almanın iki üzü kimi, bir ananın əkiz övladlarına bənzər; dilimiz,  dinimiz kimi doğma, əziz, kudsal. Ağabəyli, Altunəkin yamacları daha çox bizim Aran ellərini xatırlatmaqdadır; Kəhraba rəngli əkin yerləri göz işlədikcə uzanıb gedir. Mal-qara sürüləri bərəkət qoxuludu. Hələ çuğundur terminalları... Bolluq, firavanlıq üzə gülür. Yolların rahatlığını da gəl üstünə. Altunənki sol üzdədi. Sağda Sarayönü  çəkir nəzəri. Aşağı Pinarbaşını keçirik... Konyanın 58 km-də nəzər çəkən təpələri elə bil daşla üzləyibsən. An-an, addım-addım xatırlayıram; Bir az öncə Konya-Adana yolunun 220 km-də otlaq və əkin sahələrinin nöbələşməsi çəkmişdi könlümü. Yol boyu lövhədə yazılan “Arançı” sözü fikrimi alıb aprmışdı. Kulu-Konya-Qırxqala istiqamətini göstərən yol nişanına baxa-baxa bizim Şirvan, Hacıqabul bölgələrini göz önünə gətirmişdim. Konyanın 159-cu kilometrliyində Dunakdan, sonra Zincirlikuyudan, sonra Düzyaxadan, Tavşançalıdan keçmişdim. 134-cü kilometrdə tam bir aran istisi ana qucağı kimi açılmışdı cismimə. Acgözlüklə, bitib-tükənməz bir sevgiylə keçib getdiyim hər cığırı, izi, dərəni, təpəni, şəhər, kənd adını yaddaşıma köçürə-köçürə irəliləmişdim. Konyaya, Mevlanaya, Şəms Təbriziyə götürən yolun hər qədəminə ehtiram, sayğı olaraq anı qaçırmaq istəməmişdim. Əslində, Konyaya yaxınlaşdıqca iç dünyamda çırpınan kudsal duyğuları bir az sakitləşdirmək, nəfəs dərmək, titrəyişlərimi pərdələmək məqamıydı yol boyu görənəklərə aludəçiliklə nəzər yetirməyim. Özümü toparlamaq, sayğı, sevgi, ehtiram titrəyişlərimi ram etmək, pünhan tutmaq istəyirəm. Əslində isə iç dünyamda özgə bir halət yaşayırdım.

  Türk dünyasının böyük şairlərindən biri olan Bəxtiyar Vahabzadə haqqında bir qələm dostum söyləyərdi: “Füzuli barəsində fikrini söyləməsini istədik. Susub dərindən nəfəs aldı, ağır yük altındaymış kimi durdu, durdu. Nəfəsini yenidən dərdi. Nəhayətdə, “Füzuli dağdı, zirvədi-dedi, - dağa, zirvəyə yol almazdan əvvəl gərək nəfəsini toparlayasan, gücünü ayağa çəkəsən!”

    Konya, Mevlana, Şəms Təbrizi məqamına eyni düşüncələrlə irəliləyirdim və keçdiyim yollarla yetirdiyim diqqət, əslində, nəfəs dərmək fürsətiydi. Fikrim, düşüncəm isə “O”na gedən yolun peşindəydi, illər öncəsi yazdığım şerin misraları kıpır-kıpır yenidən oyanmaqdaydı iç dünyamda:

 

Mən “Var”lıqkən bir “Heç”liyə çevrildim,

Mən “Eşq” adlı tək hecaya çevrildim,

“Mən”i atıb, “Sən”ə doğru çevrildim,

Qapını aç bu quluna, ey Rəbbim!

 

Nəfs adında bir şeytanı tərk etdim,

Həyat nədir? – Gec də olsa fərq etdim.

Ən böyük Eşq... O, Sənsənmişsən! – dərk etdim,

Qapını aç bu quluna, ey Rəbbim.

 

Mən Eşq adlı bir atəşdə qovruldum,

Göz yaşında çox arandım, duruldum...

Eşqin ilə mən yenidən doğuldum,

Qapını aç bu quluna, ey Rəbbim!

 

Mən Yunusu, Mevlananı anladım,

Mən Şəms adlı o günəşdən od aldım.

Səni bulan aşiqlərdən yol aldım,

Qapını aç bu quluna, ey Rəbbim!

 

   Bu, mənim Konyaya 3-cü səfərim idi. Əslində, yazımın hər məqamından keçən doğma, unudulmaz kənd, şəhər, dağ, dərə, düzən adları, mənzərələr çoxdanın tanışıydı mənə; xəyallarımla, addımlarımla keçdiklərim vardı, fikrimdə, düşüncələrimdə yaşatdıqlarım vardı. Ancaq qəribəydi ki, hər şey mənə ilk görüş, ilk təmas, ilk ünsiyyət şəklində gəlirdə. Bu yolçuluqda mənimlə bir arada olan şairlərdən Sərvaz Hüseynoğlunun, Gülayə Rzayevanın, əməkdar artist Elza Seyidcahanın, müğənni İlham Əsgəroğlunun, Füruzənin, Ülviyyənin, Qulunun hansı duyğular keçməsinin fərqində belə deyildim. O-na gedən yolçuluğumun Konya, Hz. Mevlana, Hz. Şəms müstəvisinin dayanacağının bəxtiyarlığını yaşayırdım. Eyni zamanda, Konyaya ilk səfər təəssüratlarımın anları, saniyələri, qələmə alınmış məqamları yenidən keçirdi qəlb evimdən. O təəssüratlar dipdiri, canlı idi. Beləcə başlayırdı aylar əvvəl yazdığım bu yazı: 

 

O-NA GEDƏN YOL...

 

-Kimsən? – deyə soruşdular.

-Bu dünyada işi bitənəm! – dedim.

-Eləsə, nədən səfərə çıxmazsan? – dedilər...

-İşi bitməmiş olanlara yoldaşlıq etməm muraddır, - dedim...

                                               Samiha Ayverdi (Hancı)

 

   Konyaya getmişdim- Mövlana yurdu, övliyaların, dərvişlərin könül oylağı Konyaya... Soyuq qış günlərindən biri idi... Öncə onları ziyarət etməli idim-heyranı olduğum Həzrəti Mövlana və Həzrəti Şəmsi...                                            

  Sürücüyə öncə Həzrəti Mövlananı ziyarət edəcəyimi dedim. Qulaqlarımda sanki onun pıçıltılarını eşidirdim... Sanki mənə “gəl” detirdi, gəl... Deyirdi, gəl görüm hansı mərtəbədəsən... Mənimlə dərdləşməyi çox istəyirsən, bilirəm... Gəl, gəl görüm, hazırsanmı – deyirdi Mövlanı həzrətləri...İç dünyama üşütmə doldu birdən-birə. Gerçəkdən mən hazırammı onunla danışmağa? – deyə...

Elə bu tərəddüd içində yenə onun pıçıltılarını eşiyməyə başladım sanki... “Qorxma”, - deyirdi Mövlanə, - “gəl”, deyirdi Mövlanə. Deyirdi ki, bu qapı hər kəsə açıqdır. Yetər ki, səmimi ol, eşqlə, inamla, inamla gəl. “Unutma”, deyirdi, əsas eşq, iman, niyyətdir...

Elə bil söhbət edirdik: - Yolunumu axtarırsan... Haqqımı axtarırsan... Həqiqətimi axtarırsan?.. Yol yalnızca Eşq, İman və Niyyətdən keçər... Eşqlə, imanla, niyyətlə gəlirsən bilirəm, qorxma! – Pıçıltıların təsirindən sürücünün sözü ayırdı məni...

-Xanıməfəndi, bəlkə öncə otelə gedək, bir az dincəlib, sonra gələsiz?

-Ehtiyac yoxdur, birbaşa ora gedək, - dedim...

Yolboyu o Böyük Yolu düşündüm...

...Və özümün o Yolun hansı mərtəbəsində olmağımı düşündüm, çək-çevir etdim, özüm-özümü hesaba çəkməyə başladım.

Həqiqətə gedən Yolun yeddi pilləsini düşündüm...

Həqiqətə çatmanın tək yolu bu yeddi pilləni keçməkdir. İnsan yeddi pilləni, mərtəbəni çıxmamış həqiqətə çata bilməz. İnsan həqiqətə yalnız və yalnız bu pillələri, mərtəbələri bir-bir çıxmaqla çata bilər...

Haqq yolundakı məqamların, mərtəbələrin haqqında danışmaq asandır, çətini onu yaşamaqdır...

...Belə nəql edirlər ki, Həzrəti Şəmslə Həzrəti Mövlananın yeni tanış olduqları günlərin birində Həzrəti Mövlana bir ayəni yorumlayırmış, anladırmış insanlara. Həzrəti Şəms ona yaxınlaşaraq “Sən bu ayəni yaşamadın, onu anlada bilməzsən” – deyir... O, böyük Allah aşiqi də könül dostu ilə razılaşır.

Yəni, “insan yaşamadığı şeyi həqiqəti ilə anlada bilməz” anlamını verir bu...

Mən də bu  mərtəbələrdən danışmağa cürət etməzdim...

Yaşamağa başladığım və özümə yolçuluğa çıxma gücünü Yaradan mənə bağışladığı  üçün  ona şükür edərək ən azı ona gedən yol haqqında danışmaq istəyirəm. Təbii, məni oxumaq istəyənlərə və ya özünə yolçuluğa çıxmaq istəyənlərə...

Bu yola çıxmağım asan olmadı...

Ağrılardan, acılardan, gözyaşlarından keçdim... Arındım, yuyuldum, duruldum və bundan sonra o Yol açıldı qarşımda...

Nəfs-i Əmmarədən başlayan Böyük Yol(çuluq)...

