Sonuncu səlib yürüşü necə bitdi? - TARİX
26 mart 2025 20:15 (UTC +04:00)

Sonuncu səlib yürüşü necə bitdi? - TARİX

XI əsrdən başlayaraq Avropa hökmdarları Müqəddəs torpaqlar saydıqları və xristianlığın təşəkkül tapdığı Qüds və ətraf əraziləri müsəlmanların hökmranlığından azad etmək üçün Yaxın Şərqə silsilə yürüşlər təşkil etmişdi. Səlib yaxud xaç yürüşləri adını alan bu hərbi kampaniyalar ilkin vaxtlarda uğurla nəticələnsə də, zamanla indiki İsrail, Fələstin və Livan ərazilərində geniş ərazilər zəbt edən səlibçilər get-gedə həmin əraziləri itirmişdilər. 

Səlibçilərin sonuncu qalası 1291-ci ildə müsəlman qüvvələri tərəfindən azad olunduqdan sonra Avropa hökmdarları sonrakı illərdə səlib yürüşlərini bu dəfə Kiçik Asiyada və Balkanlarda geniş ərazilər ələ keçirən Osmanlı İmperiyasına qarşı yönəltmişdi. 

Lent.az tarixdəki sonuncu xaç yürüşü barədə yazını təqdim edir. 

XIV əsrdən etibarən türklər Balkanlara genişlənməyə başladılar və təsvir olunan dövrdə yarımada artıq böyük ölçüdə onların nəzarətinə keçmişdi. Uzun illər hərbi uğursuzluqları və fəlakətli Dördüncü Səlib yürüşü ilə zəifləmiş Bizans İmperiyası digər Aralıq dənizi ölkələrindən türklərə qarşı müdaxilə və kömək istədilər.

Yeni bir səlib yürüşü ideyası yalnız 1443-cü ilin yanvarında, Bizans imperiyasının tərkibində Konstantinopol ətrafındakı torpaqların yalnız bir hissəsi qalanda eşidildi: Balkanlar Osmanlı İmperiyasının Avropanın içərilərinə doğru irəliləməsi  üçün forpost oldu və buna görə də qonşu ölkələrin hökmdarları birləşməyə qərar verdilər. Daha doğrusu, bu təhlükə ilə ən çox təhdid edilən Polşa və Macarıstan kralı gənc Vladislav digər hökmdarları ətrafında birləşdirdi.

Təcrübəli macar sərkərdə Yanoş Hunyandinin başçılığı ilə polyak, macar, moldavan, xorvat, serb, litva, bolqar, çex, valak, alman, italyan muzdluları və hətta Tevton ordeninin cəngavərlərindən ibarət birləşmiş ordu hazırlığını başa vuraraq Osmanlı İmperiyasını Balkan yarımadasında sıxışdırmaq üçün yola düşdü.

Müttəfiq ordu ilk vaxtlar Osmanlılara bir sıra məğlubiyyətlər yaşatdı, bu məğlubiyyətlər Sultan Muradı xristianlarla sülh bağlamağa və hakimiyyəti 12 yaşlı oğlu Mehmedə (gələcək Fateh Mehmed) təhvil verməyə məcbur etdi. Qərar osmanlıların uduzduğu Niş döyüşündən sonra verildi. Güman edilirdi ki, türklər bir sıra kiçik ərazilərdən imtina edəcək, sülh bərqərar olacaq idi. Tərəflər hətta 10 il sülh içində yaşamağa hazır olduqlarına dair İncil və Quran üzərinə and içdilər. Lakin səlib yürüşünün xristian liderləri Sultan Muradın taxtdan imtinası və yerinə 12 yaşlı oğlu Mehmedin çıxdığını eşidərək, bunu fürsət bilib, müharibəni davam etdirdilər.

Ekspedisiyanın məqsədi o zaman Osmanlı İmperiyasının paytaxtı olan Ədirnəyə hücum etmək idi, lakin onlar daha real məqsədə doğru yönəldilər. Çanaqqala boğazına daxil olan Venesiya gəmiləri oradakı səlibçiləri qarşılamaq və onları sahilboyu Konstantinopola aparmaq üçün hazırda Bolqarıstan ərazisində yerləşən Varna şəhərinə yollandılar. Varnaya gedərkən türk qarnizonları azlıqda olsalar da, lakin inadkar müqavimət göstərdilər, səlibçiləri xeyli gecikdirdilər və Sultan Murada (təcili olaraq hakimiyyətə qayıdan) qoşunları dəniz yolu ilə Varnaya gətirməyə zaman verdilər

Kampaniyanın kulminasiya nöqtəsi 1444-cü il noyabrın 10-da Varna döyüşü oldu. Şəhərə yaxınlaşan minlərlə səlibçi ordusu Muradın ordusu tərəfindən mühasirəyə alındı ​​və döyüşə girməyə məcbur oldular. 60 minlik Osmanlı ordusuna qarşı təxminən 30 min xristian döyüşdü. Qüvvələr baxımından belə üstünlüyə baxmayaraq, inadkar döyüş uzun zaman aldı və hər iki tərəf tükəndi. Nəhayət, döyüşün axarını dəyişmək ümidi ilə kral Vladislav Sultan Muradı şəxsən öldürmək qərarına gəldi və hücuma keçdi. Yeniçərilər öz hökmdarını qorumaq üçün dərhal hərəkətə keçdilər və Vladislavı mühafizə qüvvələri ilə birlikdə öldürdülər. Səlib yürüşünün cəsur, lakin çox da ağıllı olmayan liderinin ölümü, nəhayət, ordunu ruhdan saldı. Kral düşərgəsinin ətrafında gəzən Murad Vladislavın taxtını ələ keçirdi və döyüşün başa çatdığını elan etdi. 

Beləliklə, sonuncu səlib yürüşü elə həmin gün türklərin inamlı qələbəsi ilə başa çatdı. Bu uğur sayəsində Osmanlı İmperiyası Balkan yarımadasındakı uğurlarını möhkəmləndirdi və xilas edəcək heç kimin qalmadığı Bizans paytaxtı Konstantinopolun çoxdan gözlənilən mühasirəsinə hazırlaşmağa başladılar. Həmin missiyanı isə 1453-cü ildə Sultan Muradın ikinci dəfə taxta çıxacaq oğlu Sultan Mehmed reallaşdıracaqdı...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2422

Oxşar yazılar