Yayda avtomobillərə hansı qulluq göstərilməlidir?
11 iyun 2021 18:55 (UTC +04:00)

Yayda avtomobillərə hansı qulluq göstərilməlidir?

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasında bugünki mövzu avtomobillərə yay mövsümünə uyğun qulluq edilməsidir.

Avtomobillərə qışda olduğu kimi, yayda da xüsusi qulluq edilməli, bəzi problemlər aradan qaldırılmalıdır. Görəsən, sürücülər yayda maşına hansı qulluq göstərməlidir ki, sonradan problem yaranmasın.

Rubrikamızın sualına Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti, nəqliyyat eksperti Fərhad Eyyubov aydınlıq gətirib. O bildirib ki, avtomobilin soyutma sisteminə xüsusi fikir vermək lazımdır:

Ekspert Fərhad Eyyubov

“Nəqliyyat vasitələrinə müəyyən texniki tələblər qoyulub. Həmin tələblərin bəziləri sürücülərə aiddir, bəziləri də yol hərəkəti qaydalarında ümumi prinsiplərə əsaslanır. Həm yay, həm də qış mövsümündə nəqliyyat vasitələri texniki cəhətdən saz olmalıdır. Ancaq qışa nisbətən yayda daha rahatdır. Təkərlərin texniki göstəriciləri və şinlərin qalınlığı standartlara uyğun olmalıdır. Yay vaxtı bildiyiniz kimi, sürət həddi bir az yüksək olur. Buna görə də əyləci basan zaman bunlara diqqət etmək lazımdır. Əsasən soyutma sisteminə fikir verilməlidir. Çünki istidə bəzən maye qaynama həddinə çata bilir. Bu da mühərrikin sıradan çıxmasına səbəb olur. Səbəb isə əksər sürücülərin soyutma sisteminə xüsusi məhlul yox, su əlavə etməsidir. İstifadə edilən məhlulun da özünün texniki və keyfiyyət göstəriciləri var.

Azərbaycanda havanın temperaturu 40 dərəcəni keçəndə sürücülərin nəqliyyat vasitəsindən istifadəsi nəzərdə tutulmur. Buna görə də 36-37 dərəcə istidə mütləq kondisionerdən istifadə edilməlidir. Ümumiyyətlə, nəqliyyat vasitələrinin sazlığı sürücülərin təhlükəsizliyinə təminat yaradır. Ona görə də istər sürücülər, istərsə də avtomobil təmiri məntəqələrində maşınların texniki cəhətdən sazlığı üçün müəyyən tədbirlər görülməlidir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2997
avatar

Mehman Nəbiyev

Oxşar yazılar