Həqiqətə gedən ilk mərtəbə məhz belə adlanır...

Bu, daim başqalarını günahlandıran Nəfs mərhələsi də adlanır. Ətrafınızda bu cür adamları gördükdə və ya özünüzün bu “özəlliy”ə malik olduğunuzu görürsünüzsə, bilin ki, hələ həqiqət yolunda ilk mərhələdəsiniz...

Onları ayırd etmək çox asandır...

Bu o adamlardır ki, o adamlar dünyəvi işlərdən başqa heç bir şey düşünməzlər. Onlar üçün yaşamın anlamı pul, vəzifə, şan-şöhrət (madiyyat vəd edən) məqamdır. Daim sadəcə bu şeylərə tamah salarlar. Yaşamlarını sadəcə bu şeyləri qazanmağa yönəldirlər, sərf edərlər. Onlara malik olmaq  üçün bəzən ən qutsal dəyərləri belə tapdalayarlar...

Hər zaman “Mən” düşüncəsi ilə yaşayan adamlar bu “məqam”dadırlar.

Bu adamlara fikir versəniz  görərsiniz, həmişə başqalarını günahlandırır, tənqid eləyir, dedi-qodu və iftiranı sevir, bunları qorxmadan, bəzən... hətta zövqlə (!) edirlər. Hər zaman başqalarını günahlandıran, onlarda qüsur, nöqsan axtaran, tapmasa belə özü uyduraraq danışan, başqalarını çək-çevir etdiyi halda özlərində qətiyyən qüsur tapmayan, davamlı olaraq başqalarını mühakimə edən, şübhə, təkəbbürlə yaşayan insanlar Nəfs-i-Əmmarə mərtəbəsindədir. Yəni, həqiqətə gedən yolun ilk mərhələsində...

İnsanlığın faciəsi ondan başlayır ki, bu gün belə insanların çoxu elə bu mərtəbədə qalır və irəliləyə bilmirlər...

Bütün insan oğulları Nəfs-i-Əmmarədən keçər... Fərq sadəcə kimin ondan qurtula bilib-bilməməsində və kimin nə qədər tez qurtula bilməsindədir... Əsas olan o çuxurdan, bataqlıqdan tez çıxa bilməkdir. Çünki nə qədər zaman itirirsənsə, o bataqlıq səni özünə bir o qədər möhkəm çəkir və bir də görürsən ki, artıq ölürsən...

-Bəs xilas olmaq necə? Mümkündürmü?

-Əlbəttə, mümkündür! -Asandırmı?

-Xeyr! Asan deyil...

-Xilas olmaq üçün nələr etmək lazımdır? – deyə soruşsanız, cavab var, əlbəttə:

-Həqiqətə gedən yolun ikinci mərhələsi adlanan Nəfs-i Ləvvaməyə gedən yolu niyyət etmək, səmimi olmaq və özünlə mübarizə aparmaq gücünü tapmaqdadır cavab!...

Günahlandırılan və Qınanan Nəfs mərhələsinə keçə bilən insan xilas ola bilən insandır...

Nəfs-i Ləvvaməyə keçid, Nəfs-i Əmmarədən xilas olmaq yorulmaz mücadilədən keçir... Hazırsınızmı? Hazırıqmı? Çox azzamanımız var... Çünki həyat bizim düşündüyümüzdən də qısa olur bir çox hallarda və çox sürətlə gəlib keçir...

Məni Nəfs-i Əmmarə barədə düşüncələrdən sürücünün “gəlib çatdıq” xəbərdarlığı ayırır...

Artıq onun imtahanına gəldim! Sürücüyə tək qalmaq istədiyimi dedim... Yanında oturdum.

“Gəldim” deyə pıçıldadım... “Sən çağırdın, mən də  gəldim”... “Açarmısan mənə, son illər yaşadığım ağrı-acının sirrini” dedim...

-Səni O çağırdı bura, - dedi...

-Kim?

-O...

-Niyə?

-...

-Nuyə buraya?..

-Getmək istədiyin yolda daha çox susacaq, daha çox dinləyəcəkdən. Öncə “Mən”.dən qurtulacaqsan. Bura ibrət məktəbidir. Səni daha yaxşı anla deyə çağırdı. Hazırsanmı?

- Bilmirəm... 

-Niyə ağlayırsan? Nədir səni belə ağrıdan? Nədir səni  belə ağladan?

-...

-...EŞQ...

-...

-Ağlama... Sevin... Həqiqətə gedən yolun işığıdır EŞQ...

-...

-Sevin... Nəfs-i Ləvvamənin qapısına çatmısan...

-Keçmək istəyirəm, amma qapını tapa bilmirəm... Yardım et mənə...

-Özünü axtar... Daxilinə yolçuluğa çıx... Özünü bulduğun an o qapıdan keçəcəksən...

-Nə zaman?..

-Hər şey sənin əlindədir... Bir ay, bir il, on il, otuz il... Bəlkə də heç bir zaman...

-...

...Üşüyürdüm, için-için uçunurdum, elə bil... Üzərimə sanki dağların soyuq qarı yeriyirdi...

Ondan ayrılıb Şəmsə gedirdim... Daxilimə şyolçuluqda onun şəfəqlərinə ehtiyacım  var idi, həm də çox!..

Məni  fikirdən yenə sürücünün səsi ayırdı...

-Xanıməfəndi, çox yorğun görünürsünüz, həm də üşüyürsüz, qaliba, bəlkə öncə otelə gedəsiniz.  Bu soyuqda belə yorğun  və üşüyərək bu türbələrdə nə arayırısız?

-YOL, - dedim ona, bircə kəlmə...

O da:

-Pəki, hangi yolu? – dedi.

-Ona gedən Yolu, Ona! – dedim...

-İlk dəfədir  Ona gedən yol arayan müştəriyə rast gəlirəm... Mən böylə şeyləri bilməm, amma nə arayırsızsa, Allah yardımçınız olsun. Çatdıq. Bu da aradığınız Şəms Təbrizi. Mən sizi bəkləyəcəm. Nə deyim?! Yolunuz açıq olsun... Sürücünün üzündə və səsində elə qəribə hüzur vardı ki... Sanki mənə  Nıfs-i Ləvvaməyə gedən yolda xeyir-dua verilirdi...

 

 

SƏNƏ GƏLDİM, QAPINI AÇ...

“Qapını aç, qapını aç... Sənə gəldim, qapını aç...

Bu dünyadan, o dünyadan aldım boyun ölçüsünü...

Əzəl-əbəd arasında, necə əyyam gəzim-tozdum...

Sığammadım dü-aləmə, sənə gəldim, qapını aç...

Yoldaşım var, iki nəfərik – günah məndən heç ayrılmaz...

Tək deyilsən noolur, sanki? – Yer-göy sığmış i qapıya...

Bizi də al... qapını aç, qapını aç, qapını aç...”

                                                        Samiha Ayverdi

 

Konyanın o şaxtalı günlərində, soyuğun əl-ayaq kəsən zamanında, günəşin qürub çağında... üz-üzə qalmışdıq. Heç birimiz danışmırdıq... Səssislik içində sükut danışırdı... Eynən “qoy, sükut danışsın, ikimiz susaq” misalı... Bu qədər soyuq olmasına baxmayaraq, heç üşümürdüm – bir qədər öncəki üşüməm səssizcə çəkilib getmişdi. Həzrəti Şəmsin – Eşq Günəşinin yanında idim – həm bu üzdən, həm də iç dünyamın aydınlanması, öz durumumun özümə bəlli olması səbəbindən, yəqin...

Bilirdim, Ona nəyisə uzun-uzun izah etməyə ehtiyac yoxdur. O, mənim niyə gəldiyimi bilirdi, gələcəyimi bildiyi kimi. Heç bir şey hiss etmirdim, heç bir şey duymurdum, onun söylədiklərini qulaqlarımla eşitmirdim, təbii. Qəfildən qeyri-ixtiyari ağlamağa başladım. Özüm də səbəbini bilmədən hönkür-hönkür ağlayırdım... Dayanmadan ağlayırdım. Sanki illərlə bu gün üçün içimə yığılmış gözyaşı vardı da, indi ağzı açılmışdı. Ağlayaraq pıçıltı ilə nəsə söyləyirdim, deyəsən. Amma sonralar nə söylədiyimi heç cür xatırlaya bilmədim...

O isə... o isə susurdu, susursu...

İlahi, sükut da danışa, anlada, duyula, eşidilə bilərmiş...

İlahi, sükut da insana hüzur verə bilərmiş...

Sükut, sükut mənə nələrisə söyləyirdi...

Sanki mənə “neyçün can və könül aynasına baxıb da özünü axtarmırsan, aramırsan?” – deyə bir şeylərdən sual edirdi...

Nə qədər belə davam etdi, nə qədər ağladlm bilmirəm. Amma artıq gecə idi, qaş qaralmış, şər düşmüşdü. Sürücünü xatırladım. Bu soyuqda məni gözləyirdi. Elə bir az toxtamışdım ki, onun pıcılətılarını eşitməyə başladım.

-Ağla-deyirdi – Ağla...

Ağla ki, durulsun, təmizlənsin o ürək...

Ağlayan tək gözlərin deyil... Könlün ağlayır... Ağla!

...

Nəfs-i Ləvvaməyə keçid daxili etirafdan, etirafla axıdılan göz yaşlarından keçir. Ağla. Özünə yolçuluq üçün təmizlənənə qədər ağla... Bu göz yaşların, cavan ömründə çəkdiyin bütün əzab-əziyyətlər, yaşadığın ağrı-acılar, çətinliklər səni Rəbbinə daha da yaxınlaşdıracaq. Utanma. Qorxma. Ağla. Etiraf et. Səmimi ol. Təmizlən. Durul!

