Ginekoloq gizli şəkildə ən azı 16 uşaq atası  oldu
11 mart 2026 13:05 (UTC +04:00)

Ginekoloq gizli şəkildə ən azı 16 uşaq atası oldu

0

Niderlandın Arnhem şəhərində yerləşən bir xəstəxananın keçmiş ginekoloqu ilə bağlı qalmaqal gündəmə gəlib. Məlumata görə, həkim 1970-1980-ci illərdə süni mayalanma prosedurları zamanı gizli şəkildə öz spermasından istifadə edib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, araşdırmalar nəticəsində ən azı 16 uşağın valideynlərin xəbəri olmadan məhz həmin həkimin bioloji materialı ilə dünyaya gəldiyi müəyyən edilib. Hadisə ilə bağlı araşdırma ginekoloqun öz etirafından sonra başlayıb. O, DNT analizindən keçməyə razılıq verib.

Arnhem şəhərində fəaliyyət göstərən Rijnstate xəstəxanası insidentlə bağlı aparılan müstəqil araşdırmanın nəticələrini açıqlayıb. Məlum olub ki, həkim irsi xəstəliyin daşıyıcısıdır və bu xəstəlik onun bioloji övladlarına ötürülə bilər.

Xəstəxana həmin dövrdə süni mayalanma nəticəsində doğulmuş ola biləcək şəxslərə müraciət edərək DNT nümunəsi təqdim etmələrini xahiş edib.

Qeyd olunur ki, həmin illərdə süni mayalanma üsullarını tənzimləyən xüsusi qanunlar mövcud deyildi. Bununla belə, həkimlər üçün müəyyən peşəkar qaydalar və etik davranış kodeksləri mövcud idi.

Araşdırma göstərib ki, ginekoloq bu qaydaları pozaraq xəstələrin razılığı olmadan hərəkət edib və öz rolunu gizlədib. Rijnstate xəstəxanası baş verən hadisəyə görə təəssüfünü ifadə edib və zərər çəkmiş ailələrə dəstək göstərməyə hazır olduğunu bildirib.

Hazırda araşdırmalar davam edir və həkimin bioloji materialı ilə dünyaya gəlmiş uşaqların dəqiq sayının müəyyənləşdirilməsi istiqamətində iş aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 428

Oxşar yazılar