Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə Kommutator xidmətinə daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2015-ci ilin fevral ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb. Nazirlikdən Lent.az-a verilən məlumata görə, statistikaya əsasən, Telefon Məlumat Mərkəzinə 5649 zəng (2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 8 dəfə çox, 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə isə 1,5 dəfə çox) və Kommutator xidmətinə 3000-ə yaxın zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzində isə 4136 vətəndaşa xidmət göstərilib.
Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. 568 vətəndaş sorğularına uyğun olaraq, elektron qaydada Təhsil Nazirliyinin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb. Vətəndaşların Qəbulu Mərkəzində 1215 sənəd (375 ərizə, 815 məktub, 25 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb.
Daxil olan müraciətlərdə daha çox təhsil sənədlərinin (diplomların) tanınması, ümumi təhsil müəssisələrində şagirdlərin yerdəyişməsi, ali təhsil müəssisələrinə bərpası və köçürülməsi, müəllimlərin yerdəyişməsi və işə qəbulu ilə bağlı məsələlər əksini tapıb.