“Bu veriliş üçün Sizlərə təşəkkür edirəm. Yəqin ki, karyeramda yaxşı məqamlardan biridir ki, bu üç sevdiyim jurnalistlə bir yerdəyəm. Açığı, hamının haqqınız vermişəmi deyə özümlə bağlı o qədər yüksək fikirdə deyiləm. APA-nın 9 illiyində bunu etiraf edə bilərəm ki, buradan müəyyən zamanlarda gedən müxtəlif əməkdaşlar hesab ediblər ki, mən onların haqqını verməmişəm, xidmətlərinə görə haqlarını almayıblar, burada tutduqları mövqe onların haqlarından daha aşağıdır. Haradasa da haqlı olublar, amma haqq və bacarıq məsələsi var”. Bu fikirləri APA TV-də yayımlanan “Üç valet” verilişinin qonağı olan “APA Holding”in prezidenti Vüsalə Mahirqızı deyib.
Aparıcılar İlqar Rəsul, İlqar Əlfi və Qabil Abbasoğlunun suallarını cavablandıran Vüsalə Mahirqızı bildirib ki, adamlara bacarıqlarına görə haqq verilməlidir: “Bəzən bəlkə də haqqı olan adamın yerində başqası oturur. Ona görə yəqin ki, müəyyən məqamlarda haqsızlıq edirəm. Bilmirəm, bəlkə yaşın da rolu var bu məsələdə. Məsələn, bu gün artıq beş il əvvəl davrandığım kimi davranmaram. Beş il əvvəl elədiyim səhvləri bu gün görürəm. Niyə? Çünki cəmiyyətdə, yaxud media çevrəsində mənim ədalətli olmağım, insanlara haqqını vermək bacarığım mənim üçün öndədir. Görünür, bu sahədə haqsızlıq o qədərdir ki, loru dildə desək, yağla şorun qiyməti bir-birinə qarışıb deyə, kimsə bir damla fərqli görünəndə deyir ki, bu adam haqqı verəndir. Bu xüsusiyyət isə mənə babamdan gəlir. Babam müəllim idi, o, bütün həyatım boyu saflıq mənasında idealımdır. Sovet müəllimi idi, həyətlərdə nar kolları tutaq ki, 60 olmalı idi, 61-cinin olması mümkün deyildi. Öz həyətimizdə, əmilərimin həyətində bütün kolları dəqiq sayardı. O qədər dəqiq adam idi. O bilsəydi ki, o həyətdə nə isə bir haqsızlıq olub, həmin gün yatmazdı, gərək o ədalətsizlik aradan götürüləydi. Ən ağır ifadəsi o idi ki, sizdən adam olmayacaq, çığırmadan, bağırmadan ədaləti bərpa edərdi. Elə şeylər var ki, sonradan qazanılmır, genetikdir, qandan gəlir. Sonradan pul qazanmaq olar, yaxşı vəzifə qazanmaq olar, ləyaqət isə genetikdir, ailədən gəlir. Buna görə ailəmə və mənə dəstək olan dostlarıma minnətdaram. Hər kəs öz çərçivəsində belə də eləməlidir, belə olmasa, hesab etmirəm ki, cəmiyyət qazanacaq”.
“APA Holding”in prezidenti media məkanında mövcud olan vəziyyəti də dəyərləndirib: “Bu gün media məkanında bir az menecer ola bilirsənsə, layihə edib ortaya qoyursansa, onun udmamaq şansı yoxdur, çünki sahə özü boşdur. Həm də bu, bir az da şansdır. Bu gün hamımız buradayıqsa, burada şans faktoru da var. Mənimlə eyni mərhələdə jurnalistikada xeyli insanlar vardı. Əgər kiminsə mühiti yaxşı oldu, qarşısına yaxşı dostlar çıxdı, bacarığını göstərmək üçün bir meydan yarandısa, o irəli çıxdı. Bu o demək deyil ki, indi həmin insanlardan irəli çıxmayanlar bacarıqsızdır. Xeyr, bəlkə bu şans onlarda olsaydı, daha yaxşı iş qoyardı ortaya. Əsas məsələ kollektivdir, media kollektiv işdir. APA TV ideyası ortaya çıxanda ətrafdan deyirdilər ki, Azərbaycanda internet televiziya ideyası baş tutmayacaq. Bu sözləri bu sahənin inandığım peşəkarları deyirdi və mən özüm hiss edirdim ki, bir az əvvəl yaratsaydıq, tez olardı, bir az sonra gec olacaq, indi əsl məqamıdır. Bəzi şeylər bir az da riskdir. Mən yalnız o layihələrin yaradılmasına gedirəm ki, onların perspektivini və hədəfini görürəm. Bir də əsas məsələ işi aparacaq adamların doğru seçilməsidir. Görünür, bunu düzgün edirəm, işi görən sizlərsiniz”.