Ağlayırdım... Etiraf edirdim... O-na edirdim... Şahidim isə Şəms idi...

O-na yalvarırdım, şükür edirdim... El sözü ilə desəm, Şəmsin üzü hörmətinə, mənə Həqiqətə gedən yolun ikinci mərtəbəsinin qapısını açdığı, Nəfs-i Ləvvaməyə daxil olma niyyəti, gücü, izni verdiyi üçün...

Çünki oxumuşdum, bilirdim ki, dünyada insanların azı bu mərtəbəyə keçə bilir...

Ona görə də göz yaşları ilə dayanmadan O-na şükür edirdim...

Mənə Nəfs-i-Əmmarədən xilas olmağa yardım etdiyi üçün...

Bilirdim ki, İnsan ondan o zaman xilas olmağa başlayır ki. nəfsinin qəzalaırını, çatışmazlıqlaırını, yanlışvərdişlərini ayırd edir və onları düzəltmək niyyətinə düşür. Yalnız bundan sonra daxili yolçuluğa çıxmanın Nəfs-i Ləvvamə mərhələsinə daxil olur. 

Mən özümə yol(çuluğ)a başlamışdım və Şəms mənə çox şey öyrədə bilərdi.

-Ağır olacaq bu Yol... – deyirdi Şəməs sükut dili ilə... Dinlə, Daxili Yol(çuluq)  çox ağır bir Yoldur... Dayanmadan özünlə, nəfsinlə amansız mübarizə aparmalısan. Sənin əsl mübarizə Yolun indi başlanır. Yavaş-yavaş, addım-addım. Böyük çətinliklər qorxutmasın səni.

Onun pıçıltılı içində səsini eşidirdim – getdikcə daha aydın, daha təsirliydi. O deyir, mən cavab vermədən dinləyirdim:

-Artıq gözlərin bayıra deyil, öz içinə baxmağa başlaşyıb. Nəfs-i Əmmarədən fərqli bir həyata başlamısan...

-...

-Daim başqalarını günahlandırmaqdansa, daim özündə qüsur tapmaq asan

deyil...

-...

-Olub-keçən və ya yaşadığın hər şeydə həmişə başqalarını deyil, özünü ətək-vələk, çək-çevir eləyib tənqidə tutmaq asan deyil...

-...

-Hər zaman nəfsini qınamaq və günahlandırmaq asan deyil...

-...

-Yorulmadan özü ilə mübarizə etmək, nəfsin  ilə savaşmaq asan deyil...

-...

-Qorxma – deyirdi Eşq günəşi... Deyirdi: “Bəzən xətalar, yanlışlıqlar da edəcəksən, amma dərhal üzülüb, Allahın hüzurunda peşiman olub, ağlayarsansa, nəfsini ləvm edərdərsənsə, sorğulayar, qınayarsa bir daha geri – Nəfs-i Əmmarəyə geri dönməyəcəksən... Qorxma. Bu halları sıx-sıx özündə görməyə başlayacaqsan. Amma Haqqa qarşı məcburiyyət duyub, gözyaşı tökərək həmin xətaları, yanlışları təkrar etməyəcəksənsə Kamilliyə, Həqiqətə, Haqqa gedən yolun digər mərtəbələrinə qalxa biləcəksən...”

-...

-...Amma Ona getmək istəyirsənsə, Həqiqəti, Haqqı tapmaq istəyirsənsə  bundan başqa Yolun yoxdur... Gerçək İnsan olmaq istəyirsənsə bundan başqa Yolun yoxdur...

Nəhayət, bir cümləlik sual verdim:

-Səncə, bu Yolu gedə biləcəmmi? – Yalvarırcasına soruşdum...

-Özündən sor... – dedi Eşqin günəşi.

-...

-Amma heç zaman unutma, haraya dönərsən dön, Allahın üzü ordadır...

-...

-...

...Beləcə, sükutla başlayan söhbətimiz sonunda yenə sükutla tamamlandı, sükuta döndü. Ancaq Eşqin günəşi içimdəki buzları əritmiş, küllər altındakı qoru qığılcımlandırmış, alovlandırmışdı...

 

"SƏNİN VARLIĞINI VƏSF ETMƏK ÜÇÜN..."

 

 Yüzilliklərin o biri başında Malatyalı Mövlana Şemseddin belə rəvayət edirmiş ki, günlərin gözəl bir günündə Şeyx Seyfəddin Baharzının oğlu Müzhirüddin Konyaya təşrif buyurur. Fəzilətli kişilər onun ziyarətinə gəlib layiqincə hörmət göstərirlər. Təsadüfən həmin gün Mövlana Həzrətləri bütün dostlarla birgə Meram məscidinə gedibmiş. Şeyx Müzhirüddin Konyaya gəlişinin Mevlanaya yetməməsindən təəccüblənir. Təbii ki, bir şəhərə gələnin ziyarət edilməsi gərəkdi.  Söz sahibinə çatdırılır. Mövlana halını pozmadan cavab göndərdi: "Biri Bağdaddan gəldi, bu biri isə öz evindən və məhəlləsindən kənara çıxdı... Əlbəttə, Bağdaddan gələni ziyarət etmək gərəkdi. Biz həqiqətdə məkansızlıq Bağdadından gəldik. Bu əziz şahzadə isə bu dünyanın bir məhəlləsindən gəlir. O halda ziyarət edilməyə biz daha çox layiqiq".  Cavabı Şahzadəyə çatdırdılar. Dinlədi və durub Mövlananı ziyarət gəldi. Qəlbinin ən səmimi sözlərini açdı, tökdü: "Babam demişdi ki, dəmirdən çarıq gey, əlinə dəmir əsa al, Mövlanəni aramaya get. Çünki o ulu kişinin söhbətini dinləmək ən böyük fəzilətlərə yetmək məqamıdı... İndi şahidi oldum ki, babam doğru buyururmuş. Sizin məqamınız babam söylədiyindən də uca imiş. Sənin varlığını vəsf etmək üçün nə söyləsələr də yenə azlıq edər. Sən söylənilənlərdən daha böyük bir kamal sahibisən..." O böyük kamal sahibinin ruhu önündə eyni fikir uzalığıyla baş əyib, bağır basa-basa daxil oluram Konyaya. Bələdçimiz əksi millət vəkili, ədəbi-tarixi məxəzlərin ensklopedik bilicisi, gözəl aydın və insan Abdulla Gəncer oldu. Sultan Yavuz Cemessinə açılan geniş həyətdə unudulmaz bir səmimiyyətlə bizə "Xoş gəldin!" dedi və Konyada olduğumuz bütün vaxt ərzində bilgilərini əsirgəmədi, sonacan bizimlə oldu.

 

"MƏSCİDLƏR  ALLAHA AİDDİ - ALLAHLA BƏRABƏR BAŞQASINI DƏVƏT ETMƏYİN!"

 

Belə yazılıb daş kitabədə.

Hz. Mövlana türbəsinin ümumi mənzərəsi önündə dayanıb tarixin bütün müqəddəsliklərini, paklıqlarını və paklarını xəyalımdan keçirdiyim məqamlarda bu koskoca daş kitabə yazısının ehtiva etdiyi düşüncə fikrimdə dolanmaqdaydı. Eyni düşüncələrlə dönüb ətrafıma, gözlərim önündə qədəm-qədəm açılan, hərəsi bir müqəddəs qapıya dəvət edən küçələrə (sokaklara) nəzər salırdım.

Zamanın çox qədimıliyində Mövlana Həzrətləri Konyanın bir fərqli sokakıyla gəzə-gəzə köhnə bir evin önünə yetişmişdi. Beş-on köpək o köhnə evin ətrafında şən-şən oynaqlaşır, mehribancasına davranırlarmış. Bu durumu görən yetirmələri Mövlanaya dönərək "baxın, bu aşağıladığımız köpəklər biz insanlardan yaxşı davranırlar, qovğa etməkdən yaşaya bilirlər" söyləyirlər. Heç cavab vermir Mövlana. Yetirmələrindən birini göndərib qəssabdan ət aldırır, atır o köpəklərin önünə. Bir tikə ət üstündə köpəklər bir-birini parçalamaq halına gəlirlər. Hz. Mövlana baxıb-baxıb anlatmış: "insanlar da eynən belədi. Arada bir mənfəət yoxkən gözəl-gözəl davranarlar. Ancaq aralarına maddi-mənəvi bir ünsür girincə əski günlərini belə xəyallarına gətirməzlər, bir-birləri ilə dava edib durarlar. O zaman da insanlıqdan çıxıb bu heyvanların sırasına keçərlər..."

Düşünürəm... Aradan uzun əsrlər keçib. Ancaq nə dəyişib? Dəyişə bilmişikmi?

