Ödənişli Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda “VAZ 2121” markalı, 27-BU-310 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə birtərəfli müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət edən şəxslə bağlı yayılan videogörüntü Baş DYP İdarəsi tərəfindən araşdırılıb.
Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, müəyyən edilib ki, özünün və digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atan şəxs Xaçmaz rayon sakini Cavad Fərhadovdur. Etibarnamə olmadan idarə etdiyi avtomobillə nəqliyyat axınına qarşı yüksək sürətlə hərəkət edən Cavad Fərhadov baş verə biləcək ağır faciənin məsuliyyətini dərk etmədən törətdiyi əməli tələsməyi ilə əlaqələndirib. Kobud qayda pozuntularına yol verən sürücü barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.
Baş DYP İdarəsi xoşbəxt təsadüf nəticəsində bədbəxt sonluqla bitməyən belə təhlükəli qayda pozuntularının yolverilməz olduğunu bir daha sürücülərin diqqətinə çatdırır, məsuliyyətsiz qərarların sonradan bərpası mümkün olmayan itkilərə yol açdığını unutmamağa çağırır!