Natiq Namil oğlu Dadaşov
14 yanvar 2021 15:33 (UTC +04:00)

Natiq Namil oğlu Dadaşov

Komadan 20 gün sonra ayıldı: 3 medallı qazi - REPORTAJ

Nitqini itirən, bədəninin sağ tərəfi iflic olan qazinin ixtisaslı tibbi yardıma ehtiyacı var.

Sabirabad rayonunun Xankeçən kəndindən olan Natiq Namil oğlu Dadaşov 2-ci Qarabağ müharibəsində şücaətlə vuruşub.

APA TV xəbər verir ki, Natiq Füzulidən başlayaraq Cəbrayıl, Qubadlı və Laçın uğrunda gedən döyüşlərdə artilleriya bölüyündə topçu əsgər kimi döyüş yolu keçib.

Hücuma keçən piyada qoşunlarına artilleriya dəstəyi verən Natiq oktyabrın 24-də Qubadlıda başından qəlpə yarası alaraq, ağır yaralanıb. Qazinin dayısı Faiq Hacıyevin sözlərinə görə, hospitala yerləşdirilən Natiqi valideynləri 20 gün axtarıb. Komada olduğundan, ailəsi ilə əlaqə saxlamaq imkanı olmayıb. Nəhayət, uzun axtarışlardan sonra valideynləri Natiqi Silahlı Qüvvələrin Baş Klinik Hospitalında tapıblar: “Əvvəl elə bildik, itkin düşüb. Heç xəbər tuta bilmirdik. Həkimlərimizin köməkliyi ilə bildik ki, hospitaldadır. Həkimlər müalicə etdilər. Hazırda vəziyyəti belədir, həkimlər sağ olsun, deyirlər ki, getdikcə düzələcək”.

Döyüş yoldaşları Natiqi ümidsiz vəziyyətdə hospitala yola salıblar. Onun sağ qalacağına ümidləri belə olmayıb. Amma həkimlərin fədakarlığı Natiqin həyatda qalmasına yardımçı olub. Bir neçə gün əvvəl Natiq ailəsinə dönüb. Komadan ayılsa da, nitqini itirib və bədəninin sağ tərəfi iflic olub. Həkimlər ümid verirlər ki, reabilitasiyadan sonra onun danışığı və hərəkəti bərpa oluna bilər.

Qazinin heç bir yerdə işləməyən atası Namil Dadaşov deyir ki, Natiqin reabilitasiyası və sağalması ağır xərc tələb edən bir prosesdir. Ona görə də onun yenidən reabilitasiya olunması və müalicəsi üçün ixtisaslı yardım lazımdır: “20 gün ondan xəbərsiz olduq. Bakıda hospitalda komada olub. Başından qəlpə yarası alıb. Sağ tərəfi işləmir. Danışmır”.

Qayınatası Rafət Xəlilovun sözlərinə görə, Natiqin müalicə aldığı tibb müəssisəsində evinə yola salınan zaman onun yenidən müalicəyə qaytarılacağı bildirilib: “Sentyabrın 21-də könüllü olaraq gedib. Qubadlı uğrunda gedən döyüşlərdə yaralanıb. Ağır travma keçirib. Sağ tərəfi işləmir. Yeriyə bilmir, danışa bilmir. Valideyninin də heç bir imkanı yoxdur. Biz də xahiş edirik ki, onun müalicəsi üçün kömək olunsun”.

Natiq Dadaşov iki il əvvəl ailə həyatı qurub. Uğur adında 1 yaşlı oğlu var. Döyüşlərdə göstərdiyi şücaətə görə Prezident İlham Əliyevin sərəncamı ilə Laçın, Cəbrayıl və Qubadlının azad olunmasına görə medallarla təltif edilib.

Əlibəy Zeynallı

APA TV

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5742
avatar

Oxşar yazılar