Soydaşlarımızın məskunlaşdığı dünyanın dörd bir yanında olduğunu kimi, 20 Yanvar qurbanlarının xatirəsini anmaq üçün yanvarın 18-də Azərbaycanın Vaşinqton şəhərindəki Səfirliyində mərasim təşkil olunub.
Lent.az-a Azərbaycanın ABŞ-dakı səfirliyinday daxil olan məlumata əsasən, Qara Yanvar hadisələrinin 23-cü ildönümünü qeyd etmək məqsədilə bir araya gəlmiş mərasim iştirakçıları 1990-cu ilin soyuq yanvar günlərində Bakı, eləcə də ölkəmizin müxtəlif bölgələrində azadlıq və müstəqillik naminə mübarizlik nümayiş etdirmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib, ruhlarının şad olmasını diləyiblər.
Mərasimdə çıxış etmiş Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov 23 il öncə cərəyan etmiş tarixi hadisələrə nəzər salaraq, Sovet imperiyasının süqutunu surətləndirmiş Qara Yanvar faciəsinin milli-mənəvi dirçəlişimiz baxımından daşıdığı əhəmiyyətdən danışmış və həmin günlərdə yaşadığı hissləri bölüşüb. O, bu mənada Moskva şəhərində tələbəçilik illərinə təsadüf etmiş həmin hadisələrin keçmiş SSRİ və eləcə də beynəlxalq ictimaiyyətinin diqqətinə çatdırılması məqsədilə İttifaqın paytaxtında digər soydaşlarımızın səfərbər olunması sahəsində aparılmış fəaliyyətləri xatırlayıb.
Daha sonra tədbirə toplanmış ABŞ-da yaşayan həmvətənlərimiz və ölkəmizə xoş münasibət bəsləyən yerli ictimaiyyətin nümayəndələri qarşısında Azərbaycan diasporunun fəal üzvləri olan Həbib Azərsinan və Qədir Şirəliyev çıxış edərək, müasir tariximizin qanlı, qanlı olduğu qədər də şərəfli səhifəsinə dair fikirlərini bildiriblər və milli həmrəyliyimizin mühüm elementlərindən olan Qara Yanvarın azadlıq və müstəqilliklə köklənmiş mübariz düşüncəmizin formalaşmasında yaratdığı dönüşü vurğulayıblar.
Tədbirin sonunda iştirakçıların həmin günlərə dair xatirələrini yeniləmək üçün 1990-cu ilin yanvarında Bakının küçə və meydanlarında lentə alınmış və Qara Yanvar hadisələrini tarixə həkk etdirmiş fotoşəkillər nümayiş olunub.