Yeni Günəşli sakinlərinə sevindirici xəbər
08 yanvar 2013 16:33 (UTC +04:00)

Yeni Günəşli sakinlərinə sevindirici xəbər

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri davam etdirir.

 

“Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, “2011- 2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində əhalinin fasiləsiz içməli su ilə təmin edilməsi məqsədi ilə Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində icra edilən pilot layihə yekunlaşıb.

 

İcrasına 2012-ci ilin iyul ayında başlanmış pilot layihə çərçivəsində Yeni Günəşli qəsəbəsinin “Q” yaşayış massivində 28 ədəd doqquzmərtəbəli binanın su təchizatı sistemi tamamilə yenidən qurulub. Bununla da 4571 nəfər sakin (1187  abunəçi)  24 saat fasiləsiz  rejimdə içməli su ilə təmin olunub.  “Azərsu” sədrinin istismar üzrə müavini Köçərli Həsənov pilot layihə çərçivəsində görülmüş işlər barədə məlumat verərək bildirib ki, magistral şəbəkə və su anbarında, eləcə də binadaxili sistemlərdə əsaslı yenidənqurma işləri aparılıb.  Yaşayış binalarını içməli su ilə təmin edən su-nasos stansiyası və uzun müddət istifadəsiz qalmış 2000 kubmetr  tutumu olan su anbarı əsaslı təmir edilərək hidrofor sistemi ilə təchiz edilib. Layihə çərçivəsində ərazini içməli su ilə təmin edən və uzun müddətdir istismarda olan 2,3 km uzunluğunda metal borulardan ibarət magistral xətt polietilen borularla əvəzlənib.  Su anbarının girişində və nasos stansiyasının çıxışında su sayğacları quraşdırılıb ki, bunun da nəticəsində verilən suyun dəqiq uçotunun  aparılması mümkün olub.

 

Binaların zirzəmilərində təxminən 25-30 il əvvəl çəkilmiş aşağı paylayıcı şəbəkə və mənzillərin daxilindən (şaxtalardan) keçən dik dayaqlar ləğv edilib. Supaylayıcı xətlər pilləkən qəfəsələrinə çıxarılaraq binaların su təchizatı sistemləri tamamilə yenidən qurulub. Ümumilikdə 13,5 km uzunluğunda müxtəlif diametrli polietilen borularla binadaxili su xətləri çəkilib, mənzillərə 1187 ədəd birləşmə verilərək smart-kart tipli su sayğacları, yanğın təhlükəsizliyini təmin etmək üçün isə 5 ədəd yanğın hidrantı quraşdırılıb. Magistral və binadaxili su xətlərinin yenidən quraşdırılması nəticəsində su itkisinin qarşısı tam alınıb, binaların zirzəmilərindəki antisanitar vəziyyət aradan qaldırılıb. Sayğacların pilləkən qəfəslərinə çıxarılması isə onların nəzarətdə saxlanmasını və  texniki xidməti asanlaşdırıb. Qeyd edək ki, layihənin icrasına qədər həmin binalara  ay ərzində orta hesabla 17,8 min kubmetr su verilib və bunun 40 %-i itkiyə getməklə cəmi 10,8 min kubmetri satılıbsa, görülmüş işlər nəticəsində satış həcmi 31,1 min kubmetrə qədər artıb.

 

Artıq Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsində, eləcə də Yasamal, Binəqədi, Nərimanov,  Sabunçu  rayonlarında çoxmərtəbəli yaşayış binalarının fasiləsiz içməli su ilə təmin edilməsi üçün belə layihələrin həyata keçirilməsinə başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1657
avatar

Oxşar yazılar