Yaponiyalı mütəxəssislərdən ibarət qrup Urmiya gölündəki ekoloji vəziyyətlə tanış olmaq üçün İrana gəlib. APA-nın “Öyrənci səsi”nə istinadən verdiyi məlumata görə, Yaponiya nümayəndə heyətinə ekologiya sahəsində böyük iş təcrübəsinə malk olan 3 nəfər ekspert daxildir.
Qərbi Azərbaycan əyalətində ilk dəfə yerli və yapon mütəxəssislərin iştirakı ilə Urmiya gölündakı böhranla bağlı toplantı keçirilib. Yığıncaqda İranın Kənd Təsərrüfatı Nazirliyi, Şərqi Azərbaycan, Qərbi Azərbaycan və Kürdüstan əyalətlərinin rəsmiləri və ekoloqları iştirak edib.
Xatırladaq ki, Urmiya gölü İranın Şərqi Azərbaycan və Qərbi Azərbaycan əyalətlərinin ortasında yerləşir. Sahəsi təxminən 6 min kv.km olan Urmiya gölünün 70 faizi 50 il ərzində tamamilə quruyub və şoranlığa çevrilib. Göldəki suyun səviyyəsi isə 1995-ci ildən azalmağa başlayıb. Artıq Urmiya gölünün ərazisi çox kiçilib və 5 adanın ətrafındakı su tamamilə quruyub. Mütəxəssislər duz fırtınalarının baş verəcəyi və insanların sağlamlığına, təsərrüfata xeyli ziyan vuracağı barədə dəfələrlə xəbərdarlıq edib.