Smartfonlar təkcə rabitə vasitəsi deyil, həm də gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. Lakin gün ərzində əllərimizlə toxunduğumuz ekran və korpus toz, kir və müxtəlif mikrobların toplanması üçün əlverişli mühit yaradır. Mütəxəssislər cihazın həm görünüşünü, həm də funksionallığını qorumaq üçün onun mütəmadi təmizlənməsini tövsiyə edirlər.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, təmizliyə başlamazdan əvvəl telefonu söndürmək, bütün kabelləri, qoruyucu qabı və digər aksessuarları ayırmaq lazımdır. Bu, cihazın təsadüfən işə düşməsi, içəriyə maye daxil olması və ya kontaktların zədələnməsi riskini azaldır.
Ekran və korpusun təmizlənməsi
Mütəxəssislərin sözlərinə görə, ekranı, arxa paneli və yan hissələri silmək üçün yalnız yumşaq, tük buraxmayan mikrofiber parçadan istifadə edilməlidir. Bu material tozu və barmaq izlərini effektiv şəkildə təmizləyir.
Daha çətin ləkələri aradan qaldırmaq üçün 70 faizlik izopropil spirt tərkibli salfetlərdən istifadə etmək olar. Lakin mayeni birbaşa ekranın üzərinə püskürtmək olmaz. Spirt əvvəlcə parçaya çəkilməli, sonra cihaz silinməlidir. Ağardıcı və digər aqressiv kimyəvi maddələrin istifadəsi isə qətiyyən tövsiyə edilmir.
Mütəxəssislər ekranın həftədə ən azı bir dəfə silinməsinin vacibliyini vurğulayırlar. Bu, təkcə cihazın daha təmiz görünməsinə deyil, həm də sensor ekranın həssaslığının və barmaq izi skanerinin düzgün işləməsinə kömək edir.
Portlar və dinamiklər necə təmizlənməlidir?
USB-C girişində, dinamiklərdə və qulaqlıq yuvalarında yığılan tozun təmizlənməsi zamanı xüsusilə diqqətli olmaq lazımdır. İynə, sancaq və ya kağız sancağı kimi iti əşyalardan istifadə kontaktların zədələnməsinə, enerji yığılması problemlərinə və bağlantı xətalarına səbəb ola bilər.
Bunun əvəzinə yumşaq fırça və ya zərər verməyən materialdan hazırlanmış diş çöpündən istifadə etmək məsləhət görülür. Beləliklə, iri toz hissəciklərini ehtiyatla çıxarmaq mümkündür.
Ən ideal üsullardan biri isə sıxılmış havadan istifadə etməkdir. Qısa hava axınları vasitəsilə portlarda və digər hissələrdə toplanmış toz və xırda çirkləri təhlükəsiz şəkildə təmizləmək olar.
Bəzi hallarda dinamiklərin təmizlənməsi üçün xüsusi proqramlardan da istifadə edilir. Bu tətbiqlər səs dalğaları vasitəsilə xırda hissəciklərin çıxarılmasına kömək edir. Bəzi Android smartfonlarında, o cümlədən "Xiaomi" modellərində bu funksiya standart olaraq mövcuddur.
Telefon nə qədər tez-tez təmizlənməlidir?
Mütəxəssislər barmaq izləri və tozun aradan qaldırılması üçün yüngül təmizliyin hər gün aparılmasını tövsiyə edirlər. Daha dərin təmizləmə və dezinfeksiya isə ehtiyac yarandıqda, xüsusilə səyahətdən sonra və ya telefonun tozlu mühitdə istifadə edildiyi hallarda həyata keçirilməlidir.
Mütəmadi və düzgün aparılan təmizlik smartfonun həm estetik görünüşünü qoruyur, həm də enerji yığılması, səs keyfiyyəti və digər funksiyaların stabil işləməsinə kömək edir. Sadə qaydalara əməl etməklə cihazınızın istifadə müddətini uzatmaq mümkündür.