Yeni tədqiqat göstərib ki, uşaqlar “intuitiv” fizika biliyi ilə doğulur, çünki onlar fizikanın əsas qanunlarına meydan oxuyan obyektlərə və fəndlərə daha çox diqqət yetirirlər.
Lent.az-ın “azərtaca” istinadən məlumatına görə, bu barədə unitworld.net. saytı məlumat verir.
Araşdırmaçılar müəyyən ediblər ki, yeni doğulmuş körpələr, bir yaşınadək uşaqlar onlara qəribə görünən obyektlərə - divardan keçən və ya gözlə görünən köməkçi vasitələr olmadan havadan asılı qalan obyektlərə maraq göstərirlər.
Nəticələr belə bir fikri təsdiqləyib ki, insanlar hər şeyin necə işləməli olduğu barədə müəyyən baza biliklərlə doğulurlar. Bu biliklər bir növ şablon kimi olur və bunun sayəsində uşaqlar ətraf aləmi dərk etməyə başlayırlar.
Nəticələr çoxdankı belə bir mübahisəyə aydınlıq gətirir ki, ən vacib olan tərbiyə, həyat təcrübəsi, yaxud təbiətin yaratdığıdır. Alimlərin sözlərinə görə, tədqiqatın nəticələrindən aydın olur ki, təbiət və tərbiyə bir-birinin alternativi deyil, bir-biri ilə sıx bağlıdır.
Baltimordakı Cons Hopkins Universitetinin psixoloqu Liza Faygenson belə hesab edir ki, bu tədqiqat uşaqların öz əsas biliklərinə qarşı çıxan hadisələrə təəccüblənməsi ideyasını təsdiqləyir. Onlar bundan ətraf mühit haqqında daha çox məlumat əldə etmək imkanı kimi faydalanırlar.