Abşeron rayonunda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb.
DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş Asif Məmmədov saxlanılıb. Onun üzərinə və Xırdalan şəhərində yaşadığı evə baxış zamanı çəkisi 2 kiloqram 145 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülüb.
Araşdırma zamanı müəyyən olunub ki, A. Məmmədov şəxsiyyəti istintaqa məlum olmayan xarici ölkələrdən birinin vətəndaşı ilə sosial şəbəkələrdə əlaqə yaradaraq narkotik vasitələri satmaq məqsədi ilə ondan alıb.
Qeyd edilən faktla bağlı saxlanılan şəxs barəsində Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Narkotik maddələrin mənbəyinin müəyyən edilməsi istiqamətində zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.