60 ildir sağalmayan yara – Kərkük qətliamı
14 iyul 2019 15:46 (UTC +04:00)

60 ildir sağalmayan yara – Kərkük qətliamı

Əsrlərdir Osmanlı imperiyasının tərkibində olan İraq və Misak-ı Milli (milli and) adlandırılan torpaqların bir qismi sayılan Türkmən əyalətləri də Paris Sülh Konfransının qərarlarına əsasən, 1920 – ci ildən etibarən İngiltərənin idarəçiliyinə verilmişdi. Ölkədə ingilis siyasətini həyata keçirən yeni formal bir monarxiya qurulmuşdu. Bu monarxiya  1958 – ci il 14 iyulda həm xalqın, həm də Sovet İttifaqının dəstəyi nəticəsində hərbi çevrilişlə tarixə qovuşdu. Yaxın və Orta Şərqdə ərəb milliyətlçiliyi adı ilə  yeni idarə sistemi  - “Ərəb Dövlətləri Liqası ” yaradan SSRİ İraqsız bu birliyin möhkəmlənə bilməyəcəyini anlayırdı. Misir, ardınca da İraqda həyata keçirilən çevrilişlər bölgədə SSRİ - nin nüfuzunu gücləndirdi.
 
1959 – cu ilin 14 iyulunda xalq monarxiyanın devrilməsinin 1 illiyini qeyd edəcəkdi. Türkmənlər də İraq xalqının bir parçası olaraq dövlət bayramına hazırlıq görmüşdülər. Havanın isti olmasından dolayı şölən axşam saatlarına təyin edilmişdi. Minlərlə gənc türkmən milli geyimlərində Kərkük mərkəzi meydanına  axışırdı. Mosul, Təlafər, Ərbil rayonları və Bayat kəndləri bölgəsindən gələn türkmənlər meydanda toplaşdılar. Törənin açılışı saat 19:00 – da  baş tutmaq üzərə idi ki, ard-arda hər tərəfdən gələn silahlılar tədbir iştirakçılarını gülləbaran etdilər. Nə baş verdiyini anlamayan köməksiz insanlar dağılışmağa, yaralıları ərazidən uzaqlaşdırmağa çalışırdılar. Lakin yüzlərlə əli silahsız türkmən oradaca yaralandı, öldürüldü. Bu azmış kimi evlərə, dükkanlara basqın edildi, yağmalandı, hər tərəf dağıdılaraq yandırıldı. 60 – a yaxın insan diri – diri boş quyulara atıldı, üzəri torpaqlanaraq öldürüldü. Bu qətliam üç gün davam etdirildi. Türkmən aydınlar, həkimlər, müəllimlər, vəkillər evlərindən aparılaraq edam edildilər. Onların içərisində Ata Xeyrullah və məşhur həkim Ehsan Xeyrullah da vardı. Türkmən gənclər maşınlara bağlanaraq sürükləndi, elektrik dirəklərindən asıldı, kimlərinin isə üzərindən maşın keçdi.
Hücum edənlər o zaman İraqda əsasən kürdlərdən təşkil edilən İraq Kommunist Partiyasının peşəkar silahlı üzvləri idilər. Onlar kürd və ərəb qrupları olmaqla vaxtilə SSRİ tərəfindən Rusiyada yetişdirilmişdilər. Bu qətliamda ordu və polis də  kommunistlərlə birləşdilər. 
Dünyanın gözü qarşısında baş verən, qəzetlərin manşetinə çevrilən bu qətliama İraq höküməti susurdu.  Bir çox yerlərdən təpki gəlsə də, böyük dövlətlər də susmuşdular. Türkmənlər kimsəsiz və çarəsiz qalmışdılar. Az sonra İraq hökümətinin rəhbəri general Qasım günahkarların cəzalanacağını bildirsə də, xeyli günahkar məhkəmədən cəzasız buraxıldı.
 
Bu qırğın XX əsr tarixində türklərə qarşı edilən böyük  soyqırımlardan  biridir. Məqsəd isə bəlli idi. Bölgədə türklərin güclənməsindən, gələcəkdə Türkiyə cümhuriyyəti ilə əlaqə qura biləcəklərindən çəkinən sovet bu qətliamı kürdlərin əli ilə həyata keçirdi. Erməni – türk qarşıdurmasından sonra , bölgədə kürd – türk düşmənçiliyinin də əsası qoyuldu. Türkmən qəzetləri bağlandı, milli bayramlar, öz dillərində danışmaq da qadağan edildi. Daha bir plan isə türkmənləri bir-birindən ayıraraq, zamanla məhv edib, Türkmənelindən çıxarmaq idi. Bu qətliamdan sonra Türkmən xalqı kimsəsiz qalsa da, gələcəyi üçün öz milli dirənişlərinin vacibliyini qəti qərarlaşdırdı. Min illik tarixi olan Türkməneli 60 ildir yurdlarını qorumaq və öz torpaqlarından sürgün edilməmək üçün dirəniş göstərir. Sağ qalmış, qəlbi qırılmış, çarəsiz türkmənlər bir daha özlərindən başqa onları qoruyacaq bir qüvvənin olmadığını anlamış , bu gün də İraq sərhədləri daxilində öz əzablı talelərinii sürdürməkdədirlər.
 
Şəhla Cabbarlı
 
Redaksiyadan: Biz də soydaşlarımızın 60 illik sağalmayan yarasının acısını paylaşır və milli mücadilədə onlara dözümlülük arzu edirik. 
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4021
avatar

Şəhla Cabbarlı

Oxşar yazılar