Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.
FHN-dən Lent.az-a verilən xəbərə görə, bu çərçivədə, məlumat verildiyi kimi, FHN-in xilasedicilərinin bir qrupu zəlzələnin ciddi zərər vurduğu Türkiyənin Hatay bölgəsində ötən gündən axtarış-xilasetmə əməliyyatlarına başlayıb.
Ümumilikdə, FHN-in qüvvələri bu vaxtadək keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 53 nəfəri sağ, 761 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Axtarış-xilasetmə əməliyyatları xüsusi texniki vasitələr, habelə xilasetmə itlərinin tətbiqi ilə davam etdirilir.
Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.
Qeyd edək ki, FHN xilasediciləri buna qədər Kahramanmaraş şəhərində axtarış-xilasetmə işləri aparırdılar.