Gənclər üçün Təhsil Mərkəzi Xaçmaz rayonunda 150-dən çox gəncin iştirakı ilə 1-ci intellektual bilik yarışı keçirilib. Lent.az-ın məlumatına görə, yarışın əsas məqsədi gənclərin intellektual səviyyəsinin yüksəlməsinə şərait yaratmaq, istedadlı gəncləri üzə çıxarmaq, onların milli-mənəvi dəyərlərimiz və tariximiz haqqında daha geniş biliklərə sahib olmalarına kömək göstərməkdir.
Zərifə Əliyeva adına liseydə baş tutan açılış mərasimində çıxış edən Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə ölkədə aparılan gənclər siyasətinin hədəflərini, bu siyasətin həyata keçirilməsində gənclər təşkilatlarının və gənclərin fəal şəkildə qoşulduğunu, onların hər tərəfli inkişafı üçün zəruri şəraitin yaradıldığını diqqətə çatdırdı. Bildirilib ki, bugünkü yarışın keçirilməsi, istedadlı gənclərin üzə çıxarılması və onların dəstəklənməsi də məhz dövlətin gənclər siyasətinin əsas tərkib hissəsidir.
Çıxış edən digər rəsmi qonaqlar da keçirilən yarışın əhəmiyyətini qeyd edərək, gənclərimizin yüksək intellektə və biliyə sahib olduğunu diqqətə çatdırıblar. Daha sonra komandaların iştirakı ilə yarış başlayıb.
Yarışın qalibləri Mərkəz tərəfindən mükafatlandırılıb, rayonda fəaliyyət göstərən “Xəmsə” dil kurslarına güzəşt əldə ediblər.