Smartfonları müxtəlif meyarlar üzrə müntəzəm sınaqdan keçirən məşhur “DxOMark” portalı bu dəfə ən yaxşı ekrana sahib olan telefonları açıqlayıb.
Lent.az xəbər verir ki, “Google”un ən son flaqmanları yüksək qiymətləndirilib. Onun “Pixel 8” və “8 Pro” displeyləri dünyanın ən yaxşısı kimi tanınır.
Belə ki, bu telefonlar keçmiş lider olan “Galaxy Z Fold5”i 2 xal, “iPhone 15 Pro Max”ı isə beş xal qabaqlayıb.
Sınaq zamanı təsvirin parlaqlığı və aydınlığı, rəngin göstərilməsi keyfiyyəti, sensorun reaksiyası eləcə də digər məqamlar yoxlanılır. Reytinq “DxOMark” saytında mövcuddur.
Maraqlısı odur ki, bir neçə həftədir satışa çıxarılan “iPhone 15 Pro Max” hətta ilk beşliyə belə düşə bilməyib.
Mütəxəssislər “Pixel 8” və “8 Pro”nu rənglərin bərpası, istənilən şəraitdə oxunaqlılığı, HDR10 video renderi, eləcə də şəkillərin hamarlığı və cavab reaksiyası üçün yüksək qiymətləndiriblər. Təbii ki, bir neçə mənfisi də var. Ancaq reytinqdəki yeri nəzərə alsaq, onlar əhəmiyyətsizdir. Məsələn, bəzən aşağı parlaqlıqda qaranlıq yerlərdə nəzərəçarpacaq detal itkisi olur.
Bütün testlərin nəticələrinə əsasən, “Pixel “8 və “8 Pro” 154 xal toplayıb, “DxOMark” tərəfindən sınaqdan keçirilmiş bütün smartfonların reytinqində ilk iki pilləni tutub. Üçüncü və dördüncü yerlərdə “Galaxy Z Fold5” (152) və “Pixel Fold” (151) qərarlaşıb. Ən yüksək səviyyəli “iPhone 15 Pro Max” 149 xal toplayaraq yalnız altıncı yerdədir.
İlk sıralarda az tanınan “Honor Magic 5 Pro”, “iPhone 14 Pro Max / 14 Pro”, “Galaxy Z Flip 5” və “Galaxy S23 Ultra” da var.