Yardımlı rayonunda baş verən yanğın lokallaşdırılıb. Lent.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin Yardımlı rayonu sahəsində baş verən yanğının söndürülməsinə cəlb olunan ETSN və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, yerli icra hakimiyyəti nümayəndələrinin və rayon sakininlərinin fədakarlığı nəticəsində yanğın lokallaşdırılıb. Eyni zamanda bir neçə ərazidə tüstülənmə müşahidə olunur. Lokallaşdırılan ərazilərdə yanğının və tüstülənmənin tam qarşısını almaq istiqamətində işlər davam etdirilir, çətin keçilən ərazilərə texnika da cəlb olunub.
Xatırladaq ki, ötən gün Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin əhatə etdiyi çətin keçilən dağlıq ərazidə yanğın hadisəsi baş verib. Havaların anomal isti və quru keçməsi, həmçinin küləkli olması yanğının tam söndürülməsində çətinlik yaradıb.