Vakant yerlər üzrə müsabiqə və ümumi müsahibə elan edilib. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, oktyabrın 25-də 23 dövlət orqanında 348 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqə və ümumi müsahibə (mərkəzi icra hakimiyyəti və məhkəmə orqanları üzrə) elan olunub. Müsabiqəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən 315-i mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarında, 25-i isə apellyasiya və birinci instansiya məhkəmə orqanlarının aparatlarındadır.
Ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən 6-sı mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarında, 2-si isə ağır cinayətlər məhkəməsindədir.
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə uyğun olaraq, müsabiqəyə çıxarılmış vakant dövlət qulluğu vəzifələrinin tutulma prosesi iki mərhələdən – test imtahanı və müsahibə mərhələlərindən ibarətdir. Müvafiq vəzifənin tələblərinə uyğun gələn, ali təhsilli hər bir Azərbaycan Respublikasının vətəndaşı müsabiqədə iştirak edə bilər. Müsabiqənin test imtahanı mərhələsi zamanı namizədlərin bir sıra sahələr üzrə bilikləri yoxlanılacaq.