Baş nazir Artur Rəsizadə Nazirlər Kabinetinin 2010-cu il tarixli qərarı ilə təsdiq edilmiş "Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları"nda dəyişiklik edilib. Nazirlər Kabinetindən Lent.az-a verilən məlumata görə, dəyişiklik "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" qərarın icrasını təmin etmək məqsədilə qəbul edilib. Dəyişikliyə əsasən, doktoranturaya qəbul olunmuş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər dövlət, bələdiyyə və özəl ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.
Nazirlər Kabinetinin digər qərarına əsasən, rezidenturaya qəbul olunmuş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər də dövlət, bələdiyyə və özəl ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.