Bu analar körpələrinin qatilinə çevrildi - Narkotikdən ölən MƏSUMLAR
19 dekabr 2023 16:15 (UTC +04:00)

Bu analar körpələrinin qatilinə çevrildi - Narkotikdən ölən MƏSUMLAR

Körpələr bu dünyanın ən saf və məsum varlıqlarıdır. Onlar bizim bu günümüz və gələcəyimizdir. Uşaqlar hər bir ölkədə əhalinin təxminən 20-25%-ni təşkil edir. Onlar fərqli ölkələrdə yaşasalar da eyni tipli təhlükələrə məruz qalırlar. Belə ki, bəzən valideyn məsuliyyətsizliyi uşağın şəxsiyyətində və psixi vəziyyətində dərin yaralara səbəb olur. Hətta bu vecsizliklər körpənin həyatını itirməsinə də gətirib çıxarır. Bu problemlərdən biri narkotik vasitələrindən istifadə edən valideynlərdir. Hər il dünyada yüzlərlə uşaq narkotik maddələrinin qurbanına çevrilir. 

Lent.az kiçik bir araşdırma edərək bu məsuliyyətsizliyə məruz qalan ağrılı faktların bir neçəsini təqdim edir: 

1. Türkiyənin İstanbul şəhərinin Fatih bölgəsində bu gün səhər saatlarında 2 yaş yarımlıq körpə uşaq meyiti tapılıb. Aparılan araşdırmalar zamanı ölən körpənin qanında metamfetamin adlı narkotik maddə aşkarlanıb. Bildirilir ki, uşağın ölümünə səbəb olan  stimullaşdırıcı maddə ana südündən keçib. Körpənin ölümünə görə məsuliyyət daşıyan mərakeşli ana və əlcəzairli ərinə qarşı ağırlaşdırılmış ömürlük həbs tələbi ilə iddia qaldırılıb.

Bir müddət əvvəl isə Adana bölgəsində narkotik aludəçisi olan bir cütlük 2 aylıq körpələrinin öldüyünü bir həftə sonra anlayıblar. Bildirilir ki, qonşular pis qoxu səbəbi ilə polisə müraciət edib. Mənzilə gələn polis uşağın öldüyünü müəyyənləşdirib.  Hadisə ilə bağlı saxlanılan ananın ifadəsində “Bir həftədir yatdığını düşünürdüm” dediyi öyrənilib. 
Morqa aparılan körpə üzərində aparılan ekspertizada onun aclıqdan öldüyü məlum olub. 

 Amerikanın Nyu-York şəhərindəki bağçaların birində bir yaşlı körpə fentanilə məruz qaldıqdan sonra dünyasını dəyişib. Eyni maddəyə məruz qalan daha 3 uşaq isə xəstəxanaya yerləşdirilib. İstintaq zamanı uşaq bağçasının müdiri Qrey Mendez və burada otaq kirayələyən Karlisto Brito adlı şəxs saxlanılıb. Saxlanılanlar “qətl”də ittiham edilib. 

Aparılan araşdırmalar nəticəsində Britonun otağının yerləşdiyi dəhlizdə divarda 1 kiloqrama yaxın fentanil ələ keçirilib. Səkkiz aydan iki yaşa qədər olan uşaqların bağçada fentanillə inhalyasiya olunduqları bildirilir.

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin məlumatına görə, ABŞ-da hər gün 150-dən çox insan daha çox həb şəklində istifadə edilən fentanil kimi sintetik dərmanlar səbəbindən ölür. Ağrıkəsici kimi istifadə edilən fentanilin morfindən 100 dəfə güclü olduğu və 2 milliqram qəbul edilərsə ölümcül ola biləcəyi deyilir.

 İngiltərədə isə 2 yaşlı kiçik qız həddindən artıq dozada narkotik qəbulundan ölüb.
5 mart 2014-cü il tarixində baş verən hadisədə 2 yaşlı Sofi Consun narkotik aludəçisi valideynləri narkotikləri onun sevimli “Tom və Cerry” stəkanında gizlədiblər. Stəkana metadon qoyulduğunu bilməyən balaca qız ondakı maddəni içib. Təcili yardım işçiləri dərman qəbul etdikdən sonra qusmuş Sofinin reaksiya vermədiyini görüblər.

Uşağın valideynlərinin polis gələnə qədər narkotikləri həyətdə gizlətməyə çalışdığı öyrənilib. Həyətdə basdırılan 146 ml metadonla yanaşı, polis Sofinin oyuncaqlarının içində də kokain aşkar edib. Məhkəmə zamanı ana qətli etiraf etsə də, ata ittihamları rədd edib.

Qeyd edək ki, hər gün dünyada belə yüzlərlə hadisə baş verir. Daimi spirt və narkotik maddələrdən istifadə edən valideynlərin böyük hissəsində əvvəllər ciddi psixiatrik və psixoloji problemlərin mövcud olduğu düşünülür. Bunun üçün də nikah zamanı digər müayinələrlə yanaşı, narkotik maddələrindən istifadə ilə bağlı testlər də mütləqdir.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5949
avatar

Sevinc Fərid

Oxşar yazılar