Polkovnik-leytenant Ruslan Tağıyev
06 yanvar 2021 11:54 (UTC +04:00)

Polkovnik-leytenant Ruslan Tağıyev

Deyirdi ki, ata Polad şəhid oldusa biz niyə qorxaq? - REPORTAJ

Qəhrəmanlar can verir, yurdu yaşatmaq üçün... Polkovnik-leytenant Ruslan Tağıyevdə də hər kəsdən və hər şeydən çox sevdiyi Vətəni uğrunda canını fəda etdi.

 

Tağıyev Ruslan Fuad oğlu 1982-ci ilin iyunun 12-də İsmayıllı rayon Qubaxəlilli kəndində doğulub. İlk təhsilini İsmayıllı rayon 3 saylı orta məktəbdə alıb. Uşaqlıqdan milli ruhda, vətənpərvərlik əhval ruhiyyəsində böyüyən Ruslanın ən böyük arzusu hərbiçi olmaq olub. Hələ məktəbdə oxuduğu illərdə hərbi oyunlara tez-tez qatılar və hər zamanda qalib gəlib birinci olmaq arzusu ilə yarışardı.

 

Atası Fuad Tağıyev deyir ki, Ruslan sərrast atış üzrə məktəblilər arasında 3-cü yer tutduğu gündən artıq qəti qərarını verdi. “Hərbiçi olacağam”. Valideynləri onun bu fikrindən daşındırmağa çalışsalarda Ruslan inadından dönmədi. Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olan sıravi kursant 2004-2012-ci illərdə Naxçıvanda qulluq edir, 2012 - 2014-cü illərdə Silahlı Qüvvələrin Hərbi Akademiyasında dinləyici, 2014-2017-də Şəmkirdə N saylı hərbi hissədə, 2017-2020-ci illərdə isə Nazirliyin birinci idarəsinin birinci şöbəsinin baş zabiti olaraq vətənə xidmət edib. 2019-cu ilin fevral və iyul aylarında isə Ruslan Tağıyev təhsilini Çinin Pekin şəhərində davam etdirir: “Poladın ölümü ona o qədər pis təsir eləmişdi ki, ruhsuz vəziyyətdə dinməz, söyləməz elə ortada gəzirdi. O, Poladın dəfninə gəldi onu çiynində yola saldı. Onlar həm də dost idi, qonşu qalırdılar orda. Deyirdi ki, ata elə oğul şəhid oldusa biz niyə Vətən yolunda şəhid olmaqdan qorxaq. İndi də müharibə edib torpağımızı almasaq biz başı aşağı necə gəzə bilərik. O, torpaqlar bizi gözləyir”.

 

Vətənimizin müstəqilliyi, torpaqlarımızın azad olunması naminə ölümü gözə alan Ruslan ailəsi ilə bir neçə saatlıq son görüşündə “məndən nigaran olmayın, mən ya qalib gələcəm, ya şəhid olacam, şəhid verməyən xalqın mənliyi olmaz. Şəhid qanı axmayan torpaqdan Vətən olmaz” deyərək vidalaşıb: “Gəldi həyətdə maşının yanında anası ilə görüşdü, maması ağladı, amma onun səsində bir əzm var idi ki, hər dəfə deyirdi biz qalib gələcəyik. Heç vaxt səsində bir kövrəklik hiss eləmədim. O, hazırlaşıb gəlmişdi vidalaşmağa. Mənimlə görüşəndə mən də kövrəldim, dedim, bala özünü qoru, dedi, ata, hər an hər şey ola bilər. Ona görə hazırlıqlı olun”.

 

Anası Lətifə Tağıyevanın sözlərinə görə, Ruslan hər zaman onları şəhidlik xəbərinə hazırlayıb: “Atasına demişdi ki, ata, bu müharibəni siz udmalı idiniz, sizin uda bilmədiyiniz müharibəni biz udacağıq və gələcək balalarımıza qoymayacağıq qalsın. Deyəndə ki, orda ehtiyatlı ol, deyirdi bu müharibədir, özü də ən qızğın müharibə. Hər zaman şəhidlik xəbərim gələ bilər”.

