Avro vahid valyutası Avropada səyahət edən turistlərin işini xeyli asanlaşdırsa da, Avropa İttifaqına üzv olan bütün ölkələr hələ də bu valyutaya keçməyib. Bəzi dövlətlər bunu yaxın illərdə planlaşdırsa da, digərləri milli valyutalarından imtina etmək niyyətində deyil.
Lent.az bu ölkələri təqdim edir:
Hazırda Avropa İttifaqının altı ölkəsi öz milli valyutasından istifadə edir.
Danimarka
Bu Skandinaviya ölkəsinin rəsmi pul vahidi Danimarka kronudur. Krona Avropa Valyuta Məzənnəsi Mexanizmi vasitəsilə avroya sabit şəkildə bağlanıb. Bununla belə, Danimarka yaxın gələcəkdə avroya keçməyi planlaşdırmır.
Polşa
Polşanın rəsmi valyutası Polşa zlotısıdır. Ölkə rəhbərliyi hesab edir ki, mövcud iqtisadi şərait hələ avrozonaya qoşulmaq üçün uyğun deyil. Buna görə də yaxın illərdə avroya keçid gözlənilmir.
Rumıniya
Rumıniya hazırda rumın leyi ilə hesablaşır. Ölkə qarşıdakı 3-4 il ərzində avroya keçməyi hədəfləyir və bunun üçün hazırlıq işlərini davam etdirir.
Macarıstan
Macarıstanda milli valyuta kimi forintdən istifadə olunur. Hökumət 2030-cu ilədək avrozonaya qoşulmağı planlaşdırır. Bunun üçün ölkədə bir sıra iqtisadi islahatların həyata keçirilməsi nəzərdə tutulur.
Çexiya
Çexiyada dövriyyədə Çex kronu qalır. Hazırda ölkədə avroya keçidlə bağlı dəqiq qərar yoxdur. Cəmiyyətdə bu məsələyə dair ümumi razılıq formalaşmadığından proses təxirə salınır.
İsveç
İsveç də öz milli valyutası olan İsveç kronundan istifadə edir. Danimarka kimi, İsveç də yaxın gələcəkdə avroya keçməyi planlaşdırmır. Ölkə rəhbərliyi milli valyutanın kifayət qədər sabit və güclü olduğunu hesab edir.
Səyahət zamanı hansı valyutanı götürmək daha məqsədəuyğundur?
Bir çox ölkədə bu altı dövlətin milli valyutasını əvvəlcədən əldə etmək çətin ola bilər. Buna görə mütəxəssislər aşağıdakı variantları tövsiyə edirlər:
Nağd pulu əvvəlcədən bank vasitəsilə sifariş etmək.
Özünüzlə avro və ya ABŞ dolları apararaq təyinat ölkəsində yerli valyutaya dəyişmək.
Ölkəyə çatdıqdan sonra bankomatdan milli valyutanı bank kartı ilə çıxarmaq.
Uzunmüddətli səfərlər və böyük xərclər planlaşdırılırsa, həmin valyutada bank kartı açmaq.