Fevralın 25-də saat 12:00-da Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında Xocalı faciəsinin 22-ci ildönümünə həsr olunmuş “Şəhid şəhər” adlı tədbir-sərgi təşkil olunacaq.
APA-nın məlumatına görə, sərgidə ilk dəfə olaraq 2014-cü ildə muzeyə daxil olunmuş Xocalı faciəsini əks etdirən yeni eksponatlar - triptix “Boşalmış damarlar” (müəllif “Yarat” Müasir İncəsənət məkanının iştirakçısı Mehriban Şəmsəddinskaya), Xocalı faciəsini əks etdirən eskizlər (müəllif rəssam Nazim Məmmədov), Milli Qəhrəmanlar Hikmət Nəzərlinin, Füzuli Rüstəmovun, Tofiq Rüstəmovun şəxsi əşyaları və digər eksponatlar tamaşaçılara təqdim olunacaq.
Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi, Azərbaycanın Milli Qəhrəmanı Füzuli Rüstəmovun bacısı Füqurə Rüstəmova və digər qonaqlar çıxış edəcəklər.