Xəyal etməyin yolu yolçuluqdan keçir. Müqəddəs dərgahlara varmayınca ruhən, mənən böyüməyin yolu yoxdu, gərək yolçuluq edəsən. Deyək ki, mənəvi paklaşmanın bir kudsal çevrələnməsi belədi: Konyadakı tarixi Bağdat otelindən Şeyx Sadrettin Türbəsi və Camessinə 930 metrdi. Buradan Atatürk evinə 220 metr məsafə keçmək gərəkdi. Sonra İncə minarə muzeyinə 400 metr məsafə gözləyir səni. Karatay Mədrəsəsi bir az kənarda - 350 metrlikdədi. 90 addım atdınmı - Alaeddin camesinə yetişəcəksən. Buradan İnlikçi Camesinə 400 metr yol var. Sonra da 250 metrlik yolu keçib Şəms Təbrizi Türbəsinə yetiş. Şerafettin Camesi tam 150 metrlikdədi. Buradan Aziziye Camesinə 270, Süleyman Camisi və Mövlana Muzeyinə 280 m, İstiqlal Hərbi Şehitlik Anıtına 30, Mevlana Kültür Mərkəzinə 100 metrlik yoldur. Toplam şəkildə tarixi Bağdad otelindən Mevlana Kültür Mərkəzinə 3720 metrlik məsafədi. Yeriyib-yürüsən bir saatlıq yol edər. Ancaq bu zaman məsafəsi yüzilliklərin o başını bu başına gətirən anlarla liməlim doludu, hər qədəmdə Onunla başlayan iç söhbətimin ətri, xoş qoxusu duyular. Gül bağçasından Dərgaha aparan yolçuluğun dönəmləri addım-addım izləyir yaddaşımı; 13-cü yüzilliyin Səlcuqlu dönəmi, 14-15-ci yüzillərin Bəylik məqamı, 16-17-ci əsrlərin klassik Osmanlı idarəçiliyi, 18-19-cu əsrlərin Osmanlı yaşamı, idarəçilik tərzinin gül qoxusu addım-addım izləyir yaddaşımı. Tarixi Bağdad otelindən Mövlana Kültür Mərkəzini çevrələyən 3720 metrlik məsafənin son nöqtəsindəyəm: Hz. Mövlana türbəi, muzeyinin dərgahı önündə. Öncə Mövlana dədəmizin kos-koca səsini, nəfəsini duymaqdayam:

 

Ey aşik! Kendine bak da,

insanların işine karışma;

Şu şunu söylüyor, bu bunu söylüyür

deyib durma!

Filan bağa diken diyor,

Filan yasemin diyə çağırıyor

Düşüncelerinə kapılma.

Her söze, her kese aldanma;

Gül  dibi kokmaya bak sen.

Filan sana kafir diyor,

Bir başkası da sana

din adamı diyor...

Vazkeç bunlardan, vazkeç,

Gözünü aç!

Allah sana basaret gözü,

Könül gözü vermiş!

Öyle bir göz vermiş ki,

Senin mağmur bakışlarına karşı

Cabrailin kanadı bile secdeye kapanır.

 

  Doğrudan da "səni yüksəklərə uçuracaq qanadların olduqdan sonra insanlardan sənə nə qəm var?" Mövlana məqamı önündə iç dünyamızdan boylanan "mağmur baxışları", insanı yüksəklərə uçuracaq qanadlara "varlığın, varlığımız mübarək!" şükranlığını zikr edirəm. Dayandığım ahır səkisi, ötdüyüm Turan türküsü, açdığım könül qapısıdı... Hər naxış dil açıb, hər daş dillənib sanki "qədəm basıb asta-asta sən bu diyara xoş gəldin" - deyə önümdə durur. Bu, o yerdi ki, İbn Bibi "Oradakı ağacların meyvəsi ikbal meyvəsi idi, oradakı bülbüllər zəfər nəğmələri söylərdi" deyə təsvir etmişdi. Əlavəsi belədi: "Oranın bütün meyvələri dünyanın iksiri, ağaclarının kölgəsi sevgilərin dinlədiyi yer idi".

Bir anlıq nəfəsimi dərmək üçün dayanıram. Gücümü-qüvvətimi toparlayıram. Dünyanın ən gözəl dualarını vird edirəm dodaqlarım alltında...

Və O qapını açmaq üçün könlümə "buyur" deyirəm. Qulaqlarıma Mövlanənin "Mehrem və mum kibi ol", "dost ol, heç kimsənin kinini ürəyində tutma" səslənişi gəlməkdədi. Oğlu Bahaeddinə öyüdü, nəsihəti belədi:

 

Kötü söyləyici,

Kötü öyrədici,

Kötü düşüncəli olma!

 

Atdığım hər qədəm, aldığım hər nəfəs Mövlananın o gözəl səslənişilə həmahəng, həmniyətdi:

 

Gəl, gəl!

Daha yaxına gəl!

"Mən"i, "mən"liyi,

"biz"i, "biz"liyi burax,

tez gəl!

Zaman keçirmədən gəl.

...Öylə bir gəl ki,

Nə "sən" qalsın, nə də biz"!

 

Ayrı cür gəlməkmi olar bu məqama? Necə arzulanmışsa eləcə qədəm basıram Mövlan türbəsinə. Tək qalmaq, Onunla bir arada olmaq, Onunla pünhan həsbi-halda olmaq üçün. Bilirəm ki:

 

UMUTSUZLUQ QAPISI DEYİL BU QAPI

 

Mövlana dərgahının qərar tutduğu məkan Səlcuqlu sultanının gül bağçası olub. Sultan Aleddin Keyqubad tərəfindən Mövlanənin babası Sultanül-Ulema Bahaeddin Veledə hədiyyə edilmişdi. Cənnətlik Bahaeddin Veledin 1231-ci ildə haqq dünyasına qovuşunca burada dəfn olunmuşdu. Zaman ötmüş, onun mübarək cismin bir parçası olan Mövlana həzrətləri də burada əbədiyyət yuxusuna dalmışdı. İki könül və irfan adamı eyni yerdə dəfn olunmuş, təbrizli memar üzərlərində Yaşıl qülləni ucaltmışdır. Daha sonra yapılan əlavələrlə böyük bir külliyə halına gətirilən Mövlana mərkəzi 1926-cı ilə qədər dərgah olaraq fəaliyyət göstərdi. Təkkələrin missiyası bitdikdən, qapandıqdan sonra Mövlana Dərgahı halına gətiril. Dərgahın giriş qapısından bir qədəm atıram. İç dünyamdan yüzilliklərin o başında tarixləsən unudulmaz bir məclisin gedişatı aydınlaşır...

 

BELƏ NAĞIL EDİLİR

 

Baha Veled Sultanın məclisində vaaz verməkdədi... Dinləyənlər arasında uzun boylu, bilik və mərifət sahibi və sarayın ustalarından Emir Bedreddin Gühertaş da var. O, Baha Veledin üslubuna, zəka və bilgisinə heyran olanlardandı. Ustaddan "aşır" oxumasını istəyir. O da "Möminlər fülah oldular" anlamında Qurandan Mömin surəsini oxuyur, açıqlanmasını söyləyir. Heyranlığını gizləyə bilməyən Bedreddin Gühertaş ustadın əllərini öpür və ona mürid olur. Baha Veled də bu halın şükranlığı olaraq "oğullarım üçün bir mədrəsə yapdır" deyir. Beləcə, "Xudavendigar" mədrəsəsinin özülünə daş qoyulası olur. Həyatının son illərində ricası mədrəsə yapdırmaq olmuşdu Sultanul-Ulema Baha Validin. İndi həmin mədrəsənin yapıldığı mübarək məkanda uyumaqdadılar. Bu dərgahda ilk sərdabə Həzrəti Mövlanəyə məxsusdur. Fanilikdən çox əbədilik dərsi keçməkdə, ölümsüzlük təsəllisi verməkdədi. Böyük söz ustadımız Seyid Əzim Şirvani elə bil Həzrəti Mövlananın dilindən yazıb heç vaxt unutmadığım misralarını:

 

Mövfti, cisman ilə sanma mənim ölməyimi,

Seyyida, ölmərəm, aləmdə səsim var mənim.

 

"Aləmdə səsi olanlara salam olsun" ehtiramı ilə baş endirir, ən pünhan dualarımı virid edirəm Mövlanənin sərdabəsi önündə... Gördüklərimə birər-birər nəzər yetirirəm. Dəfələrlə ziyarət etsəm də, yenə hər şey mənə təzə, ilkim görünür. Elə bil bu gördüklərim yüzilliklərin o tərəfinin xatirələri deyil. Bir çimir yuxu daxilində gördüklərimin gerçəkliyidi...Bu, Mevlanənin oğlu Sultan Vələdin sərdabəsidi... Yanında, söykəyində atası Bahaeddin Veledin uyuduğu sandıqça. Çəmsəddin Abib Çələbi, Ulu Arif Çələbi, Zahid Çələbi, Şeyx Kerimeddin, Vacid Çələbi, Xorasan ərləri burada uyuyurlar; Mövlanənin ailəsilə bir arada, eyni məkanda. Həzrəti Mövlanənin sərdabəsi oğlu Sultan Veledlə eyni örtü altında yan-yanadı. Ağac oymalı naxışları olan yan başdaşı sərdabədə isə atası Bahaeddin Veled uyumaqdadı. Mövlana soyundan və onun müridlərindən olanların qəbirləri də bu aradadı. Bu mübarək zatların çoxu vaxtilə Bahaeddin Veledlə bərabər Bəlxdən gələn Xorasan ərləridi. Behiştlik, cənnətlik insanlardı. Layiq olduqları torpağa, məqama gömülüblər. Mövlananın atasına və özünə aid olan cübbələrə nəzər yetirirəm. Elə bil sahibləri dəstəmaz alıb, namazlarını qılıb, dualarını oxuyub indicə dönəcəklər, sonra bu cübbələri ədəbi-ərkanla üstlərinə alacaq, yan köşədə taxçaya qoyulmuş "Məsnəvi"nin ilk əlyazma nüsxələrinə, "Divani-Kəbir"ə doğru qədəm basacaqlar... Mövlanənin 5 mükəmməl əsərinin 5-nin də əlyazması, cildləri qorunur burda. Bələdçimiz dərin hörmət və sayğıyla Mövlanəyə aid əşyalar haqqında məlumat verir; qızıl və gümüş işləmələrlə süslənmiş Nisan daşı hər baxışda ötənlərin pozulmaz qanunlarını yenidən göz önünə gətirməkdədi. Toplanan nisan yağmurları bu daşda birikdirildikdən sonra Mövlanənin sarğısının ucu bu suya batırılır, sonra həmin su sifa niyətilə paylaşılırmış...

