Bakı şəhər Dövlət Yol Polisi İdarəsi dərs ilinin başlaması ilə əlaqədar profilaktiki tədbirlər keçirib.
Bu barədə Lent.az-a Bakı şəhər DYP-nin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib. O bildirib ki, dərs ilinin başlaması ilə əlaqədar məktəblərdə görüşlər keçirilib:
“Artıq dərs ili başladı. Təhlükəsizlik tədbirlərinin aşılanması və profilaktiki tədbirlərin keçirilməsinə start verildi. Əvvəlcədən verilmiş məlumat əsasında bildiririk ki, sentyabrın 20-dən başlayan “Diqqət uşaqlar” aylığı oktyabrın 20-dək davam edəcək. Bu çərçivədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsi, 1 saylı uşaq gənclər mərkəzi və Bakı şəhər Təhsil İdarəsi funksional vəzifələrini yerinə yetirəcək. Eləcə də, 1 saylı uşaq gənclər mərkəzi və Bakı şəhər Dövlət Yol Polisi İdarəsi birgə fəaliyyət təsdiq edib. Buna görə də, Operativ Qərargahın tələblərinə uyğun olaraq yol hərəkəti qaydalarının öyrədilməsi işini təşkil edəcək. Bu gün də dərs ilinin başlaması ilə bağlı DYP əməkdaşları işini gücləndirmiş və xüsusilə də, yollara bitişik məktəblərdə görüşlər təşkil edib. Bakı şəhər DYP-nin təbliğat üzrə inspektorları polis baş leytenantı Pərvanə Muradova və polis leytenantı Rüstəm Əhmədli məktəblərdə valideyn, müəllim və şagirdlərlə görüş keçirib. Divarlara əvvəlcədən hazırlanan təbliğat xarakterli plakatlar hərəkət iştirakçılarının diqqətinə çatdırılıb.
Azyaşlıların təhlükəsizliyi üçün hər kəs əlindən gələni etməli və hərəkət iştirakçıları da bu xüsusda məsuliyyətlərini artırmalıdır”.