Slavyanların Azərbaycana yürüşünə 30 il qadağa qoyan TARİX
15 fevral 2024 20:15 (UTC +04:00)

Slavyanların Azərbaycana yürüşünə 30 il qadağa qoyan TARİX

VIII əsrin sonlarından başlayaraq müasir Rusiya və Ukrayna ərazisində yaşayan slavyan xalqları Qara dəniz və Xəzər dənizi boyunca yerləşən sahil şəhərlərə yürüş etməyə başladı. Bu yürüşlərin bir hissəsi Azərbaycan ərazisinə yönəlmişdi.

Lent.az Azərbaycana slavyan yürüşlərinə son qoyan tarixi hadisələrdən danışacaq.

909-cu ildə slavyanlar 16 gəmidə Xəzər dənizinin Astrabad körfəzində yerləşən Abeskun adasına yürüş etdi və onu hərtərəfli talan etdi. Lakin Mazandaran vilayətinin Sarı şəhərinin Əhməd Ben əl-Qasim adlı hökmdarı gecə vaxtı slavyanların düşərgəsinə hücum edərək onları məğlub etdi.

Növbəti il ​​slavyanlar daha böyük qüvvələrə qisas məqsədilə yürüşə başladı. Onlar qəfildən Sari şəhərinə hücum edərək, onu yandırdılar, sakinləri qul kimi əsir götürdülər və tələsik şəhəri tərk etdilər. Lakin gecələrin birində ruslar ehtiyat tədbirlərini unutdular və onların sahilə çıxan hissəsi yerli sakinlər tərəfindən məhv edildi. Qalan qüvvələr isə Şirvanşahlar dövləti tərəfindən neytrallaşdırldı.

Bu dəfə Şirvanşahlardan qisas almaq üçün slavyanlar Xəzər dənizində yenui ekspedisiya hazırlığı görür.

Tarixçi Məsudiyə görə, 913-cü il kampaniyasında 500 gəminin iştirakı ilə yürüş hazırlanır.

Gəmilər Kerç boğazının girişinin qarşısında toplanır, burada Xəzərilər dövlətinin yola nəzarət edən güclü bir qalası var idi.

Ekspedisiyanın hərbi məqsədləri çox açıq idi və ruslar Xəzər hökmdarının razılığı olmadan yollarına davam etməyə cəsarət etmirdilər.

Xəzər hökmdarına slavyan donanmasının onun ərazilərindən keçməsinə icazə verilməsi xahişi ilə məktub göndərildi. Şirvanşahlar dövləti ilə az əvvəl müharibədən çıxan və bu dövləti əsas ticarət rəqibi sayan Xəzərilər slavyan donanmasının yürüşündən öz maraqları üçün istifadə etmək qərarına gəlir.

Bu yürüş xəzərilərin siyasətinə və ticarət maraqlarına uyğun idi. Buna görə də onlar ələ keçirilən qəniməti yarıya bölmək şərti ilə ruslara səfərlərini davam etdirməyə icazə verdilər.

Ruslar Don çayı ilə üzürlər və qayıqlarını Volqaya qədər sürükləyirlər. Sonra İtilə enərək Xəzər dənizinə daxil oldular və bütün Xəzər sahillərinə səpələndilər.

Slavyanların yürüşü Gilan, Deyləm, Təbəristan, Əbəsqun, Azərbaycan və digər ərazilərdə dinc əhali üçün ağır olur.

Məsudi yazır ki, slavyanlar qan tökdülər, qadınları və uşaqları əsir götürdülər, mallarını taladılar, basqınlar üçün qoşunları təchiz etdilər, evləri dağıtdılar və yandırdılar. Yerli hökmdarların dəstələri isə bu hücumları dəf edə bilmədi. Döyüşdən sonra qələbə qazanan ruslar “Bakı kimi tanınan Şirvan çarlığının neft quyularının yaxınlığındakı sahillərə çatdılar”.

Burada onlar sahilə yaxın adalarda məskunlaşdılar. Şirvanşah Əli ibn əl-Heysəm barjalara və ticarət gəmilərinə minmiş böyük ordunun köməyi ilə onları oradan qovmağa çalışırdı. Lakin slavyanlar Şirvanşahların donanmasını pərən-pərən saldı, minlərlə insanı öldürdü.

Məsudi yazır ki, ruslar bir neçə ay Xəzər dənizinin ağaları olaraq qaldılar.

“Heç kim onlarla heç nə edə bilmədi, baxmayaraq ki, insanlar onlara qarşı silahlanıb ehtiyat tədbirləri görürdü”, - o yazırdı.

Nəhayət, qənimətləri toplayaraq slavyanlar Volqa çayının mənsəbinə qayıtdılar. Burada onlar Xəzərilər hökmdarı ilə danışıqlara girdilər və söz verdiyi kimi qarət edilmiş malların və xəzinələrin yarısını ona verdilər.

Slavyanlar səfərin xoşbəxt sonluğunun yaxınlaşdığını düşünürdü. Lakin sonradan əksəriyyəti müsəlmanlardan ibarət olan Xəzər hökmdarının mühafizəsi qəzəbləndi, onlar bu razılaşmaya etiraz etdi. Mühafizə başçıları Xəzəri hökmdarından öz dindaşlarının qətlinə görə qisas tələb edirdi.

“Gəlin, bu düşmənlərlə biz məşğul olaq, çünki onlar müsəlman qardaşlarımızın bölgələrinə hücum edib, qanlarını töküb, arvad-uşaqlarını əsir götürüblər”, - deyə Məsudi öz əsərində yazır.

Həmin məqamda Xəzərilər qıpçaq türklərinin, alanların və s. hücumlarını dəf etməkdə çətinlik çəkirdi və bu şəraitdə onların hökmdarı müsəlman mühafizəçilərə qarşı çıxmağa cürət etmirdi.

O, Xəzərilərin mühafizə xidmətinə və qisas arzusunda olan Şirvanşahlar dövlətinin hərbçilərinə hərəkət azadlığı verdi, amma hazırlanan cəza tədbiri haqqında rusları xəbərdar etdi. Narahat olan ruslar təqiblərdən qurtulmaq ümidi ilə dərhal Volqa çayına doğru üzdülər. Bununla belə, təqibçilərin daha sürətli olduğu ortaya çıxdı.

Döyüşün qarşısını almaq mümkün olmadığını görən ruslar sahilə çıxıb döyüş formasında düzüldülər. Xəzər qvardiyasının bayraqları altında əsasən süvarilərdən ibarət 15 minə yaxın döyüşçü toplaşdı.

Məsudi xəbər verir ki, Xəzərilər dövlətində yaşayan çoxsaylı xristianlar müsəlmanlara qoşularaq qarətlərindən bezdikləri slavyan dəstələrinə qarşı çıxdı.

Son dərəcə inadkar döyüş Azərbaycanın indiki Xudat şəhəri ərazisində baş verdi, 3 gün davam etdi və müsəlman qüvvələrinin üstünlüyü ilə keçdi.

15 minlik slavyan qüvvələrinin demək olar ki, hamısı döyüşdə həlak oldu. Qaçmağa müvəffəq olan bir neçə nəfər isə Xəzərilər dövləti və Volqa Bulqarları tərəfindən öldürüldü.

Volqa fəlakəti Rusiya və Ukraynada slavyanlar arasında böyük təəssürat yaratdı. Sonrakı otuz il ərzində Xəzər sahilinin sakinləri slavyanların yalnız ticarət gəmiləri və balıqçı qayıqlarını gördülər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10089
avatar

Vüqar İsmayılov

Oxşar yazılar