   Hər şey qədimlik, tarix qoxuyur. Qədimliyə və tarixə ehtiram hissi çəkib apara bilirsə cəmi 10-12 dəqiqəlik yolu qət edib Şəms Təbrizinin əbədiyyət yuxusu tapdığı məkanın ziyarətinə yetirsən. Ancaq bu 10-12 dəqiqəlik yol məsafəsi adamı 750-780 illik bir zaman məsafəsinin olaylarından keçirib gətirir. O tarixi zamanlardan ki, Sultanül Ulema Baha Veledi Konyaya gəlişində İplikçi Caminin Güney səmtində yerləşmişdi, İplikçi Mədrəsəsində dərs vermişdi. Burada oğulları üçün Bedreddin Gühertaşdan bir mədrəsənin yapılmasını istəmişdi, lakin burada işləməyə ömrü çatmamışdı. Mövlananın vəfatına qədər evi ilə bitişik olan bu öyrətim qurumu uzun illər boyu ayrı-ayrı adlar altında fəaliyyətini davam etdirmişdi.

Bu, o zamanlar idi ki, Səlcuklular zamanında "Mövlanə" anlamında "Xudavendigar" sözü işlənirdi və bu xitab da Baha Veledin özünə aid idi. Çünki Baha Veled heç zaman oğlunu adıyla çağırmamış, həmişə "Xudavendigar" deyə xitab etmişdi. Hz. Mövlana bu mədrəsəyə xüsusi bir duyğuyla bağlı idi və "bizim mədrəsəmiz vəlilərin mədrəsəsidi" deyə anladardı. Bu mübarək məkanın bir köşəsini o, könül dostu, ruhdaşı Şəms Təbrizi üçün ayırmışdı. Şəms Təbriziyə olan heyranlığını, mənəvi bağlılığı bütün zamanların dostluq örnəyi olaraq tarixə köçmüşdü. Bu hörmət o qədər ucalmışdı ki, Mövlana oğlu Sultan Veledi Şəms Təbriziyə mürid seçmişdi.

 Nə yazıqlar ki, asilərin, ruhsuzların bulandırdıqları sular daşıb-daşıb da məcrasını aşa bildi...

 Nə yazıqlar ki, bu mənəvi bağlılıqları qıran qaranlıqlar hələ də aydınlığa çıxa bilmir...

 

KONYANIN GÖZ-BƏBƏYİ MERAM

 

Meram bələdiyyə başkanı Dr.Sərdar Kalayçı haqlı olaraq Merami Anadolunun ən önəmli tarix və mədəniyyət mərkəzlərindən olan Konyanın göz-bəbəyi adlandırır. Tunc dövrünə qədər ulaşan zəngin tarixi ilə Meram bir çox müxtəlif, dəyişən mədəniyyətlərə ev sahibliyi edib.  Eyni zamanda, Səlcukluların İzniki 1097-ci ildə Bizans imperatorluğundan almasından sonra Səlcukluların baş şəhəri-paytaxtı olan Konya bir çox tarixçi və səyyahların əsərlərinin mövzusuna çevrilmişdi. Bu şəhərin kutsal gözəlliklərindən 1332-ci ildən yönü bəri İbn Battütadan tutmuş Evliya Çələbiyə, İbn Bibiyə qədər bir çox tarixi şəxsiyyətlər ən səmimi ürək sözlərini söyləmişlər. Evliya Çələbi Konyanı ziyarət edərkən Meramı Belqraddakı  Valiva, Budın, Sudan, Mora və Alaşəhər kimi mədəniyyət mərkəzləri ilə müqayisə edir. Meram bu təsvirlərdə su, yaşıllıq və tarix qoynu, qucağı kimi qələmə verilir.

    Meram kəlməsi "Amac, arzu, hədəf, qayə, mövzu" anlamındadı. Meram şəhər mərkəzinin batısında 8 km məsafədə, batıdakı Loras dağının dik meyilli çılpaq yamacları boyunca Konya yönünə doğru yelpazə kimi açılan bir yaşıllıqlar məkanıdı. Əsl gözəlliyini Səlcuklular zamanında əldə edib. Bu gözəlliklər Koramanoğulları, Osmanlılar və Cümhuriyyət dönəmlərinin quruculuq işlərilə zaman-zaman artıb, çoxalıb. Hasan Özender haqlıdı ki, Meramın Mövlanalı və Mevlevili zamanları Səlcuklu başkəndi Konyanın tarixinə unudulmaz xatirələr bəxş etmişdir. Bu məkan o qədər əfsunkar ki, yüzillərin o başında Konyaya gələn ünlü müsafirlər, bəylər, şahzadələr, sultanlar Meramda qarşılanırdılar. Dördüncü Sultan Murad 1637-ci ildə Meram bağlarında dincəlmiş, "Cedididiyye", "Hadaka-i Maarif", "Sefiyye" adında məktəblər o zamanlarda fəaliyyətə başlamışdı. Yaxşıya, xeyirə doğru dəyişmək, inkişaf etmək Konyanın, özəlliklə də Meramın ruhundan, yaşam tərzindən irəli gəlir. Həzrəti Mövlanənin özü də bu dəyişmənin, yeniləşmənin bayraqdarı, məsləhətçisi olmuşdu. Bu barədə deyilənlər, hekayət edilənlər saya-hesaba gəlməz. Tək bircəsini yada salmaq kifayət edər ki, bu böyük insanın düşüncə ənginliyinin çevrəsini fəhm edə biləsən... Tək bircəsini:

 

"SƏNMİ YAŞLISAN, SAQQALINMI?"

 

 Bir gün Mevlana Həzrətləri könül dostlarıyla bərabər Meram məscidindən şəhərə dönürmüş. Qarşılarına çıxan bir rahib onlara baş endirib təzim edir. Mövlana ona ötəri bir nəzər salıb sorur: "Sənmi yaşlısan, saqqalınmı?"

Rahib "Mən saqqalımdan iyirmi il böyüyəm-deyir, - o, daha sonra çıxdı".

Mövlanə bu cavabı alınca belə deyir: "Ey zavallı, saqqalın səndən daha sonra çıxdığı halda dəyişdi və kamala yetdi. Sənsə əvvəllər necə idinsə, indi də o cür qalıbsan; siyahlık və pərişanlıq içində üzürsən. Əgər dəyişməz və olğunlaşmasan, yazıqlar olsun sənə!"

   Meramın öz kudsal, pirani keşmişini hifz etməklə bərabər modern şəkildə yeniləşməsi, çağdaş dünyamızın ən üstün dəyərlərinə sahiblənməsi Mevlana nəsihətindən, Mövlana münasibətindən gəlir. Bu dediklərimizə şahid olmaq üçün Mecideyi Camesi səmtdən Meramın hüsnü-camalına bir baxışlıq göz yetirmək bəs edər. Ya da vaxt tpıb Yeniyol Ceddesi boyunca yolçuluq edəsən gərək...Meramda hər ağac altı, hər ev bir gözəllik qaynağıdı. Çelebi qonaq evlərinin müsafiri olanlar bu gözəllikləri bir ömür boyunca unuda bilməzlər. “Xamırı, çamuru, mayası eşqlə yoğrulub Meramın” söyləyənlərin zövqünə əhsən. Yıldız köşkünə bircə gecəlik mehman olanlar bu zövqün hardan gəldiyini daha gözəl duyar, gözəl anlayar. Aşbaz Vəlinin Türbə qapısı önündə necə xatırlamayasan bu olmuşları? Bir göz qırpımındaca xəyalın necə qanadlanmasın yüzilliklərin o biri başına: Dərgahın mutfağında odun tükənibmiş. Aşçı Vəli "Nə yapalım?" deyə Mevlanadan xəbər alır. O da cavabında ayaqlarını qazanın altına salıb bişirən aşbazın hekayətini nəql edir. Bir az sonra həmin yerdən keçən Mövlanə durumu görərkən ""vay, atəşbaz, vay!  deyərək gülümsünür. Aşçı Vəli Şemseddin Yusufun adı o gündən-bu günə "Atəşbaz Vəli" olaraq qalır. 1265-ci ildə haqqa qovuşur, türbəsi Səlcuklu dövrünün Meram yolu üstündədi. O səmtin adı "Aşıklar" deyə anılmaqdadı. Burası bir hüzur köşəsidi. Uzaqdan, yaxından gələnlərin qalması, dincəlməsi və ədəbi məclislərə qatılması üçün yanında bir zaviyesi də var. Meramın hər daşından, hər qədəmindən bir Mevlana xatirəsi oyanmaqdadı. Cemel Ali Türbəsinin qədim-qayğınlığı şahiddi ki, bu deyilənlər doğruların doğrusudu. Cemel Ali Dədənin Mövlananın Lələbəyi, baxıcısı olduğu söylənir. Sultanu-Ulemanın könüldaşlarl ilə bərabər Konyaya gəldiyi bilinir. Gəlmiş, o böyük şəxsiyyətlərə bir ömürlük xidmət etmiş və haqq dünyasına qovuşmuşdur. Məzar və türbəsi Dürud səmtdəydi. Burası 5-6 yüz il əvvəllərə qədər Meramın ən canlı, ən qaynar yeri olub. Yaya yolundan Meram, Göycegiz və Dere səmtinə buradan keçilir. Mevlevi dərvişlərin, Çələbi həzrətlərinin xatirəsi, ruhu burada uymaqdadı. Cemel Ali məscidinin bir adı Dədəbağı, bir adı da Təkkəbağı məscididi. Bir az yorğun-arğın görünməyi var. Olubsa, yıxılıb hamamı belə... Yeddi sərdabədən biri Dədəyə, digərləri yaxınlarına aiddi.

