«APA-Holding»in rəhbəri, Mətbuat Şurası İdarə Heyətinin üzvü Vüsalə Mahirqızının Bakı Slavyan Universitetinin jurnalistika fakültəsinin IV kurs tələbələri ilə görüşü təşkil edilib.
APA-nın məlumatına görə, görüş zamanı «Yeni media strategiyası» mövzusunda mühazirə ilə çıxış edən V. Mahirqızı müasir KİV-in qarşısında duran vəzifələr barədə məlumat verib, son illərdə milli mətbuatın inkişafına dövlət dəstəyindən ətraflı danışıb.
«APA-Holding»in fəaliyyəti barədə məlumat verən V. Mahirqızı rəhbərlik etdiyi quruma daxil olan agentliklərin dünyanın eyni profilli bir çox agentlikləri ilə əməkdaşlıq etdiyini, informasiya mübadiləsini genişləndirdiyini qeyd edib. O bildirib ki, holdinqin fəaliyyət istiqamətlərinə informasiya, reklam, rabitə, internet və provayder xidmətləri daxil olduğu üçün peşəkarlıq da günün tələbləri baxımından təkmilləşdirilir.
V. Mahirqızı, həmçinin Azərbaycan mətbuatının keçdiyi inkişaf yolundan, dövlətin azad, müstəqil mətbuatın inkişafı istiqamətində atdığı davamlı addımlardan, müstəqil mətbuatın müasir dövrün tələblərinə yüksək səviyyədə cavab verməsindən danışıb, medianın qarşısında dayanan əsas vəzifənin obyektivlik, operativlik, qərəzsizlik prinsiplərinə əməl etmək olduğunu diqqətə çatdırıb.
Siyasi elmlər üzrə fəlsəfə doktoru, Bakı Slavyan Universitetinin dosenti, Mətbuat Şurası İdarə Heyətinin üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə «APA-Holding»in rəhbəri V. Mahirqızıya təşəkkürünü bildirib, belə mühazirələrin tələbələrin biliklərini artırmalarında əhəmiyyətini qeyd edib.
Diskussiya şəklində davam etdirilən görüşdə tələbələri maraqlandıran suallar cavablandırılıb.