Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, gün ərzində tutulacağı, şimal küləyinin arabir güclənəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədovanın Lent.az-a verdiyi məlumata görə, havanın temperaturu gecə 2-4 dərəcə isti, günün birinci yarısında 5-7 dərəcə, axşam 0-2 dərəcə isti təşkil edəcək. Gecəyə doğru yağıntılı olacağı ehtimalı var.
Azərbaycanın rayonlarında bəzi şimal və şərq rayonlarından başlayaraq hava yağıntılı olacaq. Dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq, arabir güclənən qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 1-6 dərəcə, gündüz 8-13 dərəcə, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-6 dərəcə isti olacaq.
ETSN-nın xəbərdarlığına əsasən, yanvarın 25-də hava şəraitinin gün ərzində bəzi şimal rayonlarında, yanvarın 26-da isə əksər rayonlarda arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, havanın temperaturunun ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı enəcəyi ehtimal olunur. Yanvarın 25-də şimal küləyinin arabir güclənəcəyi, qeyri-sabit hava şəraitinin yanvarın 27-si səhərədək davam edəcəyi gözlənilir.