 

MERAMI MERAM EDƏN ÇAY

 

Adını anmamaq imandan deyil... Meramı  məram edən, "Yaşıl olur bu Konyanın Meramı" dedirdən çayın haqqına sayqısızlıqmı göstərmək olar? Minillərdi axmasına ara vermir. Konya ovasına həyat verən ölümsüz su qaynağıdı Meram çayı. Körpü üzərindən axışına baxdıqca ulu çinarların şəkillənməsi bəhsləşər kölgənlə. Böyüklü-kiçikli körpülər arasında ən önəmli olanı Meram körpüsüdü. Səlcuklular dönəmindən salındığı və ya Karamanoğulları zamanında yeniləndiyi bilinməkdədi... Gedavetdən bəhs etməyin məqamı gəlib yetişir. Tanışlıq verməyə bilmirəm; ruha lətafət verən dadlı bir məlhəm kimidi. Bir su ki, gül-çiçək, çəmən ətri daşıyar, ciyəri təmizlər ömrü təzələr. Meram vadisinə, quzey yaxasındakı Kadıyoxuşundan daxil olub, güneyə çıxar. Tavusbaba türbəs ilə Hasbeyoğlu məscidinin kuzey ətəyindəki Cənnət qayalarını yalayaraq ətrafa həyat bəxş edir, sonra ovalara yan alıb gedir. Burdan baxanda könül qanadlanır Şahanə körpüsü səmtə, Xatunsaray yolu üstünə marağın qov kimi qovur cismini. Məram ən gözəl günlərini Səlcuklu və Karaman dönəmində yaşamış, bağlar, bağçalar arasına məscidlər, külliyələr yapılmışdır. Sahib Ata Camesinin var olma tarixi 1253-cü ildən hesablanır. İplikçi 1201-dən öncə yapılıb, Hoca Hasan 13-cü yüzildə. Daş məscid 1215-ci ilin yadigarıdı. Erdenşihın yaşı 1220-ci ildən, Abdul Əzizinki 1253-cü ildən hesablanır. Ondan 4 il sonra Abdulmömün inşa edilib. Aksinne və Bulgür tənkəsi 13-cü yüz ilə, Azizeyə 1876-cı ilə aid abidələrdir. Meramda  Sərçəli Mədrəsəsi  Bedreddin Mühlisə aiddit, 1242-ci ilin abidəsi olaraq qorunur. Anber Deis (1264), Atəşbaz Vəli (1285), Serhavan (Əmir Nurəddin – 13-cü yüz il), Turqutoğlu Türbələri (1432) koskoca ərdəmliyi ilə tarixə yoldaşlıq edir. Hələ bir Qızılörən (1206), Quruçeşmə (1205), Pambıqçı (14-cü yüz il) sarayları... Hansından söz açım, hansından danışım? Bəlkə Meramdakı külliyələrdən başlayım?.. Ən öncə Sahib Ata Külliyəsi gəlir, kitabəsinə görə 1258-ci ildə memar Kəlük bin Abdullah tərəfindən yapdırılıb. Əsas yanı 19-cu yüzilin sonlarında yanmış, hazırkı yanı onun yerində ucaldılmışdı. Mərmər işləmələri göz çəkir. Çini mehrabı öz dönəminin ən yaxşı örnəklərindən biridi. Mehrab çini sütunlarla çevrələnib. Füruzə rənginin kölgələnməsi ən müxtəlif çeşidlərlə bir araya gəlib. Camienin güney səmtində Sahib Ata Xangahı yer alıb. Kitabəsinə görə 1279-cu ildə Allahın mömin qullarına mənzil və takva sahibi sufilərə məskən olaraq inşa edilmişdir. 1283-cü ildə Hangahın quzey eyvanına türbə yerləşdirilmişdir. Sonra gəlir Sahib Ata Türbəsi... Türbəni hazırlıq bölümündən ayıran kəmərin üzərindəki yazıya görə Səlcuqlu vəzirlərdən Sahib Ata Fəxrəddin Ali tərəfindən yapdırılır. 13-cü yüz il Səlcuqlu dönəminin olaylarını özündə cəmləyir. Ortasındakı çini sərdabələr üzərində qabartma yazılar, bilgisel süsləmələr yer alıb. Sərdabələrin ən böyüyü Sahib Ataya aiddi. Digərlərində oğlu Taceddin Hüseyn, Nəsrəddin Hasan, qızları Seyidə və Məsumə Məlikə Xatun ilə yaxınlarından Şəmsəddin Məhəmməd uyumaqdadırlar.

Hər birinin sərdabəsi önündə ayaq saxlayır, fatehə verir, dua oxuyuram.

Yazılması, ifadə edilməsi mümkünsüz olan bir sükut düşüncələrimi çəkib, çəkib aparır.

Xalq arasında Sultan hamamı kimi tanınan Sahib Ata (Sultan) hamamı burdadı. Səliqə-sahmanı bircə baxışdan hiss edilir, sadə görünüşlüdü. Qeyri-ixtiyari pəncərələrinə sataşır gözüm. Sayıram: bir, iki, üç, dörd, beş... Bir qapısı baş tərəfdən, biri yandandı. Qadınlar bölümünə güney-batı köşədən girilərmiş. Bu bölüm kişi bölümü ilə simmetrikdi.

    Və nəhayət Sahib Ata Çeşməsi... Camisinin doğusundadı. Kitabəsi qeyb olub. 19-cu yüz ilin abidəsi olaraq qorunur. Son illərdə bərpa edilib. Üçlər məzarlığı ilə Mevlana muzeyi arasından keçib gedən tramvay yolunun bir ucu Aleddin təpəsi və Camesinə, bir başı isə Aslanlı qışlağına dirənib sola burulur. Mevalana Kültür mərkəzinin Topraklı tramvay xətti boyunca keçib Harmanlardakı su seçməsinəcən yürüyür. Topraklı su çeşməsi üçlər məzarlığının sol tərəfindədi. Məzarlığın Kərimlər səmti arası Koyuntoğlu muzeyi, İstiqlal şehitliyi, Üçlər mərkəzinin sağ tərəfini çevrələyib. Aslanlı qışlası səmtdən Konya mədəniyyət mərkəzi göz oxşayır. Buradan Mevlana Kültür mərkəzinə 10-15 dəqiqəlik bir məsafə var. Şehit Nazim bəy camesi Mevlanə muzeyinin sol səmtindədi. Buradan körpübaşına, Makiboğlu camisinə aparan yollar keçir. Sahib Ata camesindən, Sahib Ata külliyyəsindən keçən yolların bir ucu Yavuz Səlim camisinə aparır. Konya Dövlət Teatrının möhtəşəm binasına yol burdan keçir. Atatürk Anıtına buradan yol ayrılır. Eləcə də Qazi liseyinə, Amber Reis camesinə, Şeyx Sedreddin Konevi Türbəsi və camesinə. Qazi lisesi səmtdən Atatürkün ev muzeyinə aparan yol bir göz qırpımı qədərdi. Hacı Hasan Camesi sol tərəfində, Abdulmömin məscidi sağda... Ondan da sağ səmti Tahir Paşa camesi çevrələmiş... Bir az da sağda Sərçəli mədrəsəsi öz kudsal, mistik durumu ilə gəlişimizə qucaq açır. Bələdçi bu mədrəsə haqqında ətraflı bilgi verir, xatirə şəkili çəkdiririk. Bu səmtdən Aliaddin bulvarı, Aliaddin türbəsi və camesi apaydın görünür. Az əvvəl bizi götürən arabalar bu ətrafı dolanıb keçmişdi. Dönəcəyimizi  bilirdik. Hava qaralmamış bir sıra tarixi abidələrə baş çəkib yenidən bu səmtə dönəcəyimizi qərarlaşdırmışdıq. Döndük də... Ziyarət etdiyimiz camelərin,  anıt mərkəzlərinin paklığını, tarixi vüqar, fəxarət duyğularını qəlbimizdə sıxğ-sıx tutaraq döndük. Daş pillələrdən qalxan xəfif ayaq səslərimizi içimizə çəkə-çəkə döndük. Yığın-yığın xatirələrin, çeşidli tarix dönəmlərinin uyğusunu qaçırmamaq, ancaq nəfəsini, gerçəkliyini qoxumaq amacıyla yürüdük. Ayaqlarımızla yox, qəlbimizlə irəlilədik, duyğularımızın gül ətri götürdü bizi. Mənimlə bir arada olan səfər yoldaşlarımın baxışlarındakı şükranlığı, nostalji duyğu coşğunluğunun nədənliyini tam çevrəsiylə duyur, anlayıram. Bütün bu tarixi abidələr, kidsal muzeylər arasında insanlarla bir cərgədə addımlamaq, fikirlərini bölüşmək, münsibətləri açıqlamaq necə də ələdüşməz bir xoşbəxtlikdi. İç dünyamdan Mevlananın ərdəmli, koskoca öyüd-nəsiyyəti, unudulmaz səslənişi əks-səda verir:

 

Dünyada nice diller var, nice diller,

Amma hepisində anlam bir.

Sen kanları, testleri hele bir kır,

Sular nasıl bir yol tutar, gider,

Hele birlige ulaş, hır gürü, savaşı bırak.

Can nasıl koşar, bunu canlara iletir.

