Şəhid Tərlan Rövşad oğlu Rzayev
05 yanvar 2021 11:50 (UTC +04:00)

Şəhid Tərlan Rövşad oğlu Rzayev

Əsgərlikdən sonra gəlib oxumaq istəyirdi, şəhidlik qismət oldu - REPORTAJ

44 gün davam edən Vətən Müharibəsinin ilk şəhidlərindən biri də əsgər Tərlan Rövşad oğlu Rzayevdir.

Tərlan Rzayev 2001-ci ildə Sumqayıt şəhərində anadan olub. Orta təhsilini Sumqayıt şəhərindəki 27 nömrəli orta məktəbdə alıb. Hələ uşaq yaşlarından hərbiyə maraq göstərib. Tərlan Vətənə sevgisini, duyğularını ailəsi ilə tez-tez bölüşürmüş. Səbirsizliklə gözləyirmiş doğma yurdu qarşısında övladlıq vəzifəsini yerinə yetirmək üçün...

18 yaşı tamam olanda həvəslə hərbi xidmətə yollanıb. Hərbi xidmət müddətində komandirlərin rəğbətini qazanıb, mükafatlara layiq görülüb. Sentyabrın 27-də müharibə başlayan gün 1 il 3 ay imiş hərbi xidmətdə imiş Tərlan. Ali Baş Komandanın hücum əmrindən dərhal sonra əsgər yoldaşları ilə irəliyə atılıb. Mühasirəyə düşən yoldaşlarının köməyinə yetişməyə çalışan Tərlan Rzayev Füzuli istiqamətində son damla qədər qanınadək döyüşərək, şəhidlik zirvəsinə yüksəlib.

O kiçik qəlbində çox böyük arzuları var idi Tərlanın. Amma qismətinə qısa və şərəfli həyat yolu yazılıbmış:

Atası Rövşad Rzayev deyir ki, oğlu savaş başlayan günü şəhid olub: “Füzuli rayonunda ilk günlərdə savaş başlayan günü şəhid olub. Füzulinin 4 kəndinin alınması uğrunda döyüşüblər. Əsgər yoldaşları mühasirəyə düşüb. İki saat mühasirədən sonra bunlara əmr verilib səddi yarmaq üçün. Mühasirəni yarıb onları oradan çıxarıb. Bunlar da mühasirəni yaran vaxtı top atıblar ermənilər. Top mərmisi nəticəsində şəhid olub. Qismət olmadı. Əsgərlikdən sonra gəlib oxumaq istəyirdi kompüter üzrə. Sonra da yenidən hərbiyə qayıtmaq istəyirdi. Hərbçi olmaq istəyirdi. Onlar qismət olmadı, amma şəhidlik qismət oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə də şəfa versin!”

Sonuncu dəfə anası Simnarə Səlimova ilə danışıb Tərlan: “Danışdım. Soruşdum ondan, oğlum necəsən? Dedi, ana, narahat olma, yerimiz yaxşıdır, hər şey yaxşıdır. Siz də özünüzdən muğayat olun. Mən də o ərəfədə çalışırdım onun yanına getməyə. Dedim, oğlum yanına gələcəm. Yanıma sözün eşidəndə uşaq dayandı. Dedi, ana yanıma? Dedim, bəli, oğlum, yanına səni görməyə gələcəm. Dedi, ana yollar açıqdır bəyəm? Dedim, hə, oğlum açıqdır. İnşallah, dedi gələrsən. Mən icazə alaram, görüşərik. Yəni mənə müharibə barəsində heç nə demədi, gizlətdi məndən. Mən də bilmədim. Amma səhərisi günü uşağımın şəhid xəbəri gəldi”.

Şəhidin babası Həsənbala Rzayev üçün nəvə itkisi çox ağırdır: “Hərbçi olmaq özü gözəl bir şeydir. Özü də ki, hərdən zəng edirdi anasına, birinci zəng vuran kimi məni soruşurdu ki, dədəm necədir, xəstələnməyib. Deyirdim, a bala, sən özün salamat ol. Mənim üçün darıxma, mən lap yaxşıyam”.

Şəhid Tərlan Rzayev Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra təltif olunduğu “Vətən uğrunda” və “'Füzulinin azad olunmasına görə” medalları onun cəsurluğunun, vətən sevgisinin bariz təsdiqidir...

RAMİL ZEYNALLI,

ƏLİ ƏLİYEV

SUMQAYIT

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5535
avatar

Oxşar yazılar