Baş Dövlət Yol Polisi İdarəsi ümumi yol qəzaları arasında piyadavurma hallarının artmasından narahatdır. İdarəsinin şöbə rəisi Kamran Əliyev APA TV-yə bildirib ki, yol hərəkəti iştirakçıları arasında ən zəifi piyadalar olsalar da, onlar bəzən çox məsuliyyətsizlik edirlər.
“Piyadaların vurulması ilə nəticələnən qəzalar ümumi qəzalarda çoxluq təşkil edir. Təxminən, 37,8 faiz. Bundan da görünür ki, piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulması halları da həddindən artıq çoxdur. Baxmayaraq ki, piyadalar üçün bu qədər yerüstü, yeraltı piyada keçidləri inşa olunub, tənzimlənən və tənzimlənməyən piyada keçidləri var”.
DYP rəsmisi bildirib ki, bu ilin 9 ayı ərzində piyadaların təqsiri üzündən baş vermiş 100-ə yaxın yol nəqliyyat hadisəsində 30-a yaxın piyada həlak olub, 70-dən çoxu isə yaralanıb. Qəzalardan biri sərxoş vəziyyətdə olan piyada tərəfindən törədilib.
Kamran Əliyevin sözlərinə görə, “Yol hərəkəti haqqında” qanuna əsasən, görünüş dairəsində piyada keçidi varsa, piyadalar mütləq həmin keçiddən istifadə etməlidirlər.
“Piyada təxminən 100-200 metr məsafə qət etməyi özünə əziyyət bilir. Həyatını riskə atır, amma əziyyət çəkib 100 metr gedib təhlükəsiz keçiddən keçmir. Son nəticədə də görürsünüz ki, ağır qəzalar baş verir”.
Kamran Əliyev deyir ki, Avropa dövlətlərində piyadaların piyada keçidindən istifadəsi mədəniyyət göstəricisi sayılır.