 

Aleddin təpəsindən göz yetirib baxanda Meram ovuc içi kimi görünür. Ancaq göz önündə olanlardan çox abidələşib tarixə  gömülənlərin xatirəsi çəkir adamı. Aleddin türbəsinin özündə ehtiva etdiyi tarix atdığım hər qədəmdə “mənə dön, ruhumu oyat” səslənişi edir. Gəncəli şair Məhsəti xanımın rübaisindən deyimlər keçir yaddaşımdan: “Küzə dilə gəlib dedi ki, mən də sənin kimi idim, bu günə qaldım...” Konya tarixinin qızıl səhifələrində yer almış bir çox tarixi şəxsiyyətlərin ruhu Aleddin camesində bir arada uyuyur. Xəyal məni yenə Mevlana, Konevi mütəfəkkirliyinin iç dünyasına çəkir. Bu came önündə dayanıb da Mevlana yaşamının, Konevi düşüncəsinin dərkinə varmamaq mümkün deyil. “Dərviş kimi yaşar, padşahlar kimi uyuyaram...” – bunu Mevlanə həzrətləri vəsiyyət olaraq buyurub. Konevi isə bir başqa tərzdə, ancaq eyni əxlaq ucalığıyla ifadə edib münasibətini: “Padşahlar kibi yaşar, dərviş kibi uyuyaram...” Hər iki halda ruhun əbədi paklığına sığınır bu dahi şəxsiyyətlər. Biri o birini təkzib etmir. Sadəcə olaraq eyni müstəvinin fərqli tərəflərindən bəhs edirlər.

Aleddin təpəsi və camesi önündə dayanıb bu eyni anlamlı fərqli deyimləri dönə-dönə xəyal edirəm...  Bu təpənin lap əlyetərində II Kılınc Arslan köşkü yer alıb. İnci minarə mədrəsəsi sol üzdədi. Hava şehitliyi sağda. Bir az ondan sola Kültür parkı, sağında İlhaq kitabxanəsi, bir az da sağda Ağ cami... Karatay Mədrəsəsi, Sakahani Xızır İlyas məscidi, Tarixi Dədə Bağçası, Hacı Veyiszadə camesi və külliyyəsi, Tacül Vəzir türbəsi, Fatma xatun Ferhudə Süd təkkəsi, Yazarlar Birliyi Evi, Selimiyə çörəkxanası, Algav zaviyəsi və Mahmudiyyə mədrəsəsi bir aradadı. Zindanqala bir az aşağıda, solda yer alıb. Hacı Veyiszadə camesindən bir az solda Konya Böyük şəhər Bələdiyyəsi qərar tutub. Buradan Xalçaçı camesinə aparan yol İstanbul səmtinə aparır. Necə ki, Hacı Hasan camesindən sol üzə aparan yol Kazın Karabekir camesi istiqamətində Tarixi Meram Körpüsünə aparır.Konya Böyük şəhər Bələdiyyəsinin sol səmtindən az məsafə var ki, Beyşecir, Hoca Cihan, Quruçeşmə Hanı və Qızılörən Hanı səmtinə yetə biləsən; Konya Atatürk stadionundan Klistra arası məsafə qədər. Aleddin təpəsinin və camesinin sağ çevrəsini Qazi Mustafa Kamal ilk öyrətim məktəbi, Mərkəzi Bank, Sənaye məktəbi, Şərafəddin camesi, İplikçi cami, Ziyarət Bankı, Konya valiliyi, Əski Osmanlı Bankı, Şəms camesi, Zenburi məscidi qapayır. Xınaçı məscidi, Əmir İshaak bəy, Seyfeddin Karasünşür türbələri, Kiçik Karatay mədrəsələri bu səmtdədi. Yan tərəfində də Qız məktəbi... Tercemal məscidi Sitti Banu məscidinin lap əlyetərindədi. Bir az Şerefeddin camesi səmrində Karaslan türbəsi və məscidi tarixə yoldaşlıq edir. Adlar sırasında şehid Nazim bəy camesinə yaxından-yaxın olan Nuh əfəndi Hamesinin adını çəkməsəm ruhum ağrıyar. Hacı Əliağa Tüfəngçi, Hacı İbrahim, Mecidiyyə saraylarının tarix qoxuyan xatirəsini anmayıb keçməkmi olar  Qışlar Saray Camesi, Mevlana mədəniyyət mərkəzi, Konya mədəniyyət evi ilə başlanan bir səmti İşgalman məzarlığı, Şeyxül Evar Rəcəbağa, Hacı Hasan Başı, Mehrikafur Bulgurimam, Doğanlar cameləri, muzeyi- Humayunla, Sultan Veled Camesi ilə çevrələnir. Şeker Furuş Hame ətrafında Şeyx Hasan Rumi, Şeyx Osman Rumi türbələri yer alıb. Hasan Əfəndi camisi Köyümoğlu muzeyi səmtində, İzzəttin Köyünoğlu Evi də sol yanında. Mahmud Dədə, Fatih Dədə, Karakurt, Saatçı cameləri tramvay yolu boyunca bir əldə sıralanıb. Beləcə, 140 mübarək ad, tarixi abidə çevrəsini bir araya alır Meram dünyası; hər birinin xatirəsi önündə ayaq saxlamaq, adını anmaq boynumuzun borcudu. Dönüb bir də yenidən baxıram; Tacül Vəzir, Piri Mehmet, Kadı Mürsel, Kanı, Selimiyye, Cıvıloğlu, Senhevan, Ahu Baba Kadılar, Kürkçü, Abdulazaz, Asri camelərinin önündə ehtiramla baş endirib, bağır basdımmı? – basdım. Tarixi Dədə  Bağçasını seyr etdinmi? – etdim... Yusufağa kitabxanəsinə baş çəkdinmi? Ayrı cür ola bilərmi? Balıqlı, Fuar, Dolan Məktəb, Buğday Bizarı, Mehmet Ağa, Devri Cedid çeşmələrinin dupduru, abi-kövsər suyundan içdimmi?-içdim...

İxtiyarəddin, Karaəli, Çuxur Məhəllə, Sarı Çimilli, Nuh Əfəndi, Hasan Əfəndi, Hacı Veys camelərini göz, könül, düşüncə yaddaşıma köçürdünmü? – köçürdüm.

Bütün bunlar öz tarixi məqamında unudulmaz, doyulmaz və əzizdi. Ancaq Sadreddin Konevi Camesi və türbəsinin yaddaşımda oyatdığı unudulmaz duyğu ayrıca qeyd etməyə bilmirəm...

 

BU O SADREDDİN KONEVİDİ Kİ...

 

Ömrünün son anlarına qədər Mevlana həzrətlərinin qəlbi bu mömin şəxsiyyətə qarşı səmimi bir məhəbbət hissiylə dopdolu olmuşdu!

Mevlananın ən ağır durumlu vaxtlarında ona Allahdan sağlamlıq təmənnası umanların ilki, birincisi Sedreddin Konevi idi.

Mevlananın son nəfəsində cəmlənib göz yaşları tökənlərə məhz Sedreddin Konevi səslənmişdi: “Nurun Nura qovuşmasını  Ona yetməsini istəmirsinizmi?!”

Çelebi Husameddin həzrəti Mevlananın vəfatına yaxın ondan sormuşdu ki, cənazə namazını kimin qalmasını istərdiniz... “Şeyx Sadreddin hepisindən evladır” söyləmişdi Mevlana.

Mevlananın vəsiyyəti üzrə bu özəl lütf Sadreddinə nəsib oldu. Vaxt yetdi, zaman çatdı. S.Konevi cənazə namazına başlamaq üçün irəli yeridi... Bir-iki qədəm atdı və... hıçqıraraq özündən getdi. Gecdən-gec toparlandı, vəsiyyət edilən namaz ayinini yerinə yetirdi.

Rəvayətə görə o məqamda bayılmasının səbəbi önündə mələkləri sıraya düzülməsini və məxsusi olaraq Həzrəti Peyğəmbəri (s) görməsi olmuşdu.

Bu mənzərəyə şərh verənlər isə həmin məqamda Sadreddin Konevinin öz həyatını qeyb etdiyini və əvəzində Mevlananın cənazə namazını imamətə keçən Kadı Siracəddinin qıldığını israrla qeyd edirlər.  “Konevinin düşüncə tarixindəki yerini anlaya bilmək üçün, öncəliklə onun ana mövzusunu təşkil edən elmi-ilahi, başqa bir ifadəylə, Metafizikin anlamına nəzər salmalıyıq” söyləyən Ekrem Demirlə ortaq fikirdəyəm. Yüzdə-yüz haqlayıram ki, İmam Əbu Hənifənin buyurduğu kimi, “Saleh, alim və arif insanların yad edildiyi yerə rəhmət və bərəkət enər”.

Bu ölümsüz düşüncələrlə baş-başa ziyarət edirəm Sadreddin Konevi Camesini.

Bilirəm ki, Konyada Selcuklu kitabxanalarının ən önəmlisi 1274-cü ildə daş qalanın Çeşmə Qapısı yaxınlığında qurulan Şeyx Sadreddin Konevi kitabxanası olub. Özündən və babasından qalan kitablar bu məqamda bir araya gətirilib. Sadreddin Konevinin babası Malatyalı Mecdeddin İshak Anadolu Səlcukları dövləti xidmətində olmuş, bir neçə dəfə diplomat olaraq Bağdada getmiş, Mosul və Cizrədə tanınmış elm adamları ilə əlaqə saxlamışdı. Belə bir şəxsiyyətin tərbiyəsini almış Konevi uzun müddət Şamda yaşayan hocası İbnül-Arabinin yanında qalmış, onun  yetişdirdiyi ən tanınmış tələbəsi və araşdırıcısı olmuşdur. 1274-cü ildə vəfat etdikdən sonra vəsiyyətinə görə bugünkü türbəsi yapdırılmışdır. Manzumə içərisində zaviyə, məscid, kitabxana, türbə, çeşmə və şadırvan yer alıb. Mənbələrə görə bu məkanı Sadreddin Koneviyə xəstə bir uşağı sağalda bildiyi üçün Selcuklu dövlət xadimi Xocacaxan bağışlayıb. Camenin kitabəsinə nəzər salıram. Tam bir örnək, həyat dərsliyi  nümunəsidi. Yazılanları söz-söz, hərf-hərf yaddaşıma köçürməyə çalışıram: “Burası, Muhakkık (həqiqətə yetmiş) və Rəbbani alim Muhamed oğlu İshakın oğlu Şeyx, İmam Muhamed Sadreddinin (Allah ondan razı olsun) türbəsi və onun mübarək imarətidir. Yenə burada qəlb və qəlbləriylə tam şəkildə Allahu-Təalaya yönəlmiş olan insanlar üçün vəsf edilmiş olan kitabların içərisində yer aldığı kitabxana mövcuddur. Bu kitabların nələr olduğu və hansı şərtlərlə  vəqf edildiyi vaqiyəsində bildirilmişdir. Bu bina hicri 673-cü ildə inşa edildi”.  Kitabxanadakı 167 əsərin bir ara Turqutoğlu Türbəsinə, daha sonra Yusid Ağa kitapbxanasına daşındığı bilinməkdədi. Caminin doğusunda Şeyx Sadreddin Konvinin türbəsi qərar tutub. Hər qədəmimdə nəfəsimi içinə çəkib ziyarətinə əyilir, dua edirəm. Kitabəsindən oxuduqlarım kıpır-kıpır oyadır yaddaşımı: “Sabahın izzet ve devlete yakın ve kapın da hacet sahiplerine açık olsun”.