 

Cəsur polkovnik-leytenantın son döyüş yolu Laçın rayonunun Xanalılar kəndi uğrunda olur. Döyüş yoldaşlarının xatirəsində Ruslan ölümün gözünə dik baxan, cəsurluğu ilə əsgərlərinə nümunə olan kəşfiyyatçı kimi qalıb: “Yoldaşları bizə gələndə danışırdılar ki, döyüşə gedəndə qarşıda gedən özü olurdu. Əsgərləri də onun arxasınca irəliləyirdi. Elə son döyüşü Xanalılarda da Ruslan üç istiqamətdən ən çətin yeri özünə götürərək dərədə döyüşüb. Deyirlər güllə başlarına yağsa da dayanmırdılar. Düşmənin atdığı pulemyot qəlpəsi düz ürəyinə dəyib. Döyüş yoldaşı Babək deyir ki, həmin döyüşdə məni snayper vurdu, yaralandım. Onda gördüm ki, Ruslanı da vurublar. Əvvəl şəhid olduğunu bilmədim. Çağırdım gördüm üzündə bir təbəssüm var. İnanmadım şəhid olduğuna. Sonra gözlərinə baxdım, gördüm, yox, həqiqətən şəhid olub. Onu ayağından çəkib qayalığa gətirdik ki, nəşini xilas edə bilək, orda qalmasın qəhrəmanımız”.

 

Həyat yoldaşı Günay Tağıyeva deyir ki, Ruslan işdən vaxt tapıb evə gələndə ilk işi uşaqlarının təhsili ilə maraqlanmaq olurdu. Ən böyük arzusu övladlarını Vətənə və cəmiyyətə yararlı şəxsiyyət kimi böyütmək idi: “Hər arzuları uşaqlarla bağlı idi. Vaxt tapan kimi evə gələndə uşaqlarla oynayar, onları gəzməyə aparardı, özü təbiəti sevirdi deyə uşaqları da rayonlarda təbiətdə gəzdirirdi”.

 

Ruslanın keçdiyi döyüş yolundan fəxrlə danışan atası deyir ki, Ruslanın həmkar dostları hər zaman onun nizam-intizamından danışardılar. İndi Ruslandan qalan xatirə cəbhədən gələn əşyaları və hamıdan gizli saxladığı, sirlərini bölüşdüyü, atasına əmanət etdiyi gündəliyidir: “Son dəfə ayrılanda maşından bir dəftərçə çıxardı verdi ki, ata, bunu saxla, mən olmayanda oxuyarsan. Mən də heç baxmadım içinə qoydum evə. O, şəhid olandan sonra baxdım gördüm ki, içində döyüş günlərindən xatirələrini yazıb. Gələcək arzuları, şəhid olan döyüş yoldaşlarının xatirələri, müəyyən hərbi qeydlər var o, dəftərdə”.

 

Xanımının sözlərinə görə, övladları Ruslanla qürur duyurlar: “Bəlkə də başqa cür rəhmətə getsəydi, uşaqlar bu qədər olğunluqla qarşılamazdı onun ölümünü. Atalarının ucaldığı zirvənin, şərəfin əslində aliliyini dərk edirlər. Ona görə səbirlə qarşıladılar. Mən bəzən ağlayanda mənə təskinlik verirlər. Onlar daha məğrur dayandılar. Həmişə də deyirlər ki, bizim atamız şəhid olduğuna görə biz atamızdan ayrı qaldıq”.

 

Ölümündən sonra “İgidliyə görə”, “Vətən uğrunda” və “Laçının azad edilməsinə görə” medalları ilə təltif olunub qəhrəman kəşfiyyatçımız. Bu gün II Fəxri Xiyabanda olan məzarı təkcə yaxınlarının deyil, həmdə bütün Azərbaycanın ziyarətgah yeridir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 19356
avatar

Oxşar yazılar