Mayın 20-dən dövlət qulluğuna qəbulla bağlı test imtahanları başlayır. Bu barədə Lent.az-a Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan bildirilib. Məlumata görə, aprelin 1, 23 və 30-da Komissiya tərəfindən 87 dövlət orqanında inzibati vəzifələrin beşinci – yeddinci təsnifatlarına uyğun olan 914 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqə elan edilib.
Aprelin 1-də elan edilmiş müsabiqə üzrə qeydiyyat başa çatıb. Aprelin 23-də elan edilmiş müsabiqə üzrə qeydiyyat mayın 22-də, aprelin 30-da elan edilmiş müsabiqə üzrə qeydiyyat isə mayın 29-da başa çatacaq.
İndiyə kimi 4562 (bunlardan 2317 nəfəri 1 aprel tarixdə elan edilmiş müsabiqə üzrə qeydiyyata alınanlardır) namizəd qeydiyyatdan keçib.
Aprelin 1-də elan edilmiş müsabiqə üzrə ən çox namizəd qeydə alınan dövlət orqanları Dövlət Sosial Müdafiə Fondu (793 nəfər), Mədəniyyət və Turizm Nazirliyi (411 nəfər), Qiymətli Kağızlar üzrə Dövlət Komitəsidir (285 nəfər).
Müsabiqənin test imtahanı mərhələsi mayın 20-dən ilk olaraq Dövlət Qulluğu Məsələləri üzrə Komissiya, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi üzrə başlayır. Test imtahanlarının keçirilmə ardıcıllığı ilkin mərhələdə inzibati vəzifələrin 5-6-cı təsnifatları üzrə, sonrakı mərhələdə isə inzibati vəzifələrin 7-ci təsnifatı üzrə nəzərdə tutulub.
Müsabiqənin test imtahanı mərhələsi zamanı namizədlərin Azərbaycan dili, tarixi, coğrafiyası, mədəniyyəti, müasir beynəlxalq münasibətləri (15 test tapşırığı), qanunvericilik sahəsində (40 test tapşırığı), informasiya texnologiyaları sahəsində (15 test tapşırığı), məntiqi düşünmə qabiliyyəti sahəsində (30 test tapşırığı) üzrə bilikləri yoxlanılacaq.
Test imtahanlarının nəticələri imtahan başa çatdıqdan sonra dərhal namizədlərə təqdim ediləcək. Eyni zamanda nəticələr Komissiyasının rəsmi internet saytında yerləşdiriləcək.