“Amin” deyirəm ürəkdolusu...

Ardınca Sadreddin Konevinin vəsiyyəti sədalanır yaddaşımda: “Dostlarıma və mənə müntəsip olacaqlara məni müsəlmanların qəbrinə qoyduqdan  sonra ilk gecə yetmiş min kərə “La ilahə İllallah”  zikrini gətirmələrini; vəfatımda hazır bulunanlardan hər birisi yalnız başına bakar, sükunət və hüzur içində Allahın əzabından mütləq anlamda qurtuluşuma, Allahın məni bütün əzab və cəzalandırma türlerindən və əzabının hökmlərindən azad etməsinə niyyətlənərək yetmiş bin La-ila hə İllallah oxumalarını vəsiyyət edirəm.  Bu, bizə bu mövzuda Allahın peyğəmbəri Həzrəti Məhəmməddən gələn mətləbləri təsdiq etməmizə görə Allahın qəbuluümid edilən duadır...”

Eyni əxlaqi dəyərləri Hoca Fakih Külliyəsinin kitabəsində yazılanlar da ehtiva edir. Bu mübarək zatın türbəsi və məscidi Konyada şəkər fabrikasının arxa qapısının qarşısında, əski  Bəyşəhər yolu ilə Meram-Yaka yolunun ayrıldığı yerdə qərarlaşıb. Bu səmtdə yer alan Karatay məscidi ilə arası məzarlıq olduğu bilinməkdədi.

Mənbələr qeyd edir ki, Hoca Fakih Ahmed Mevlananın babası Bahauddin Veledin həm tələbəsi, həm də müridlərindən biri olub və onun haqqında bilgi verən Hacı Bektaşi Vəlinin “Vilayətnamə”sində də bu barədə deyilənlər var. Bektaşiyə görə Ahmed Fakih Emir Cem Sultanın xəlifəsidir. Bütövlükdə Konya mənəvi sultanlar məkanı olaraq ruha və düşüncəyə daha yaxın olan bir məkandı.

  Konyada uyuyan Peyğəmbər və Evliyalar haqqında o qədər tarixi məxəzlər, bilgi və qaynaqlar var ki! “Konyada haqlarında bilgi bulunan-bulunmayan yüzlərcə elm adamı olan Vəli və Nəbiyi bağrında barındıran üç mərkəz qəzadan birisi Meramdır”. Bu qutsal məkanla bağlı olan tarixi şəxsiyyətlərin təkcə adlarını sayası olsaq gərək cild-cild kitablar bağlayaq. Türbəsi Meram təpəsi yamaclarındakı yaşıllıqlar və Karamanoğlu dönəmi tarixi abidələri arasında yer tutan Tavus Baba (Hatəmi Dədə) haqqındakı ayrıca bəhs edimmi? Nə yazıqlar ki, zaviyəsinin dəqiq yerini göstərməyimiz imkansızdı... Müridi Pirevi Sultan sağ olaydı kaş! Halıncı Baba, Şeyx Osman Dumi, Hasan Dumi sağ olaydı kaş! Bu unudulmaz, dadlı nağılı yenidən, birər-birər dilə gətirəydilər, söyləyəydilər yerli-yataqlı: “Sultan Ahmet Yesevinin ağacdan bir qılıncı vardı. Gətirib hörmətlə Sultan Hacı Bektaşi Velinin belinə qurşadı. Və sonra ocaqda yanan tut ağacının bir budağını götürüb qovzayaraq Anadoluya doğru tulladı. “Dumda bunu tutarlar” dedi. O yanan budağı Konyada Sultan Xoca Fakih əl atıbh tutdu və  hücrəsinin önünə sancdı. O yanan tut budaı Allahın qüdrətindən göyərdi, bitdi, bar gətirdi”.

Bütün tarixi abidələr mübarək bir zatın mübarək əlləriylə dünəndən bu  günə ünvanladığı o yanan, od tutan tut budağı kimidi. Həmişə müqəddəs məkanlara doğru ox kimi süzür. Gərəkdi ki, onu saxlaya  bilən pak əlin ola, hücrənin qapısına saf niyətlə sanca və göyərdə biləsən. Göyərdə bildinsə tarixinin barını gətirəcək, nəslin, nəcabətin, millətin barınacaq, sahib çıxacaq bu ömür ağacına...

   Kiçik Karatay Məscidi belə səsləniş edir öz tarixi yaşantılarıyla... Məscidiyyə camisinin ehşar minarəsindən yüksələn azan səsi bu həqiqəti anlatmaqdadı! Sahib Ata türbəsinin  naxışları eyni düşüncəni daşıyır. Erdenşah, Kömürçülər, Nuriye, Sarı Cimili camelərində zikr edilən dualar belə qoxuyur...

Konya 1097-ci ildə izninin Bizansa təslim olması səbəbindən Selcukluların baş şəhəri olaraq tanındı, yüksəliş dövrünü yaşadı. Bunu lap ilkdən, əvvəldən söyləmişdik. XII-XV əsrlərin siyasi qovcaları sonucunda dövlət mərkəzi olmaq durumuna  son qoyuldu, əvvəlki canlılığını itirdi. Ancaq qos-qoca tarixi zaman-zaman Meramın ən ünlü əfsanələrinin mövzusu olan Qızlar qayası kimi ərdəmli, Daş Məscid kimi kudsal, Meram çayı qədər şəffaf qaldı. Yenə də müsafirləri sım-sıx gəlir. Yetər ki, Evliya Çələbinin məhrəm, doğmadan-doğma nəzərləriylə baxa biləsən, Mevlana, şeyx Sədrəddin, Şəms Təbrizi əxlaqıyla təziminə əyiləsən. O da eyni doğmalıqla gəlişinə könül aça, “bəri gəl!” deyə:

 

 

Beri gel, daha beri, daha beri...

...Sen bensin işte, ben senim işte!

 

“Meram bir az məkandır, bir az da insan!” söyləyən tarixçi Saim Sakaoğluna ehtiramla “Düz buyurmusunuz, əfəndim, yüzdə yüz belədi!” səslənişimi  boğa bilmirəm. Yenə də unudulmayan xatiratları dinləyib dururam: “Həzrəti Mevlana Hüsameddin Çelebinin bağında qonaqmış... Sübh çağı bağçada dolaşarkən bülbüllərin nəğmələri Həzrəti Pirin zikrinə qarışır. Məsnəvi şairi də öz səmimi istəyilə bülbüllərin susmasını istər.  Yəni, iki gözəlliyin bir arada olmasına şaşırır, istəmir bülbüllərin xoş cəhcəhi Mevlananın xoş avazını eşidilməz edə. O gün-bu gün, Meramda bülbül ötməz deyirlər...” Ancaq Meramda xatirələr birər-birər ötməkdədi və biri o birinin haqqına sahib çıxası da deyil. “Merama üç yolla yetmək olar” deyilməkdədi... Ən qədim adıyla əski yoldur. Yenisini də eyni adla anırlar; Yeni  yol! Bir də Aşkandan dolaşıb Yakadan keçəndi...

    Məncə Meramın bir əbədi, dəyişməz və doyulmaz yolu var ki, o da Könül, Qəlb yoludu. Deyirlər İkinci Dünya savaşı ərəfəsində bir tanışı Tayyip Ağaya öz məqamını bildirmək istəyir:

-Aman, Tayyip Ağa, bu dünyanın taleyi nə olacaq? Tayyip Ağa halını pozmadan soruşur:

-Nə var, oğlum, bu dünyanın halında?

-Nə olacaq, Tayyip Ağa, baxsana dünyanın hər tərəfi yıxılıb gedir.

Tayyip Ağa bu dəfə də halını pozmadan cavab verir:

-Yıxılırsa yıxılsın, oğlum, dünya yapılarkən daşını sənmi daşıyırdın?..

Dünyanın əbədiliyinə dönməz inamın ifadəsi, şəkillənməsi belədi. Tayyip Ağa əmin-arxayın idi.

Konyanın əbədiyyət qoxuyan durumu da böylə anlatmaqdadı. Keçmişindən və gələcəyindən arxayındı.

 

Çokmu Mühlis “sus!” xitabı susdurursa bülbülü

Daşa təsir etdirir fərmanını Mollani-Rum...

 

Şair Mühlisə məxsus olan sözlərdi; Mevlana muzeyindəki bir lövhə üzərində həkk olunub.

Ən doğru olanı budu.

Fərmanı daşa təsir edənlərin izi əbədiyyət səhifəsinə düşər.

Konya bir əbədiyyət səhifəsidi – onu ruhən, tam çevrəsiylə, anlamıyla yaşaya bilənlər üçün!..

# 2025
avatar

Qənirə Paşayeva

Oxşar yazılar