Vüsalə Mahirqızı jurnalistikada hamının fəhlə olduğunu deyib: “Jurnalistikada vəzifə yoxdur, hamı fəhlədir. Elə məqam olur ki. sən oturub yazı yazmalısan. Lazım olub əməkdaşlarımız zəng edib deyiblər, onlar üçün sadəcə yığıcılıq etmişəm. Bunu kompleks hesab etməmişəm. İş elə qurulub ki, istənilən biriniz bu işi görə bilərsiniz. Holdinq prezidentliyi olmaya bilər, amma əlimdən qələmi, 50 qəpiklik kağızı heç kim ala bilməz. Sadəcə, istəmirəm ki, xəbər vərdişim itsin. Həm də əməkdaşı iş prosesində tanımaq olur. Onları sizin redaktənizdən keçən yazılarla tanımaq olmaz, onun xam materialına baxanda qabiliyyətini bilmək olur. Gələcəkdə onların içindən vəzifəyə qoyulacaq adamları seçirəm. Sonra yanılmamaq üçün rəhbərlikdən kimsə işə gəlməyəndə bu işi həvəslə görürəm ki, işçilərin istedadına bələd olum”.
Qonaq karyera yoluna da nəzər salıb: “Zirvəyə doğru düz xətlə gedilirdi, mən gəldim, qaydanı pozub, yolun qırağından keçərək gedib zirvədə dayandım. Birinci oldum, ikinci oldum, belə hesab etmirəm. Hesab edirəm ki, bir də gözlərini açıb gördülər zirvədə bir xanım var. Şərq cəmiyyətlərində sıralama ilə getmək qadınlara çətin olur. Görsələr ki, o zirvəyə doğru gedirsən, elə maneələr yaradacaqlar ki, çətin olacaq. Hesab etmirəm ki, bu gün mətbuatda lider olan hansısa kişinin mənimlə problemi var. Onlar da bilirlər ki, bura qədər yolumu halal gəlmişəm. Ən vicdansız adamın içində belə özü ilə tək qalanda duyacağı bir etiraf hissi var. Qadınlar vurmurlar, qışqırarlar, saça əl atarlar. Vurmağı bacaran çox az qadın var. Kişilər getdiyin yolda adamı vura bilərlər. Dünyanın hər yerində qadınlarla bağlı bu problem var. Ona görə gender məsələsi bütün dünyada müzakirə olunur. Bu onu göstərir ki, bütün dünyada bu problem var”.
Vüsalə Mahirqızı hesab edir ki, qadınlar unudulması mümkün olmayan qüvvədir: “Hər bir kişi nə qədər mənəm-mənəm deyir desin, qəlbinin küncündə onu məhz kişi kimi saxlayan bir qadın var. İdarəçilikdə cinsiyyət fərqinin əleyhinəyəm. Getdiyin yola çıxanda qadın olduğunu bilirdim. Mən özüm çıxmışam bu yolla, hətta özüm xahiş edib dəstək almışam. Bilirdim burada adamı şəxsiyyəti ilə, qadınlığı ilə vurarlar, iş saatı, bayramı olmayacaq, evimdən, uşağımdan, bəzəyimdən kəsəcəyəm. İdarəçilikdə çox prinsipial qərarlar verəcəyəm. Hansısa çox qətiyyətli qərar verəndə deyə bilərlər ki, qadının verdiyi qərara bax. Amma mən o qərarı qadın kimi yox, rəhbər kimi verirəm. Qadının qadın olduğu yerlər var, bunun işə heç bir aidiyyəti yoxdur”.
