Tez-tez mediada, xüsusən, sosial şəbəkələrdə yol polislərinin videoları paylaşılır. Bu videolarda bəziləri sürücülərin günahsız olduqları halda saxlanıldıqlarını, bəziləri isə onlarla davranışdan narazılıqlarını bildirirlər. Ancaq əksər yol polisləri isə onların sürücülər tərəfindən videoya çəkilməsini istəmirlər.
Bəs görək qanunvericiliyə görə, vətəndaşlar yol polislərini videoya çəkə bilərmir?
Sualımıza “Norma” hüquq mərkəzinin direktoru, hüquqşünas Şamil Paşayev aydınlıq gətirib.
O bildirib ki, qanunvericilik xidmət zamanı hər kəsi kameraya çəkməyə icazə verir:
“Kontitusiyanın 32-ci maddəsinə əsasən, şəxsi həyata müdaxilə yolverilməzdir. Yəni, kimsə işdən kənar ailəsi ilə dincəlirsə, bir yerə gedirsə, onu çəkmək qadağandır. Buna qanunvericilik icazə vermir. Amma xidmət zamanı şəxsi həyata aid deyil. Xidmətin aparılmasının düzgünlüyünü müəyyən etmək üçün polisi və digər vəzifəli şəxsi çəkməyə vətəndaşın ixtiyarı var. Burada heç bir qanun pozuntusu yoxdur və buna görə vətəndaş cərimələnə bilməz”.
Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə sürücünün yol polislərini kameraya çəkdiyi görüntülər yayılmışdı. Həmin görüntülərdə sürücü heç bir əsas olmadan, qanun pozuntusuna yol vermədən saxlanıldığını bildirib. Lakin yol polislərindən biri çəkiliş aparılmasını istəməyib və bunu düzgün hesab etməyib.
Məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, yol polisinin xüsusən gecə saatlarında istirahət və əyləncə mərkəzləri, o cümlədən sürücülərin sərxoş halda avtomobil idarə etməsi ehtimal olunan yerlərdə seçmə üsulu ilə nəzarət profilaktiki qaydada sərxoşluq müayinəsi aparması tam qanunidir:
“Beynəlxalq praktikada da bu proses eyni formada icra olunur. Hər bir yol polisi əməkdaşı da bilməlidir ki, vətəndaşa “Sizin avtomobilinizi sərxoşluğun yoxlanılması üçün saxlamışıq” deməsi kifayətdir. Əgər kiməsə günün günorta çağı universitet önündə və ya cümə günü namaz vaxtı məscid önündə saxlayıb, belə bir tədbir keçirdirik desələr, bax, bu, təəccüb yaradan hal kimi qiymətləndirilə bilər. Qaldı ki sürücünün video çəkliş etməsinə burada heç bir qəbahət yoxdur. Yol polisi də xidmətdə bu cür avadanlıqlardan istifadə edir və tam qanunidir. DİN fəaliyyətini aşkarlıq və şəffaflıq prinsiplərinə uyğun şəkildə təmin edir, lakin kiminsə xidməti prosesdə çəkilən video və foto materiallarını, yəni şəxsi məlumatlarını çəkib ictimailəşdirmir. Çünki bu, artıq qanun pozuntusu olmaqla yanaşı, etik olmayan və sivil cəmiyyətə xələl gətirən addım kimi qiyməyləndirilir”.
A.Əsgərli sözügedən görüntülərdə polis əməkdaşlarının sürücü ilə danışıqlarında lüzumsuz dialoq olduğunu da deyib:
“Bəli, buna görə də aidiyyatı üzrə xidməti araşdırma aparılır və həmin əməkdaşlar barəsində də qanuni tədbir görüləcək. Lakin ümumilikdə cəmiyyətimizdə yanlış olan və davam edən mənfi bir tendensiya da formalaşıb. Hamı hamıya nəyisə sübut etməyə çalışır və hesab edir ki, özü hər kəsdən ağıllıdır, hər şeyi daha yaxşı bilir və etdikləri düzdür. Gəlin hamımız hüquqlarımızı və vəzifələrimizi düzgün şəkildə qiymətləndirək qaydalara hörmətlə yanaşaq, etik çərçivədən uzaqlaşmayaq. Bir-birimizin qarşısındakı üstünlüyümüz məsuliyyətli olmağımızla, qanunların aliliyi prinsiplərinə əməl etməyimizlə ölçülsə, cəmiyyət üçün daha faydalı olar”.