"2007-2015-ci illər üzrə Azərbayan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində 2014-2015-ci tədris ili üzrə xarici ölkələrin universitetlərində təhsil almaq istəyən gənclər üçün sənəd qəbulu başlayır. Lent.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin QHT və KİV-lərlə iş sektorunun müdiri Cəsarət Valehov bildirib. O bildirib ki, xarici ölkələrdə təhsil almaq üçün sənəd qəbulu mayın 20-dən avqustun 8-dək elektron qaydada aparılacaq. Bu barədə namizədlərə müsabiqədən keçmək üçün əlavə məlumatın veriləcəyini deyən C.Valehov qeyd edib ki, müsabiqədə iştirak edənlər elektron qaydada təqdim etdikləri sənədlərin əslini də Təhsil Nazirliyinə təqdim etməli olacaqlar: “Dövlət Proqramının təqaüdçüləri bakalavriat səviyyəsi üzrə təhsil almaq üçün 29, magistratura, doktorantura və rezidentura səviyyəsi üzrə isə 35 yaşadək olan Azərbaycan vətəndaşları sırasından seçilirlər. Bu ildən şəffaflığı təmin etmək məqsədi ilə xaricdə təhsil almaq istəyən iddiaçıların müsabiqəsində audio-video çəkiliş aparılacaq. Bununla da bu prosesin hansı qaydada şəffaf aparıldığı audio-video çəkilişlərlə təsdiq olunacaq”.
Sektor müdiri rezidentura səviyyəsi üzrə bu ildən mövcud olacaq bəzi yenilikləri də açıqlayıb. Azərbaycanda tibb təhsili alan gənclərin çoxunun Almaniyada rezidentura təhsili almaq istədiyini deyən C.Valehovun sözlərinə görə, Almaniyada səhiyyə sahəsində qanunvericilikdə müəyyən dəyişikliklər olduğundan bu ölkədə rezidenturaya qəbul üçün də müəyyən dəyişikliklər var: “Almaniyanın səhiyyə qanunvericiliyində 1 aprel, 2012-ci il tarixli dəyişikliklərlə əlaqədar həmin ölkədə dövlət proqramı çərçivəsində rezidentura səviyyəsi üzrə təhsil almaq üçün yalnız Almaniyada aprobasiya imtahanını müvəffəqiyyətlə vermiş, universitet klinikalarında işçi müqaviləsi imzalamış tələbələrin sənədləri qəbul ediləcək”.