"Apple"nin hələ təqdim edilməmiş iPhone 18 modeli ilə bağlı ilk görüntülər internetə sızdırılıb. Məlumata görə, fotolarda aksesuar istehsalçılarının qoruyucu üzlüklər və şüşələr hazırlamaq üçün istifadə etdiyi maket əks olunub.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, sızdırılan görüntüləri tanınmış insayder Majin Bu paylaşıb.
Arxa panel tamamilə yenilənib
Fotolarda gümüşü rəngli iPhone 18 modeli görünür. Diqqəti ən çox cəlb edən yenilik arxa paneldə yerləşən iri, uzunsov kamera bloku olub.
İki əsas kamera eyni modulda yerləşdirilib, flaş və əlavə sensor isə ayrıca hissədə yerləşərək əsas kameralardan nəzərəçarpacaq məsafədə ayrılıb. Ümumi dizayn "Apple"nin Pro modellərini xatırladır.
Ön paneldə ciddi dəyişiklik gözlənilmir
Sızdırılan maketlərə əsasən, "iPhone 18"in ön hissəsində ciddi dəyişiklik olmayacaq.
iPhone 18 bu il təqdim olunmayacaq
Apple məhsulları ilə bağlı etibarlı mənbələrdən biri hesab edilən jurnalist Mark Qurmanın sözlərinə görə, baza modeli olan iPhone 18 bu il satışa çıxmayacaq.
Məlumata əsasən, Apple bu ilin payızında yalnız iPhone 18 Pro, iPhone 18 Pro Max və şirkətin ilk qatlana bilən iPhone modelini təqdim edəcək. Standart iPhone 18 modelinin isə 2027-ci ilin yazında, təxminən mart-aprel aylarında iPhone 18e və iPhone Air 2 ilə birlikdə satışa çıxarılması gözlənilir.
Qiymətlər də arta bilər
Bundan əlavə, Apple artıq cihazlarının əksəriyyətinin qiymətini artıracağını təsdiqləyib. Analitiklərin hesablamalarına görə, iPhone 18 Pro modelinin başlanğıc qiyməti təxminən 1400 dollar, iPhone 18 Pro Max modelinin isə 1500 dollar ola bilər. Bu isə əvvəlki nəsillə müqayisədə təxminən 300 dollar bahalaşma deməkdir.
