Ağdamda bir gün... - VİDEO
25 may 2021 18:00 (UTC +04:00)

Ağdamda bir gün... - VİDEO

Yollar… yollar...

Yer üzündə, hara baxırsan, yoldur. Hərdən mənə elə gəlir ki, yollar torpağın damarlarıdır – yollar torpağa həyat verir, yollarla həyat axır... Yollar olmasa, insan nə edərdi?.. Quru torpaqları necə məskunlaşdırar, necə Vətən edərdi?..

Bu yolları qarış-qarış ölçmüşəm, neçə illərdir bu yollardayam...

Amma, hərdən özününkü hesab etdiyin yol da, adamın qarşısını keçilməz divar kimi kəsir, adi bir şlaqbaum qarşında qala divarları kimi uzanır, nə qədər arzulasan da, keçə bilmirsən ki, bilmirsən...

Bərdədən Ağdama aparan, Dördyol deyilən məkanda kəsilən yol otuz ilə yaxın idi ki, hamımız üçün keçilməz idi...

Mən o şlaqbaumun qarşısına kimi dəfələrlə gəlmişdim, oradan keçmək niyyəti ilə gəlmişdim, amma, bu quru dəmir parçasının arxasından gələn buz kimi müharibə, qorxu, təhlükə nəfəsi məni çaşdırırdı. Elimə, obama, babamın yurduna aparan yollar burada kəsilir, bizi naçar qoyurdu. İlk illər, neçə dəfə özümə zor edib, sola burulmaq, qədim Ağdamımızın bizdə olan tikəsinə dönmək istəsəm də, bacarmamışdım, elə bil, qeyrətim qəbul etməmişdi, özümə sığışdıra bilmirdim, dönüb, geri qayıdırdım.

Sonralar, bu hicrana öyrəndim, içimdəki böyük kompleksdən aşıb Quzanlıya getməyə başladım. Bilirsiniz, niyə? Çünki, içimdəki ümidi öldürmək istəmirdim, bilirdim ki, torpağı doğma Vətən edən, onu əkib-becərənlər, gözəlləşdirənlərdir. İnsansız Vətən onsuz da, bir udum qayğı həsrətində cadarlaşan, insan nəfəsinə həsrət yerlərdir. Oraları nə qədər Vətən gözündə görmək istəsək də, bacarmarıq, çünki, insansız vətən olmur...

Buralara gəlmək istəyirdim, düşmənin viran qoyduğu bu torpaqlara, daşları belə, dil açıb dərdini bölüşmək istəyən Ağdama...

Mənə elə gəlir ki, buralarda indi canlı qalan, ancaq nar kollarıdır. Başına gələn acılara rəğmən, torpağın yiyəsini görmək həsrəti ilə hər il göyərib, bəhərini səxavətlə yetirən əfsanəvi narlarımız. Bu illər ərzində bizdən nə su istədi, nə qayğı... Eləcə, gözlədi, inandı... Biz də, xalq olaraq, onun inamını qıra bilməzdik... Və qırmadıq da!

Bu torpaqların hamısı indi azaddır, onları bütün xalq, sərkərdələr, döyüşçülər, adi torpaq adamları yumruq kimi birləşib, bir-birinə hayan durub, qahmar çıxıb, yad nəfəslərdən təmizləyib... İndi, şelli narının tamını da yadımıza sala bilirik... Onun şirəsi damarlarımızdakı qana qarışıb, onun da yaddaşını təzələyir, hər şeyi, xatirələrimizdəki bütün xırdalıqları oyadır... Qan yaddaşı elə buna deyirlər də...

Qəhrəman şəhidimiz Sənan Rüstəmovun özünü qurban verdiyi və bu hərəkəti ilə, torpaq uğrunda canından keçib, onu hamı üçün Vətənə çevirməyin yolunu göstərdiyi günün ildönümüdür...

Sənanın anası, atası, döyüş yoldaşları da, artıq əfsanələşmiş bu oğulun Ağdamın keçmiş Şəhidlər Xiyabanındakı məzarını ziyarət etmək istəyi ilə, Ali Baş Komandanımıza müraciət etmişdilər, çox şükür ki, arzuları daşa dəymədi, məzara baş çəkib, təskinlik tapdılar...

Sənandan da, onun qəhrəman kimi, döyüşmüş atası Əkbər müəllimdən də, burda çox danışmaq olar. Amma, Əkbər müəllim həmişə mənə deyir ki, belə oğullarımız minlərlədir, çalışın, unudulanları xatırladın, çünki xalqımız bütün varlığını onlara borcludur və bizi torpaq uğrunda savaşmağa qadir xalqa çevirən də, onlardır...  

Amma, nə gözəl ki, Ağdamın əlçatmaz xəyala döndüyü bütün bu illər

ərzində onun kiçik modelini qoruyub-saxlaya bildiyimiz torpaqlarımızda, indi Azərbaycanın heç bir şəhərindən geri qalmayan Quzanlıda yarada bilmişik... Küçələrə, yollara, evlərə, bu gözəlliklərə, bu gurluğa baxanda, sevinirəm. Bilirsiniz niyə? Az qala, otuz il olacaq ki, Quzanlı qoymur Ağdamı unudaq. Bura sığınmış yüz minə yaxın insan Şahbulaqdan hər səhər əsən mehin gətirdiyi nəfəsdən alır Qarabağın qoxusunu, hələ hava açıq olanda, yurd yerlərini də görür, yaşamaq, qayıtmaq istəyir. Çünki, bütün ağdamlıların düşüncəsində qayıtmaqla yaşamaq, əsrində eyni şeydir...

Ədəbiyyat tariximizdə əbədi qalacaq, böyük şairimiz Qasım bəy Zakirin anadan olduğu qədim Xındırıstan kəndi...

Son üç ildə nə boyda yol keçib... Səliqəli, sahmanlı küçələrindən, yeni, əzəmətli tikililərindən, qocaman kəndi tanımaq da olmur...

Hərdən fikirləşirəm ki, bu yerlərdə büsat quran böyük Vətənimiz, onun zəhmətkeş insanları, görün Ağdama dönən kimi nələr yaradacaq...

Ağdamdan ayrılırıq... Gələcəyə ümidlə ayrılırıq, hələ yaşamaq, yaratmaq həvəsi ilə ayrılırıq...

Bu da, yollar...

Yollar…

Yer üzündə, hara baxırsan, yoldur. Hərdən mənə elə gəlir ki, yollar torpağın damarlarıdır – yollar torpağa həyat verir, bu yollarla həyat axır... Yollar olmasa, insan nə edərdi?.. Quru torpaqları necə məskunlaşdırar, necə Vətən edərdi?..

Bu yolları qarış-qarış ölçmüşəm, neçə illərdir bu yollardayam... Və hələ, Allah bilir, neçə illər olacağam bu yollarda... Ağdama köçəcəm, babamızın yurduna nəfəs verəcəm, dirçələn, vətənləşən torpaqlarımızı öz gözümlə görüb, sakitləşəcəm...

Salamat qal, Ağdam... Mən də, gedirəm, amma, elə-belə yox, bu yerlərə birdəfəlik qayıdanda, səni qucaqlamaq üçün gedirəm...

İlqar Əlfioğlu

Ağdamda bir gün...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2994
avatar

İlqar Əlfi

Oxşar yazılar