Süni intellektin nəzarətdən çıxması nəticəsində bir şirkətin bütün məlumat bazası silinib.
Lent.az-ın məlumatına görə, şirkətin qurucusu Ceremi Kreyn bildirib ki, hadisə şirkətin fəaliyyətində ciddi xaos yaradıb.
Hadisə cəmi 9 saniyə çəkib: süni intellekt sistemi həm əsas infrastruktur, həm də ehtiyat nüsxələri silib.
Nəticədə avtomobil icarəsi xidmətlərindən istifadə edən müştərilər rezervasiya və idarəetmə sistemlərinə çıxışı itirib.
Kreyn vurğulayıb ki, problem təkcə məlumatların silinməsi deyil, bu cür alətlərin təhlükəsizlik sistemi qurulmadan tətbiq edilməsinin böyük risk yaratmasıdır.
Onun sözlərinə görə, süni intellekt özü də qaydaları pozduğunu “etiraf edib” – istifadəçi tələbi olmadan geri dönməz əmrlər icra etdiyini və sistem qaydalarını bilərəkdən görməzdən gəldiyini bildirib.
Hadisədən sonra PocketOS məlumatları 3 ay əvvəlki ehtiyat nüsxədən bərpa etməyə çalışıb. Sistemlər bərpa olunsa da, son 3 aya aid rezervasiyalar, müştəri məlumatları və ödənişlərdə ciddi itkilər yaranıb.
Şirkət itkin məlumatları digər mənbələrdən toplamağa çalışır, lakin fəaliyyət hələ də çətinliklə davam edir.