600 minə yaxın yəhudinin yaşadığı Los Ancelesdə nəşr edilən, ABŞ-da ikinci ən böyük yəhudi nəşri olan nüfuzlu “The Jewish Journal” həftəlik qəzetinin 19 dekabr 2013-cü il tarixli sayı Azərbaycana həsr edilib. Lent.az-ın məlumatına görə, “The Jews of Azerbaijan: Why they thrive in a Shiite Muslim country” başlıqlı məqaləni qəzetin baş redaktoru Rob Eşman (Rob Eshman) yazıb. R.Eşman bu yazını cari ilin 31 oktyabr – 1 noyabr tarixlərində Bakıda keçirilmiş Beynəlxalq Humanitar Forumda iştirak etmək məqsədilə ölkəmizə səfəri zamanı əldə etdiyi təəssüratlar əsasında hazırlayıb.
Məqalə, “The Jewish Journal”-ın əsas materialı (cover story) kimi dərc olunmuş, məqalənin başlığı qəzetin üz qabığında (dağ yəhudilərinin yaşadığı “Qırmızı Qəsəbə”dən çəkilmiş fotonun müşayiəti ilə) əsas başlıq kimi əks olunub.
R.Eşman məqalədə bildirib ki, Forumda iştirak etməklə neçə illərdir haqqında eşitdiyi, ancaq görmədiyi bir ölkə ilə tanış olmaq imkanı qazanıb.
Quba rayonuna səfəri və Qırmızı Qəsəbədə dağ yəhudiləri ilə keçirdiyi görüşlərdən bəhs edən müəllif, həmçinin, 1918-ci ildə Quba rayonunda ermənilər tərəfindən qətlə yetirilmiş azərbaycanlı və yəhudilərin xatirəsinə ucaldılmış “Quba Soyqırımı Memorial Kompleksi” barədə də geniş məlumat verib. R.Eşman abidənin ona yəhudi soyqırımı qurbanlarının xatirəsinə İsraildə ucaldılmış memorial kompleksini xatırlatdığını bildirib.
Qeyd edək ki, müəllif BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə zidd olaraq, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin 20%-nin işğalının davam etdirildiyini vurğulayıb.