Zakir Həsənov hərbi məktəbləri yoxladı
13 sentyabr 2014 22:58 (UTC +04:00)

Zakir Həsənov hərbi məktəbləri yoxladı

Sentyabrın 13-də Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti yeni tədris ilinə hazırlıq vəziyyətinin yoxlanılması ilə əlaqədar Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində olub.  

 

Lent.az-ın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, müdafiə nazirinə ali hərbi təhsil müəssisəsinin baş planı göstərilib, qərargah və digər inzibati binalar, həmçinin məktəbin ərazisində yerləşən infrastruktur haqqında ətraflı məlumat verilib.

 

Müdafiə naziri məktəbin yeni təmir olunmuş, müasir avadanlıqlar və stendlərlə təchiz edilmiş tədris korpuslarında, müxtəlif kafedralarda və fənn kabinələrində tədrisin maddi-texniki şəraitinə baxış keçirib, o cümlədən yeməkxana, yataqxana və inzibati binalarda olub.

 

Müdafiə naziri Azərbaycan Ali Hərbi Təyyarəçilik və Azərbaycan Ali Hərbi Dənizçilik məktəblərində də mövcud şəraitlə tanış olub.

 

Sonra nazirliyin rəhbər heyəti, məktəblərin komandanlığı və müəllim-professor heyətinin iştirakı ilə geniş tərkibdə toplantı keçirilib.

 

Yeni tədris ilində məktəbin zabit və müəllim heyətinin qarşısında dayanan əsas vəzifələri diqqətə çatdıran müdafiə naziri ölkəmizdə müasir təhsil sisteminin inkişafına Azərbaycan  prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən göstərilən yüksək diqqət və qayğını xüsusi vurğulayıb. Nazir qeyd edib ki, hazırda ölkəmizdə hərbi təhsil sisteminin müasir dünya tələbləri səviyyəsində qurulmasına ciddi diqqət yetirilir.

 

Eyni zamanda, məktəbdə qısa müddətdə yüksək səviyyədə aparılan təmir-bərpa işlərindən, maddi-texniki bazanın vəziyyətindən məmnun qalan müdafiə naziri bütün bunlarda əməyi olan hər kəsə təşəkkür edib.

 

Hərbi məktəblərdə təhsillə bağlı fikirlərini bölüşən müdafiə naziri tədris-maddi bazasının imkanlarından geniş istifadə etməklə çöl təlim-məşqlərinə xüsusi diqqət yetirilməsinin vacibliyini bildirib. O deyib ki, bizim hərbi məktəbləri bitirən gənc zabitlər elə praktiki hərbi biliklərə yiyələnməlidirlər ki, döyüş zamanı istənilən və zəruri şəraitdə qazandıqları vərdişləri asanlıqla və əminliklə tətbiq etmək bacarığına malik olsunlar.

 

Sonda Müdafiə naziri gələcəyin zabit kadrlarının hazırlıq səviyyəsinin gücləndirilməsi, nizam-intizamın və şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılması istiqamətində məktəbin rəhbərliyinə tapşırıq və tövsiyələrini verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1300
avatar

Oxşar yazılar