Vüsalə Mahirqızı artıq hər kəsin onun işi hər şeydən üstün tutduğuna öyrəşdiyini deyib: “Mənə münasibətdə yaxınlarım hamısı işimə güzəştə gedirlər. Qızım Sara belə deyir ki, hər yerdə sənin üçün APA önəmlidir. Onun APA-ya qarşı aqressiyası var. Bu da öz seçimimdir. Ailəyə, uşağa ayırdığım vaxt işə ayırdığım vaxt qədər deyil. Ailə quranda elə seçim etmək lazımdır ki, yoldaşın bu seçimlə razılaşsın, çünki sonradan davalar əsasən buna görə olur. Bölgünü bölə bilmirlər. Bizdə hamı bununla razılaşıb. Anamgillə məsafəmiz bir dəqiqəlik yol deyil, amma yalnız həftədə bir dəfə görüşürük. Bilirlər ki, iş başındayam, narahat etmirlər. Hətta kiçik bacım jurnalistikaya gəlmək istəyirdi, anam qoymadı ki, biri bəs edir. Ailəm, həyat yoldaşım, dostlarım bu məsələyə anlayışla yanaşırlar, hələlik problem yaranmır, ümid edirəm ki, yaranmayacaq da. Bu layihə də uğurludur, amma bu layihədə yaxınlarım məni danlayanda susuram, çünki bilirəm ki, haqlıdırlar. Sağ olsunlar, yola verirlər. Rəfiqəm yoxdur, dostlarım var. Yaxın olduğum xanımlar var, amma rəfiqəm yoxdur. Heç vaxt yaxın rəfiqəm olmayıb, ona görə heç xəyanətlə də rastlaşmamışam. Saçdan, makiyajdan, geyimdən danışmağı sevmirəm”.
Vüsalə Mahirqızının fikrincə, yaxşı sevgi yaşamaq yaxşı bir şeydir: “Elə şeylər var ki, danışılanda sehrini itirir. Sosial şəbəkədəki səhifə isə Vüsalənindir, hətta Mahirqızının yox, sadəcə Vüsalənin. Oradan heç kimə heç bir mesaj göndərmirəm, işlə bağlı heç göndərmirəm. Mən ədəbiyyatçıyam, mütaliə edirəm, nə isə xoşuma gələn oxuduğum bir parça olanda paylaşıram ki, gənclər götürsünlər. İçimdə sevgi həsrəti yoxdur, nəyi istəmişəmsə, onu yaşayıram. Yaşaması mümkün olan hissləri yaşamağı bacarmaq lazımdır. Mən sevən adamlara hörmət edirəm. Söhbət özünü artistliyə qoyub bunu camaata göstərənlərdən yox, o hissi doya-doya içində gözəl yaşayanlardan gedir. Sevgi adamı böyüdən, güvənli edən hissdir. Nümayiş olunan sevgi cılızlıqdır. Daxildə yaşanan insanı ucaldır. İçi ilə sevə bilən adamlar başqaları ilə yaşamır, özü ilə, özünü yaşayır. Özü ilə yaşaya bilməyənlər başqalarının dedi-qodusu ilə yaşayacaq, başqalarının çöküşündən zövq alıb yaşayacaq. Cəmiyyətimizdə indi bu tendensiya daha geniş vüsət alıb. Türkiyədə həmkarımız var, sosial şəbəkələr üzrə menecerdir, bir dəfə mənə dedi ki, sosial şəbəkələr Avropada müzakirə yeridir, bəzi Şərq ölkələrində isə daha çox dedi-qodu yeridir. Bizdə insanlar özləri ilə uğraşmağı bacarmır, başqaları ilə uğraşırlar. Avropada da təbəqələşmə var, amma insanlar arasında aqressiya yoxdur. Orada insanlar öz həyat tərzləri ilə razılaşıblar, “olanım budur” deyib rahat yaşayırlar. Bizdə isə başqasının olanı adam üçün dərddir, özünün olmayanı dərd edir. Avropada həsəd mərhələsini keçiblər, cəmiyyət artıq doymuş cəmiyyətdir. Bizim cəmiyyətimizdə sosial ədalət yerinə oturmayıb. Amma çox zəngin təbəqələrdə də bir-biri ilə uğraşırlar. Adam bilir ki, mənim çatdığım mərhələyə gəlib çıxmayacaq, intellekti, səviyyəsi buna imkan verməyəcək, amma yenə uğraşır mənimlə. Mənimlə uğraşınca özü ilə uğraşsa bəlkə yarıma gəlib çıxar, bunu anlamır. Onu uğraşdıran içindəki hansısa mənasız hikkədir. Bu hikkə çoxaldıqca şəxsiyyət problemi yaranır. Həmcinslərimin dedi-qodusundan narahat deyiləm, sadəcə məişət səviyyəsində bir nəsil yetişdirmişik, söhbət budur”.
Vüsalə Mahirqızı sonda hər şeyin yaxşısını APA üçün istədiyini deyib: “Hər şeyin yaxşısını APA üçün istəyirəm. Səbəbini bilmirəm bircə onu bilirəm ki, bu, belədir”.