İkinci dünya müharibəsi dövründə on milyonlarla insanın ölümünə səbəb olmuş Almaniya milli-sosialist fəhlə partiyasının rəhbəri Adolf Hitlerlə bağlı hər dəfə yeni iddialar ortaya çıxır. Bunlardan biri də argentinalı yazıçı Abel Bastinin səsləndirdiyi bəyanat idi. O iddia edirdi ki, Adolf Hitler 1945-ci ildə intihar etməyib və Argentinaya qaçıb. Hətta onun iddiasına görə, Hitler sualtı qayıq vasitəsilə oraya gedib və izlərin itirilməsi üçün sahilə çatan kimi qayıq partladılıb.
Bu günlərdə 1945-ci ildə Hitlerin Latın Amerikasına qaçmasına şərait yaradan həmin sualtı qayığının yeni fotoları ortaya çıxıb.
Lent.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.
Argentinanın Kequena limanı sahillərində tapılan 80 metrlik sualtı qayığı batması Eslabon Perdido tədqiqat qrupunun dalğıcları aşkar edib.
Mütəxəssislər onun həqiqətən İkinci Dünya Müharibəsindən qalma alman sualtı qayığı olduğunu təsdiqləyiblər:
“Qayıqda tapılan cədvəl sarı rəngdədir. Bu, hər sualtı qayıqda belədir. Hər bir cədvəl və ya hansısa mühüm element sarı fonda hazırlanır”,- tədqiqatçı bildirib.
Onun sözlərinə görə, bunun başlıca səbəbi suyun altında görünən yeganə rəngin sarı olmasıdır.
Məlumata görə, qayığın idarəedici hissəsi ciddi zədələnib və dağılıb. Şəkillərdə ən çox diqqət çəkən hissələrdən biri də dalğalar üçün quraşdırılmış deflektordur.
Sualtı qayığın unikal dizayna malik olması da nəzərə çarpır. Alman üsulu bu nəqliyyat vasitəsini Britaniya sualtı qayıqları ilə qarışdırmaq olmaz. Çünki onlar tamamilə fərqlidirlər.
Həmin sualtı qayığın görüntülərini təqdim edirik: