Zəif oxuyurdu, o sakit uşaq cəbhədə ASLANA DÖNDÜ - Anası gəlin olan gün...
24 oktyabr 2022 12:18 (UTC +04:00)

Zəif oxuyurdu, o sakit uşaq cəbhədə ASLANA DÖNDÜ - Anası gəlin olan gün...

Müharibənin sarsıtmadığı insan, qırmadığı tale yoxdur. Hər kəsə fərqli təsir edən məqamlar müharibənin aldığı oğullar və ataların geridə qoyduqlarıdır. Şəhid Əli Nağıyevin ailəsinin qonağı olduq. Əli 1991-ci ilin 25 dekabrında Bakıda anadan olub. Onun anası ilə həmsöhbət olmaq istədik. 

Nağıyev Əlinin anası Nağıyeva Lalə xanımla müsahibəni təqdim edir:

-    Əlinin uşaqlığını necə xatırlayırsınız?

-    Çox sakit uşaq olub.  Məktəbdə də, ta ki, müharibəyə gedənə qədər. Elə sakit olub o... Hamı elə bilir ki, bu saat asta-asta Əli keçəcək. Düzdü, uşaqlıqda 3 dəfə əməliyyat olub deyə, yaddaşı zəif idi. Ona görə yaxşı oxumayıb. Elə sakit uşaq olduğuna görə, müəllimləri qiymət yazırdılar. Qardaşının müəllimələri də onu tərifləyirdi. Ümumiyyətlə, Əli mənim sağ əlim idi...

-    Təhsilini davam etdirmək istəmədi bəs?

-    Yox. Doqquzuncu sinifdə 91 nömrəli məktəbdən çıxdı. 6 nömrəli Peşə Məktəbində sürücülük təhsili aldı. 2010-cu ildə əsgər getdi. Qayıdandan sonra müxtəlif işlərdə işləyirdi. Son iş yeri yaxınlığımızdakı otel oldu. Şəhid olandan sonra da çalışdığı yer hər ay əməkhaqqını gətirib verirlər. Sağ olsunlar. 

-    Nə vaxt çağırış gəldi ona?

-    İstirahət günü idi, axşam zəng gəldi. Dedilər ki, təlimə görə səhər gələrsən 49 nömrəli məktəbə. 21 sentyabr... Qardaşı ilə getdi səhər tezdən. Elə bildik ki, qayıdacaq. Qardaşına dedilər ki, imza çəkin, telefonunu götürün. Bakının bir kəndinə apardılar onu, 1 həftə təlim keçdilər. Minamyot atırdı oğlum. 26 sentyabr gecə ilə həyəcan siqnalı verilib. Müharibəyə aparırdılar, elə yolda gedə-gedə zəng edirdi (ağlayır)... 

-    Hara aparırdılar?

-    Füzuliyə. Deyirdi ki, ön cəbhədə olublar. Füzulidə, Cəbrayılda, sonuncu dəfə Xocavənddə vuruşublar. Onların bölüyü çox itki verib. 26 gün dayanmadan vuruşdu. Onların hər saniyəsi, dəqiqəsi görün, nə idi... 

-    Sonuncu dəfə nə vaxt zəng edib?

-    Oktyabrın 17-si zəng eləmişdi. Gördüm öskürür. Dedim “Əli, nə olub sənə?”, dedi ki, iki gün suyun içində qalmışıq. Bölük komandirləri Elçin Zeynalov televiziya üçün müsahibəsində deyirdi ki, iki dəfə pusquya düşüblər. Suyun içində gözləyiblər, tərpənə bilməyiblər ki, ermənilər atmasın. İki gündən sonra kömək gəlib, çıxıblar oradan. Dörd-beş aydan sonra bizə şəkil göndərdilər. Deməli, on gün vuruşandan sonra dağdan aşağı düşüblər. Şəkil çəkməyə qoymurdular, amma həmin şəkli kimsə çəkib saxlamışdı. Döyüş yoldaşları ilə birgə Füzulidə çəkdirmişdi, 3 nəfər deyirlər, gülürlər. Bilmirəm telefon işlətmək qadağan olan yerdə o şəkli kim çəkmişdi. Allah bilir. Uşağın heç videosu da yoxdu. 1 dəqiqəlik-filan iki videosu var, vəssalam. 

-    Müharibədə olduğunu qəbul edə bilirdinizmi? 

-    Tam dərk edə bilmirdik müharibəni. Televiziyaya baxırdıq, fikirləşirdik ki, uşaq davadadır e, ölümün içindədir. Elə gülə-gülə danışırdı ki, bizimlə… “Biz qovuruq, onlar qaçır, qorxma” - deyirdi. Elə bilirdim ki, yanımdadır, necə ki, indi elə hiss edirəm (ağlayır). Hadrutdan piyada 15 saat yol gediblər hansısa yüksəkliyə, axşam atışma olub. Onların olduğu yeri vurublar. Əli ilə birlikdə 6 nəfər şəhid olub. 2 gün sonra köməyə gəliblər, düşürüblər aşağı.  

-    Bəs, hiss elədiniz həmin vaxt?

-    Elə şəhid olan gün toy günüm idi həm də. Deməli, həyətə çıxdım. Bilirsiniz, nə qədər qarğa uçurdu evin üstündə? Sığırçının oynamağını görmüşəm, qarğanın yox. Heç yadımdan çıxmaz. Bilmirəm nə əlaməti idi. Həyat yoldaşıma dedim ki, bəs, Allah xeyir eləsin, qarğalar yaman uçuşurdu üstümüzdən. Elə 2-3 saat sonra oğlum şəhid olubmuş. 
21-i də axşam yuxuda gördüm ki, Əlinin yatağını düzəldirəm. Deyirəm “Əli, paltarlarını çıxart da, yuyum”. Heç demədi, qara köynəkdə eləcə dayanıb qarşımda, baxır. Səhər saat ikidə “Jek”in işçisi Sevil bizə əlində 1 sellofan maska gəldi. Dedi ki, oğlun Qahir hanı? Nömrəsini istədi, dedim neyləyirsən ki? Elə rahat soruşuram ki, heç o qədər rahat olmamışdım. Başladı ağlamağa. Bilirdi… Evimizin çölünü ağardırlar, həyətə əl gəzdirirlər, bayraq taxırlar və s. Mənim də xəbərim yoxdu, mən nə bilim…

-    Heç kim heç nə demirdi?..

-    Yox. Bir gün əvvəl hamı bilirdi. Saat beşin yarısı idi gətirdilər. “Mən baxmasam, inanmaram”,- dedim. Uşağımla elə formada danışmışam ki, elə bilirəm sağdır. Gətirib həyətə qoydular. Hacı Surxay dedi ki, bax, amma toxunma. Baxdım, doğrudan Əli idi, yatıb. Yanaqları da elə qırmızı idi ki, sanki həqiqətən, yatmışdı. 
Aparıb dəfn elədik. Dəfn bitəndə azan səsini eşitdik. Sonra da yağış atdı bir-iki dənə. Vəssalam. Üçündə də getmişdik. Çələng qoymuşdular, güllərin hamısı qurumuşdu. Bir dənə ortasındakı qızılgül əyib başını, içindən su axır. 

-    Ağlayırmış gül… 

-    Hə (ağlayır). Ümumiyyətlə, o uşaq anadan olan gündən möcüzəli biri idi. İsa peyğəmbərlə bir gündə anadan olub. Elə bil, doğrudan da şəhidlik üçün doğulub. O, anadan olanda babası başqa ad qoymaq istəyirdi. Anam dedi ki, yox, ələm (yuxu) görmüşəm. İmamın adını qoyaq. Biz də adını Əli qoyduq. Sonra dörd, səkkiz yaşında əməliyyatlar keçirdi. Onun həyatındakı bütün əlamətdar günlər tək günlərdir, şəhid olduğu gündən savayı. 

-    Bəs niyə şəhid olduğu günü 20-si yox, 22 oktyabr yazıblar? 

-    Bizə 22-si dedilər. Amma komandiri dedi ki, 20 oktyabr şəhid olub. Komandiri onu da dedi ki, bir əsgərin arxasınca gedirdim, gördüm atışmadır, arxaya qayıtdım: “Bir də gördüm minamyotu necə atıblarsa, zərbənin təsirindən Əlini atıb uzağa”. 
Onların çox əziyyətli günləri olub…

-    Ən çox istədiyi nə idi?

-    Hə, deyirdi ki, Lalə (anasını belə çağırardı), haçan olacaq e otuz yaş? Tələsirdi tamam olsun. Hətta o biri otağımızda oboy cırılmışdı, oboyun altına “2020 köç” – yazmışdı. Sanki hiss edirdi bu uşaq.

-    Evlənmək istəmirdi Əli? 

-    İstəyirdi. Hamıya deyirdi ki, əsgərliyə gedim, gəlim, nişanlanacağam. Evlənmək istəyirdi, həsrətində idi. Bəxti açılmadı ki, açılmadı. Sevdiyi qız var idi, bir dəfə kənddə bir qızı istəyirdi. Atası razı olmadı. Evlənmək barəsində qisməti yox idi. Belə… 

-    Bildiyimə görə, Əlinin adı oxuduğu məktəbə verilməyib, elədir?

- Hə, çox istəyərdim 91 nömrəli məktəbə həmin məktəbin yeganə şəhidi olan Əlinin adı verilsin. Rayonumuzun İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalovun təşəbbüsü ilə keçən gün, oktyabrın 21-i oğlumun barelyefi qoyuldu. Təşəkkür edirəm ona. Mənə dedi ki, məktəbə Əlinin adı verilməsi üçün Təhsil Nazirliyinə müraciət edəcək. Ümid edirəm müsbət cavab gələr. 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5448
avatar

Nigar Namiq

Oxşar yazılar